Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4744/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5000 manat məbləğində əsas borcun və bank uçot dərəcəsi əsas götürülməklə öhdəliyin icrasının (borcun qaytarılmasının) gecikdirildiyi zaman ərzində ödənilməli olan, qanuna əsasən borcun üstünə hesablanmalı 504 manat faizin (5 sentyabr 2019-ci il tarixdən qətnamənin çıxarılacağı günədək), ona məxsus puldan əsassız faydalanmağa görə və ona vurduğu zərərin əvəzi olaraq 504 manat, toplam olaraq 5504 manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödəmiş olduğu 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edərək izahat vermiş, lakin cavabdehin əməlində cinayət tərkibi olmadığına görə, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi barədə qərar çıxarmışdır. İzahatda da qeyd etdiyi kimi 2019-cu ilin sentyabr ayının əvvəllərində ev almaq istəyirdi. Həmin vaxt icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən çay evində olan zaman oğlunun tanışı olan Alik ilə söhbət zamanı bildirmişdir ki, Mehdiabad qəsəbəsində 2 sot torpaq sahəsinin içərisində 3 otaqlı həyət evi var, həmin evi 28000 manata satır. Alikin əsl adı Ağalardır, lakin tanışları ona Alik deyə səslənir. Alik; oğlu Anar ilə uzun müddətdir ki, tanışdır. Həmin vaxt oğlu Anar da yanlarında idi. Alik ilə razılaşmış və 2019-cu ilin sentyabr ayının əvvəllərində oğlu Anar Alik ilə birlikdə gedib həmin evə baxdılar və oğlu evin videosunu da çəkib ona göndərmişdir. Evə baxıb bəyənmiş və həmin gün işlədiyi çay evində oğlu Anar, o və Alik ilə görüşmüşlər. Həmin vaxt beh olaraq 5000 manat sayıb oğlu Anara vermiş, oğluda həmin pulu Alikə vermişdir. Alik həmin vaxt tezliklə sənədləşmə olacağını demişdir. Bir neçə gündən sonra Alik ilə danışdığında o bildirmişdir ki, evin satılması üçün anasının da razılığının tələb olunduğunu, bunun üçün onun da şəxsiyyət vəsiqəsi lazım olduğundan onu düzəldib sənədləşməni edəcəyini bildirmişdir. Bu minvalla Alik təxminən 2 ay vaxtı uzatmışdır. 2019-cu ilin dekabr ayının ortalarında həmin evə baxmaq üçün getdiyində, evin arxa tərəfində olan daş hasarın söküldüyünü görmüşdür. Həmin hasara bitişik olan torpaq sahəsinin sahibini taparaq görüşmüş, söhbət zamanı məlum olmuşdur ki, Alikin atası Seyfəddin həmin şəxsin ərazisinə keçib və aralarında olan razılığa əsasən Seyfəddin həmin şəxsə 3600 pul verməlidir. Lakin həmin pulu vermədiyindən həmin şəxs hasarı sökmüşdür. Bundan sonra oğlu Anara “bu ev mübahisəli evdir, bu evi almayaq, Alikdən ona verdiyi 5000 manatı geri istəyək” demiş, o da Alıkə zəng edib həmin evin mübahisəli olduğunu almaq istəmədiyini və ona verdiyi 5000 manatı geri qaytarmasını demişdir. Alik ona bir nəfər var Rusiyada qalır, həmin şəxslə razılaşdırmışdır, evi 42000 manata almaq istəyir, həmin şəxsə evi satsın, sora pulu verəcəyini demişdir. Bu minvalla Alik vaxtı uzatmışdır. 2020-ci ilin may ayının sonlarında həmin evə baxmaq üçün getmiş və həmin vaxt evdə təmir işlərinin getdiyini görmüşdür. Alikə zəng edib bu barədə bildirmiş və Alik “bilirəm mənim ustalarımdı, həmin o evi almaq istəyən şəxs evin həyətinin təmirini mənə tapşırıb, ona görə həyəti təmir etdirirəm" dedi və buna inanaraq oradan getmişdir. Təxminən bir aydan sonra yenidən həmin evə baxmağa getmiş, bu zaman həmin evdə yaşayış olduğunu görmüş, həmin evdə yaşayan qadına “bu ev mənimdir, siz kimsiniz ?" demişdir. Həmin qadın 2020-ci ilin aprel ayının əvvəllərində bu evi Seyfəddindən aldığını bildirmişdir. Dərhal Alikə zəng edərək bu barədə bildirmiş, Alik ona “ola bilməz, mənim xəbərim yoxdur” demişdir. Alikə "sənin atan ev satır necə sənin xəbərin olmur” demiş, Alik isə evi atasının satdığını, xəbəri olmadığını bildirmişdir. Bundan sonra Alik pandemiya olduğunu iş olmadığını, onun adına kart açıb hissə-hissə həmin karta pulumu yükləyəcəyini demişdir. Onunla razılaşmış, lakin Alik öz dələduz əməllərinə yenidən əməl edərək müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışdır. Sonuncu dəfə 2021-ci ilin may ayının ortalarında Alik ilə dartışıb ondan pulumu istəmiş, Alik isə təkrar olaraq müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışdır. Alikin onu aldadaraq pulu ələ keçirdiyinə tam əmin olub polisə müraciət edərək baş vermiş hadisə barəsində məlumat verərək ərizə ilə müraciət etmişdir. Bütün səylərinə baxmayaraq artıq bir ildən artıqdır ki, borc pulun Cavabdeh tərəfindən geri qaytarılmaması onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nərimanov RPİ-nin 21.06.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, izahatı alınmış cavabdeh X3 izahatında bildirmişdir ki, Nəsrəddin 5000 manat pulu sayıb Anara vermiş, Anar da pulu ona vermişdir. “AZEMİS” X2 görünürki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. 26.08.2021-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı aldığı 5000 manat pulu, 10.09.2021-ci il tarixdə 1500 manatın, qalan 3500 manatı isə hər ay 500 manat olmaqla qaytaracağını qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək, mənzil satmaq adı ilə sonuncunun 5000 manat pulunu almış və müxtəlif bəhanələr gətirərək evi satmaqdan və ya pulu qaytarmaqdan boyun qaçırçışdır. Həmçinin cavabdeh 21.06.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-də verdiyi izahatdə və 26.08.2021-ci il tarixli iltizamda iddiaçıya 5000 manat verməli olduğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddianın vurulmuş 5000 manat real zərər hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia həmin hissədə tam sübut olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə iddianın öhdəliyin icrasının gecikdirildiyinə görə ödənilməli olan bank uçot dərəcəsi tətbiq edilməklə cavabdehdən tutulması ilə bağlı nəticəyə gəlimişdir ki, 5000 manat əsassız olaraq cavabdehdə saxlandığından bank uçot dərəcəsi 5 faiz tətbiq edilməklə 2019-cu ilin sentyabr ayından ödəniş edilməmiş hazırki günlərin sayına (758 gün) uyğun olaraq ( (5000/100x5 fazi (illik) =250 manat; 250 manat (illik) /365=0,68 manat (1 gün üçün); 0,68 manat x 758 gün = 515,44 manat) ) 504 manat hissədə iddia əsaslıdır və təmin olunmalıdır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı Cavabdeh tərəfindən tələb etdiyi məbləğin 5504 manat məbləğində pul məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan qeyd edilən pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5504 (beş min beş yüz dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4744/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4744/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver