Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-496/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “yeni müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiq edilməsi və onun “MuğanBank'’ ASC-yə olan borcunun həqiqi məbləği müəyyən edilərək, onunla yeni kredit müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixində 6000 ABŞ dolları məbləğində pulun götürülməsi barədə Cavabdeh ASC-nin İnvest filialından 48 ay müddətinə illik 29%-lə kredit götürmüş, həmin kreditin müəyyən hissəsini ödəmişdir. Dolların məzənnəsi dəfələrlə qalxdığına görə ödəmədə müəyyən problemli kreditlərin genişləndiyi bir vaxtda ödənişlərin həyata keçirilməsində problemlər ortaya çıxmışdır. xx.xx.2016-cı il tarixində Cavabdeh ASC ilə onun arasında yeni müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ona 7404 manat məbləğində kredit verilmişdir.2015-ci ilin aprel ayından etibarən ümumilikdə 6.000 ABŞ Dolları məbləğində pul ödəmişdir. Lakin həm özünün, həm də ailə üzvlərinin xəstəliyi ilə əlaqədar maddi vəziyyətində problemlər yaranmış ona görə də həmin kredit müqaviləsi üzrə ödənişləri tam şəkildə icra edə bilməmişdir. Bankın iddiasına görə onun bugünkü günə 6.000 manat məbləğində borcu vardır. Lakin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il fevral ayının 28-də fərman imzaladı. Həmin Fərmanın icrası ilə əlaqədar ona 3018 manat məbləğində kompensasiyanın ödənilməsi hesablanmış və bu kompensasiyanın onun borclu olduğu Cavabdeh ASC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin bank tərəfindən əsassız olaraq həmin 3018 manat məbləğində kompensasiya Azərbaycan manatının ABŞ dollarına olan hazırki kursu ilə hesablanmış və bununla da həm yuxarıda adı göstərilən Fərman, həm də onun hüquqları pozulmuşdur. Eyni zamanda ona bu Fərmanın icrası ilə əlaqədar kompensasiya verilsə də, onun barəsində həmin Fərman tam şəkildə icra olunmamış və güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanmamışdır. Həmçinin onun Cavabdeh ASC-yə olan borcunun həqiqi məbləği müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh ASC lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 aprel 2015-ci il tarixli, № 28-xx-xx-017709 saylı kredit müqaviləsinə və həmin müqaviləyə 1 Saylı Əlavəyə əsasən Cavabdeh ASC İddiaçı illik 29 %, 48 ay müddətinə olmaqla 21 aprel 2019-cu il tarinədək 6000 (altı min) ABŞ Dolları məbləğində kredit vermişdir. 19 oktyabr 2016-cı il tarixli, № 28-xx-xx-071915 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh ASC İddiaçı illik 29 % , 60 ay müddətinə olmaqla 19 oktyabr 2021-ci il tarixinədək 7404 (yeddi min dörd yüz dörd) məbləğində kredit verməyi öhdəsinə götürür. Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 dekabr 2019-cu il tarixli №********** nömrəli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında imzalanmış kredit müqaviləsi Fərmanın əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması nəticəsində İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına cəmi 3018.43 manat məbləğində kompensasiya ayrılmışdır; İddiaçının 01 mart 2019-cu il tarixinə sözügedən bank qarşısında mövcud olan qalıq 8551.25 manat məbləğindəki kredit borcu illik faiz dərəcəsi 1 % faiz olmaqla 5 il müddətinə restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli Problemli kreditlərin kompensasiyası haqqında Elektron informasiya sistemindən çıxarışa əsasən İddiaçı 3018.43 manat kompensasiya verilmişdir. AR Mərkəzi Bankının 27 noyabr 2020-ci il tarixli , № 26-17696-2020 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən ödənişlər Xəzər Rayon Məhkəməsinin 4 iyul 2017-ci il tarixli, 2(003)-3115/2017 saylı qətnaməsinin qüvvəyə minməsindən əvvəl icra edilmişdir. AR Mərkəzi Bankının 17 sentyabr 2021-ci il tarixli 26-11593-2021 saylı məktubuna əsasən iddiaçı tərəfindən mübahisələndirilən məsələylə bağlı məhkəmə qərarı mövcud olduğundan hər hansı münasibət bildirilməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, № 9/6128 saylı ekspert rəyinə əsasən, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə hal-hazırki vəziyyətə qalan borcun məbləğini və eyni zamanda həmin müqavilələr üzrə artıq ödənişlərin edilibedilmədiyini mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli kredit müqavilələri bağlanmışdır. İddiaçı iddia tələbində cavabdeh "xxxx" ASC-nin üzərinə onunla yeni müqavilənin bağlanması öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının bu tələbini aşağıdakı əsaslara görə əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. İddiaçı cavabdeh "xxxx" ASC ilə irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi tərəfləri «müqavilə azadlığı» prinsipinə ziddir. Belə ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli Plenumunun Qərarında qeyd olunur ki, müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Çünki tərəflər arasında bağlanmış kredit müqaviləsi mövcud olmuş, hazırda iddiaçının müəyyən etdiyi şərtlərlə yeni müqavilənin bağlanmasına cavabdehin məcbur edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, bu tələb əsassızdır, təmin oluna bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh ASC-yə qarşı “yeni müqavilənin bağlanması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iddia ərizəsi rədd olunduğundan məhkəmə ekspertiza xərci olaraq 20 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “yeni müqavilənin bağlanması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 20 (iyirmi) manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-496/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-496/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver