Məhkəmə qərarları › İş №2(005)-4836/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4836/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4836/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə əsas bocun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh1 qarşı kredit üzrə əsas bocun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0050211-F saylı Kredit və BK- 00015709 saylı Zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 4418,30 manat, faiz borcu üzrə 79,77 manat olmaqla cəmi 4498,07 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə BOKT "xxxx" MMC-nin Bakı Filialı arasında 19.12.2019-cu il tarixli. L-BK-0050211-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3cü bəndlərinə əsasən borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 4421,76 manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə BK-00015709 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 3,46 manat, faiz borcu üzrə 11,54 manat olmaqla, cəmi 15.00 manat məbləğində pul ödənilmişdir. Hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 4418,30 manat, faiz borcu üzrə 79,77 manat olmaqla, cəmi 4498,07 manat məbləğində kredit borcu var. Cavabdehlə təşkilat arasında bağlarmış kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən kredit üzrə ödənişlər razılaşdırılmış cədvələ uyğun ödənilmədikdə kreditor müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Təşkilatla borclunun zamini arasında bağlanmış BK-00015709 Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər Həmin müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə vermişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə mülki işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmiş və bu barədə ərizəsini təqdim etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilmiş, lakin “bu ünvanda” yaşamır poçt qeydi ilə bildiriş geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci və 238.2-ci maddələrinə əsasən məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2019-cu il tarixli L-BK- 0050211-F nömrəli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən müqaviləyə Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə qalıq məbləğini ödəməsi məqsədi ilə 4421,76 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş Ödəniş Cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kredit illik faiz dərəcəsi 1% olmaqla 60 ay (12 ay möhlətlə) müddətinə verilir. BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 19.12.2019-cu il tarixli BK- 00015709 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. BOKT "xxxx" MMC-nin 16.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC-yə 4418,30 manat əsas, 79,77 manat faiz borcu olmaqla, cəmi 4498,07 manat məbləğində borcu vardır. BOKT "xxxx" MMC-nin cavabdehlərə ünvanlanmış 06.09.2021-ci il tarixli bildirişin surətindən görünür ki, kredit və zaminlik müqaviləsi üzrə üzərilərinə düşən öhdəliklərin 5 iş günü ərzində icra olunması xahiş olunmuş, əks təqdirdə təşkilat olaraq barələrində məhkəmə qarşısında iddia qaldırılacağını, kredit və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsi tələb olunacağı barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslərəlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2019-cu il tarixli L-BK-0050211-F saylı kredit müqaviləsinə əsasən isə 60 ay (12 ay möhlətlə) müddətinə illik 1 faiz dərəcəsi ilə 4421,76 manat kredit verilmişdir. Lakin Cavabdeh1 öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmişlər, iddiaçı BOKT "xxxx" MMC-nə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə də, Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidilər. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qiyabi qaydada təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMC-nin xeyrinə L-BK-0050211-F saylı kredit müqaviləsinə əsasən 4418,30 manat əsas, 79,77 manat faiz, cəmi 4498,07 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238-244-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə iddiaçı BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0050211-F saylı, 19.12.2019-cu il tarixli kredit müqaviləsi və Cavabdeh2 Fidudin oğlu ilə iddiaçı BOKT "xxxx" MMC arasında bağlanmış BK-00015709 saylı, 19.12.2019-cu il tarixli zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19.12.2019-cu il tarixli, L-BK-0050211-F saylı kredit müqaviləsi üzrə əsas borca görə 4418,30 manat, faiz borcuna görə 79,77 manat olmaqla, cəmi 4498,07 (dörd min dörd yüz doxsan səkkiz manat 07 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar