Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-498/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.800 manat əsas borcun və məhkəmə rüsumu olaraq ödənilmiş 144 manat pulun iş üzrə Cavabdeh alınaraq iddiaçıya İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 17.800 manat əsas borcun və məhkəmə rüsumu olaraq ödənilmiş 144 manat pulun, 220 manat vəkil bürsouna ödədiyi pulun iş üzrə Cavabdeh alınaraq iddiaçıya İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı 2022-ci ildə oğlu Cavabdeh onun öz xahişi ilə 27.800 (iyirmi yeddi min səkkiz yüz) manat borc vermişdir. Sahib borca pul götürəndə ona vəd vermişdi ki, ondan götürdüyü bütün borcunu tez bir müddət ərzində qaytaracaqdır. Həmin borcu o Sahibə hazırda yaşadığı ünvanda, yəni- Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan ermişdir. Sahib ondan götürdüyü 27.800 borcundan 10.000 AZN-nin 28 aprel 2023-cü ildə ona qaytardı. Borcundan qalan 17.800AZN-İ də tez bir müddət ərzində qaytaracağını vəd etdi. Həmin vaxtdan 5 ay keçməsinə baxmayaraq Sahib yerdə qalan 17.800 AZN borcundan heç bir ödəniş etməmişdir. Borcu gecikdirdiyini görəndə o ondan pulu tələb etməyə başladı. O artıq borcu qaytarmamaq üçün yalandan, müxtəlif bəhanələrlə ondan uzaq durmağa, telefon zənglərinə cavab verməməyə və borcunu verməmək üçün müxtəlif şər və böhtan xarekterli sözlər danışmağa başladı. Nəhayət ondan borcunu tələb etməsin deyə telefonunu belə bloka atmışdır. Hazırda o onunla heç cür əlaqə saxlaya bilmir. Halbuki onun ona borclu qaldığına dair aralarında yazılı müqavilə var. Hansı ki həmin müqavilədə onun ona 17.800 AZN borclu qaldığı öz təsdiqini tapır. Üstəlik hər ikisi aralarında tərtib edilmiş həmin müqaviləni öz imzaları ilə təsdiq etmişdirlər. Bu müqavilə ilə yanaşı ona 17.800 AZN borclu qaldığına dair əvvəllər oğlu Sahiblə aralarında dəfələrlə whatsapp danışıqları olub ki, həmin danışıqlarında onun ona verdiyi borc və onun ona borclu qaldığı etiraf olunur. Hətta əvvəllər notariusa gedib orada həmin 17.800 manat borca dair müqavilə bağlamağı özü təklif etsə də, sonradan o fikrindən də daşındı. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahat verərək, bildirmişdir ki, onun saxta müqavilədən xəbəri olmamışdır. İddiaçı öz istəyi ilə ona hissə hisə borc vermişdir. Həmin borcların cəmi 17800 manat təşkil edir. İddiaçıda olan psixoloji problemlərə görə aralarında yaranan münaqişədə ona dedi ki, borc kimi verdiyi pulu dərhal ona qaytarsın. O isə onu sakitləşdirib bildirdi ki, bankdan kredit götürüb onun pulunu qaytaracaq. Yaranan münaqişədən təxmini 20 gün sonra xx.xx.2023-cü il tarixində "xxxx"dan 17000 manat kredit götürmüşdür. O banka getmək üçün işlədiyi yerdən 2 saatlıq icazə almışdır. Daha sonra həmin 17000 manat pulu sayaraq iddiaçıya vermişdir. Qalan 800 manat pulu isə maaş alanda verəcəyini bildirmiş daha sonra isə gedib yatmışdır. O yuxuda olan zaman anası yuxudan oyadaraq bildirmişdir ki, kağızı imzala ki, borcunu qaytarmısan. O yuxulu halda anasının dediyi yeri imzalamışdır. O pulu ödədikdən 10 gün sonra anası münaqişə zamanı ona yenidən 17800 manat pulu geri qaytarmalı olduğunu bildirmişdir. Bundan sonra mənə qeyd edilən kağızı göstərmiş və bildirmişdir ki, nəyi imzaladığını gör və bundan sonra onun evini və maşınını əlindən alacaqdır. O “Whatsapp” yazışmalarında borcu olduğunu anası ona və qardaşlarına şər atdığı üçün anasının borc məbləğini daha da şişirtməsindən qorxduğu üçün məcbur olub etiraf etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları olan: - 28 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 27800 manat olan borcdan 10000 manat ödədiyini, 17800 manat borcu qaldığını öz imzası ilə təsdiq etmişdir. -28 aprel 2023-cü il tarixli, 035/FV-KM-0523 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 17000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 6 saylı Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülmüşdür. - İddiaçının vəkili tərəfindən məhkəmə iclasında təqdim edilmiş video diskdə əks edilmiş fayllardan (“Whatsapp” yazışmaları (smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi)) görünür ki, Cavabdeh həmin günün 14 may olduğunu, onun 13 may tarixindən etibarən anası ilə yaşamadığını evdən çıxdığını, onun anasına borcunun nə qədər qaldığını ona deməsini, onun bildiyi qədərilə 17800 manat borcu qaldığını bildirmişdir. Anası İddiaçı isə cavab olaraq, cavabdehin ona 17800 manat borcu qaldığını, bu barədə kağıza yazdığını, Cavabdehda imzaladığını, həmin pulu ayın axırına qədər verməli olduğunu bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər qohumluq münasibətindədirlər. Cavabdeh qəbz imzalayaraq, 27800 manat olan borcdan 10000 manat ödədiyini, 17800 manat borcu qaldığını öz imzası ilə təsdiq etmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək, 17800 manat borcun ona qaytarılmasını xahiş edir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarııınnnda əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, yazılı qəbzlə yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs və videoyazıları sübut qismində dəyərləndirilə bilər. Beləliklə, aşağıdakılar hazırkı işin mübahisəsiz halıdır: 1.Tərəflər arasında borc münasibətlərinin olması; 2.Borcun təsdiqinə dair 28 aprel 2023-cü il tarixli qəbzin Cavabdeh tərəfindən imzalanması; 3.Borcun məbləğinin 17800 manat olması Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisələndirilən yeganə məsələ borcun qaytarılıb-qaytarılmaması ilə bağlıdır. İddiaçı cavabdehin ona 17800 manat borcu olduğunu bildirir, bunun təsdiqinə dair 28 aprel 2023-cü il tarixli qəbzi məhkəməyə təqdim edir. Cavabdeh tərəflər arasında borc münasibətlərinin olmasını, 28 aprel 2023-cü il tarixli yazılı sübutdakı imzanın cavabdehə məxsus olmasını təsdiq etməklə yanaşı borcun onun tərəfindən qaytarıldığını bununla bağlı "xxxx" ASC-dən 17000 manat kredit götürdüyünü qeyd etsə də, o borcun tam şəkildə qaytarılması ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia ərizəsinə etiraz olaraq bildirdiyi hallarla bağlı qeyd edir ki, cavabdeh həmin qəbzi yuxulu halda imzaladığını, həmçinin borcu ödədiyini bildirir. Lakin məhkəmə iclasında hakim cavabdehə etirazlarını sübut etmək üçün şahid dəvət edilməsini, və ya hər hansı digər sübutun təqdim olunması üçün məhkəmə iclasının təxirə salınmasını təklif etsə də, cavabdeh dediyi halları təsdiq edəcək sübut təqdim edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir Borcun etirafı barədə ərizənin məzmunu ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Beləliklə, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin növü olan borc və borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 220 (iki yüz iyirmi) manat məbləğində pulun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 6 saylı Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, 220 manat pulun ödənilməsi ağlabatandır və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malikdir. Bu səbəbdən də iddia tələbi bu hissədə də təmin edilməli, vəkilə ödənilmiş 220 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 17800 manat borc, ödənilmiş 144 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 220 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-498/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-498/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver