Məhkəmə qərarları › İş №2(005)-491/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-491/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-491/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 9000 (doqquz min) manat ziyan pulu tutularaq alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 31 dekabr 2016-cı il _ tarixdə 2017-ci il mövsümü üzrə xam pambığın alqı satqısına dair Kürdəmir rayonunda ********* saylı müqavilə bağlamışdır. Bununla əlaqədar Kürdəmir rayonu, Karrar kəndi ərazisində 30 hektar pambıq əkmiş, Pambıq bar verən zaman sovkanın bar orqanlarını zədələdiyini görmüş və dərhal “MKT- Kürdəmir” filialına məlumat vermiş, oradan Qaraoğlan adında aqronom gəlib həmin sahəyə baxdı, həqiqətən ziyanvercilərin pambığın barını necə zədələdiyini görmüş və sovkanın məhv etmək üçün lazımı dərmanları və texnikanı göndərmişdir. O gecə ilə lazımı dərmanlamanı həyata keçirmiş, lakin bunun bir xeyri olmamışdır. Vəziyyət daha da ağırlaşdığı üçün yenidən o, həmin müəssisəyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu minvalla o, 3 dəfə pambıq sahəsini dərmanlamış, lakin müsbət nəticəsi olmamışdır. Nəhayət, o yenidən Qaraoğlan müəllimi həmin sahəyə dəvət etmiş, və ona haqlı olaraq irad tutdmuşdur ki, əgər bu dərmanların keyfiyyəti zəif idisə niyə ona verirdiniz? O cavabında bildiridi ki, onlara rəhbərlik bu dərmanları verir. O, ona demişdir ki, onda baş vermiş hadisə ilə əlaqədar akt tərtib edək, ziyanı müəyyənləşdirək. O akt tərtib etməkdən imtina etmiş və göstərçişdir ki, akt tərtib etməyə rəhbərlik onlara icazə vermir. O, naəlac qalıb Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət etmişdir. Həmin idarənin, Kürdəmir rayon Bitki mühafizəsinin, Karrrar kənd İƏDnin nümayəndəsinin və Karrar bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə pambıq sahəsinə baxış keçirilmiş və ona dəyən ziyan 9000 (doqquz min) manat müəyyən olunmuş və bu barədə 10 iyul 20217-ci il tarixli Akt tərtib olunmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh MMC dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə 9000 (doqquz min) manat ziyanı bu günə qədər ödəməyərək ona ziyan vurmuşdur. Aşağıda qeyd edilən hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh onunla 31 dekabr 2016-cı il tarixdə ********* saylı müqavilə bağlayıb. Həmin müqavilənin 4.5-ci bəndində göstərilir ki, “Gözlənilməyən hər hansı bir hadisə üzündən “Təsərrüfatın” öhdəliyinin yerinə yetirilməsinə problem yaranarsa, “Təsərrüfat” həmin gün “Tədarükçü” ilə əlaqə saxlamalı və bu barədə ona məlumat verməlidir ”. Göstərilən bəndin tələblərinə tərəfimdən riayət edilmiş, başqa sözlə desək “həyəcan təbili” yuxarıda qeyd etdiyim kimi cavabdehə çatdırılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəmənin hazırlıq iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, 16 dekabr 2021-ci il tarixli ərizə ilə iddiaçı tərəfindən tələb etmə hüququ üçün müəyyən edilmiş müddət keçdiyindən iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə tərəflər arasında mülki hüquq münasibətləri 2017-ci il tarixində yarandığı üçün və iddiaçı tərəfindən hüququn müdafiəsi müddət keçdiyini nəzərə alaraq hazırki iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Balə ki, iş materiallarında olan 2017-ci il tarixli müqavilədən görünür ki, "Təsərrüfat" öz mülkiyyətində olan 5.48 ha torpağı girov qoyaraq (girov haqqında sənəd əlavə olunur) 30,00 ha sahədə pambıq əkir və hər hektardan 20 sentnerdən az olmumaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükü üzrə təlimatın tələblərinə əsasən Azərbaycan Elmi - X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və " Tədarükçüdə saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə "Alıcı’ nın mülkiyyətinə təhvil verilir. Təsərrüfatın təhvil verəcəyi xam-pambığın nəmliyinin və zibilliliyinin yuxarı həddi aşağıda qeyd edilən noramlardan az olmamalıdır . 1-ci növ nəmlik-9.0% zibillik-3.0%. 2-ci növ nəmlik 10.0% zibillik-5.0%. 3-cü növ nəmlik 11.0% zibillik-8.0%, 4- növ nəmlik -13.0% zibillik 16.0%. Tədarükçü, "Təsərrüfat"ın gətirdiyi xam-pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul edir və onun kondisi kütləsinin dəyərini "Alıcı" tərəfindən müqavilədə müəyyən edilmiş qaydada “Təsərrüfat"a ödənilməsini təmin edir; İş materiallarında olan 10.07.207-ci il tarixli aktdan görünür ki, Kürdəmir rayonun Garis-Əyribənd kənd sakini pambıq istehsalçısı İddiaçı tərtib olunur bu akt ondan ötrü ki, icarəçi İddiaçı şifahi müraciət edib pambığa sovkanın vurduğu ziyanı müəyyənləşdirmək üçün Rayon Kənd Təsərrüfatı İdarəsindən mütəxəssis göndərilməsini xahiş edir. Odur ki, komissiya İddiaçı 30 ha pambıq sahəsində oldu.İddiaçı alqı-atqı müqaviləsi əsasında MKT Saatlı Pambıq ASC ilə 30 ha pambıq səpini barədə icarə müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə uyğıın pambıq sahəsində becərmə tədbirləri aparılsada pambıq üçün ən qorxulu ziyanverici hesab olunan sovkka bar orqanlarının zədələyib yerə tökmüşdür. Bu barədə dələlərlə MKT Kürdəmir Pambıq ASC rəhbərliyinə və mütəxəssislərinə məlumat versədə tədbir görülməmişdir. Onlar komissiya üzvləri və mütəxəsislər pambığa baxış keçirib müəyyən etmişdir ki, MKT Kürdəmir Pambıq ASC-nin mütəxəssislərin səhlənkarlığı ucbatından pambıq sovkasının yumurta və süfrə fazaları müşahidəsi vaxtında təyin edilməyib və kimyəvi mübarizə aparılmayıb. Kimyəvi mübarizə sovkatın tırtıl fazasında aparılsada o da sovkanı məhv edə bilməyib. Bununda nəticəsində pambıq kolunun hər birindən 10-14 ədəd bar orqanı məhv olmuşdur. Nəticədə icarəçi İddiaçı hər hektar üçün 6-8 sentner məhsul itkisi və ya 15-20 ton məhsul deməkdir. İddiaçı dəymiş (18 ton x 0.50) 9000 (doqquz min) manat zivan MKT Saatlı Pambıq ASC nin hesabına silinməlidir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsini 28.08.2020-ci il tarixli, 2-2(113)-836/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 3438 manat əsas borc, 500 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 12,7 manat olmaqla,cəmi 3950,7 manat məbləğində pul Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan prenetenziya məktubundan görünür ki, İddiaçı CavabdehMMC, “MKT-Kürdəmir”Filialı və X4 hesabına ödənilməsini 7 gün ərzində təmin edilməsini, əks halda məhkəməyə müraciət edəcəyi ilə bağlı cavabdehə məlumat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə məhkəmədə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh ilə 31 dekabr 2016-cı il tarixdə 2017-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair Kürdəmir rayonunda ********* saylı müqavilə bağlanılmışdır. İddiaçı iddia edir ki, Kürdəmir rayonu, Karrar kəndi ərazisində 30 hektar pambıq əkmiş, Pambıq bar verən zaman sovka pambığın bar orqanlarını zədələmiş və iddiaçıya maddi zərər dəymişdir. Bununla əlaqədar olaraq ona dəyən ziyan 9000 (doqquz min) manat müəyyən olunmuş və bu barədə 10 iyul 20217-ci il tarixli Akt tərtib olunmuşdur. O, cavabdehdən həmin zərərin ödənilməsini tələb edir, cavabdeh isə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərilir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq 2017-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair müqavilə tərəflər arasında 31.12.2016-cı il tarixdə bağlanılmışdır. Lakin iddiaçı məhkəməyə 26.11.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək, qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar