Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-50/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X12, X7 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyətində olan “Mercedes Benz E240” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 11250 manat, hüquqi xidmət üçün ödənilmiş 320 manat, dövlət rüsumu kimi ödənilmiş 123.75 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 Cavabdeh MMC-də sürücü vəzifəsində işləməklə Cavabdeh MMC tərəfindən 307 №-li, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə verilmiş “Yol Vərəqəsi” əsasında 02 oktyabr 2022-ci ildə saat 08:20 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 4,2-ci kilometrliyində idarə etdiyi Cavabdeh MMC-yə məxsus “X16 FE” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə, mülkiyətində olan, etibarnamə əsasında X12 tərəfindən idarə olunan “Mercedes Benz E240” minik markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vuraraq, X10 “az ağır” dərəcəli bədən xəsarətləri yetirmiş, mülkiyyətində olan avtomobili isə yararsız hala salmışdır. Yasamal Rayon Məhkəməsinin 1(104)-107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqları üçün X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Baş vermiş avto-qəza nəticəsində mülkiyyətində olan, “Mercedes Benz E 240” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız hala düşdüyü üçün onun təmiri rentabelli hesab olunmur. Belə ki, nəqliyyat vasitəsinin hazırda orta bazar qiyməti təxminən 18-19 min manat civarındadır. Nəqliyyat vasitəsinin təmirinə isə təxminən 21.000 manatadək vəsait tələb olunur. İş üzrə cavabdeh hüquqi şəxs öz işçisinin vurduğu zərəri ödəməyə borcludur. Bu barədə cavabdehə rəsmi məktubla müraciət etsə də, cavabdehin müraciətinə ümumiyyətlə cavab verməmişdir. Bu səbəbdən əmlakına dəyən zərərin əvəzinin məhkəmə qaydasında ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır. Baş vermiş avto-qəza ilə bağlı nəqliyyat vasitəsinə dəyən zərərdən 4250 manat hissəsini sığorta qarşılamışdır. Nəqliyyat vasitəsini isə 2500 manata metal kimi satmışdır. Bununla da dəyəri 18.000 manat olan əmlakına 11250 manat zərər dəymişdir. Cavabdeh MMC iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, Cavabdeh MMC “X16 Fe” yük markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortasını etdirmişdir. Hadisə zamanı həmin sığorta qüvvədə olmuşdur. Sığorta hadisəsi nəticəsində sığorta təşkilatı tərəfindən ‘'X16 Fe” yük markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə və avtomobil yolunun orta ayrıcındakı dəmir çəpərə dəymiş ümumi zərərin məbləği 7148 manat müəyyən edilmişdir. Sığorta hadisəsi nəticəsində ödənilməli sığorta ödənişinin maksimum məbləğinin 5000 manat olduğunu nəzərə alaraq, sığorta təşkilatı nəqliyyat vasitəsinin faktiki mülkiyyətçisinə avtomobilə dəyən zərər üçün 4357,5, dəmir çəpərə dəymiş zərərə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 642,5. Bununla yanaşı, sığorta təşkilatı X1 dəyən zərərə görə ona 1500 manat sığorta ödənişi etmişdir. Hadisə nəticəsində “X16 Fe” yük markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin sığorta təşkilatı tərəfindən qarşılanmayan hissəsinin kompensasiyası məqsədilə sürücü X8 tərəfindən X10 3300 manat pul ödənilmişdir. Bunun müqabilində X12 Bakı şəhəri 28 saylı notariat ofisinə yaxınlaşaraq, X7 tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsi, heç bir iddia və tələbinin olmaması və gələcəkdə də olmayacağı barədə ərizə yazmışdır. “X16 Fe” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı baş etibarnamə əsasında X10 faktiki olaraq satılmışdır. Həmin nəqliyyat vasitəsinin de-fakto mülkiyyətçisi X12 olmuşdur. Belə ki, nəqliyyat vasitəsinə dəyən zərərlə bağlı sığorta ödənişini və X7 tərəfindən edilən ödənişi şəxsən o qəbul etmişdir. “X16 Fe” yük markalı **- JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərlə bağlı "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli arayışında qeyd olunur ki, avtomobil təmirə tam yararsızdır. Həmin MMC-nin həmin tarixli digər arayışından aydın olur ki, nəqliyyat vasitəsinə dəymiş zərər 16550 manat təşkil edir. Həmin məbləğə aşağıdakı təmir xərclərinin daxil olduğu qeyd olunmuşdur: Rəngsaz - 3000 manat, Tənəkəçi - 4000 manat, Elektrik - 400 manat, Çilingər-400 manat və s. Göründüyü kimi MMC bir arayışında avtomobilin təmirə yararsız olduğunu bildirsə də, digər arayışında təmir xərclərini qeyd etmişdir. Bu primitiv uyğunsuzluqdan aydın olur ki, "xxxx" MMC tərəfindən bu arayışlar formal olaraq, həqiqi məlumatlara əsaslanmadan pul qarşılığında verilmişdir. Hadisədən sonra “X16 Fe” yük markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin metal kimi 2500 manata satılması həqiqəti əks etdirmir. Belə ki, hadisədən sonra sürücü X7 həmin vəziyyətdə nəqliyyat vasitəsini 6500 manata almaq istəyən real alıcı barədə X10 məlumat versə də, o nəqliyyat vasitəsini bu qiymətə satmağa razı olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən bildirirlər ki, hadisə nəticəsində “X16 Fe” yük markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər sürücü X7 tərəfindən tam olaraq, hətta artıqlaması ilə qarşılanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, X3 idarə etdiyi Cavabdeh MMC-yə aid olan nəqliyyat vasitəsi ilə iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Sonuncu təqdim edilən ekspert rəyi ilə razıdırlar. Cavabdeh qurum nəqliyyat vasitəsinin sahibi kimi cavabdehlik daşımalı və dəymiş zərəri ödəməlidir. Cavabdehin üçüncü şəxsə, yəni yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə edən şəxsə ödədikləri məbləğ onun sağlamlığına vurulmuş zərərlərlə əlaqədardır. Onlara yalnız sığorta şirkəti tərəfindən 4200 manata yaxın pul ödənilmişdir. Maşının üçüncü şəxsə etibarnamə ilə satılması barədə cavabdehin etirazı isə həqiqəti əks etdirmir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X11 bildirmişdir ki, nəqliyyat vasitəsi İddiaçı tərəfindən üçüncü şəxs olan Raminə satılıb. Nəqliyyat vasitəsinin faktiki mülkiyyətçisi Ramin Kərimov olub. Maşına dəyən ziyana görə sığorta ödənişini alması bir daha Ramin bəyi maşının faktiki mülkiyyətçisi olaraq göstərir. Evakuatorun sürücüsü tərəfindən Raminə dəyən zərərə görə 3300 manat pul ödənilib. Bununla əlaqədar da notariusda heç bir zərərin olmaması ilə bağlı notarial təsdiqli ərizə yazılıb. Həmin pul nəqliyyat vasitəsinə dəyən zərərə görə ödənilib. Sağlamlıqla bağlı icbari sığorta tərəfindən ona 1500 manat pul ödənilib. Şəxs notariusda yazdığı ərizədə konkret olaraq göstərir ki, ona dəyən bütün zərər tam şəkildə ödənilmişdir və heç bir tələbi yoxdur. 4357 manat sığorta şirkəti tərəfindən, 3330 manat isə onlar tərəfindən ödənilmişdir. Həmin məbləğlər dəymiş zərərdən çıxılmalıdır. İddianın qalan hissədə təmin olunmasına isə etirazları yoxdur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 bildirmişdir ki, sağlamlığına dəyən zərərə görə 1500 manat sığorta ödənişi almışdır, lakin onun qolundakı tək milin qiyməti 1800 manatdır. O hələ də qolunu tam şəkildə hərəkət etdirə bilmir. Bundan əlavə, o, 4 ay işə çıxa bilməmişdir. Xəstəxanayla bağlı digər xərcləri və işə çıxmadığı müddətdə ailəsinin gündəlik xərclərini 1500 manat qarşılaya bilməzdi. Cinayət işi məhkəmədə olan zaman, o cavabdehin sürücüsünun müharibə iştirakçısı olmasını nəzərə alaraq tutulmasını istəməyib, buna görə də şikayətinin olmaması ilə bağlı notariusda ərizə yazıb. Ümumilikdə 6 ay ərzində həmin şəxs tərəfindən ona səhhətinə vurulmuş zərərə görə 3300 manat pul ödənilib. Maşının mülkiyyətçisi İddiaçıdur. Avtomobili o, etibarnamə əsasında idarə etmişdir. Etibarnaməsi olduğu üçün sığorta şirkətinin verdiyi 4357 manat pul isə onun iştirakı ilə götürülüb. İddianın təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz minik” markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır; - "xxxx" MMC-nin xx.xx.2002-ci il tarixli qüsur aktından görünür ki, avtomobili etibarnamə ilə idarə edən X12 “Mercedes-Benz” markalı, 2003-cü il buraxılışlı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə dayanan zaman digər avtomaşın ona çırpılmış və avtomaşın deformasiyaya uğrayaraq ehtiyyat hissələri tam yararsız hala düşmüşdür. Avtomobilə baxış zamanı ehtiyyat hissələrinin çoxu yararsızdır və hal-hazırda avtomobil təmirə tam yararsız haldadır. Avtomobilin bazar qiyməti 18-19 min manat arasıdır; - "xxxx" ASC-nin hesablama aktının təsdiq edilmiş surətindən görünür ki, X10 məxsus “Mitsubishi digər X19” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 7148 manat xərc hesablanmışdır; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-JP-*** dövlət qeydiyyat nişanlı, “X17 FE” markalı nəqliyyat vasitəsi "xxxx" MMC-nin adına qeydə alınmışdır; - 22-04424/12/AA-3159/22/1 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə dəymiş zərərə görə faydalı şəxs X10 hesablanmış sığorta ödənişi 4357,5 manat təşkil etmiş və ona ödənilmişdir; - Səhiyyə Nazirliyinin Ambulator Kitabçasından xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X9 müştərək travma, baş beynin əzilməsi kimi sağlamlıq problemləri yaranmışdır; - X6 xx.xx.2023-cü il tarixli notarial təsdiq edilmiş ərizəsindən görünür ki, o bildrimişdir ki, X7 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır; - Yasamal Rayon Məhkəməsinin 1(104)-107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, qəbul edilmiş qərarın surətinin X3 inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi, X3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış X3 idarə etdiyi X16 Fe markalı, **-JP-*** dövlət nömrə nişanlı avtomobil və X6 idarə etdiyi Mercedes Benz E240 markalı, **-FR-*** dövlət nömrə nişanlı avtomobil sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6686 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiq edilən 2013-cü il buraxılışlı “X16 FE” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 9300,0 (15500,0 m - 40%) manat müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8363 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 15850,00 manat ((14700+17000):2=15850) olmuş avtomobilin təmirinə 21097,69 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 15850,00 manat olmuş 2003-cü il buraxılışlı “Mercedes Benz E240” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 11095,00 (15850-30%) manat müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh MMC-yə məxsus, sürücüsü tərəfindən idarə olunan “X16 Fe” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında X6 idarə etdiyi park halında olan “Mercedes Benz E240” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş, nəticədə İddiaçı məxsus “Mercedes Benz E240” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə zərər dəymişdir. Sığortaçı tərəfindən dəymiş zərərə görə iddiaçıya 4357,50 manat pul ödənilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdehin sürücüsü X3 təqsirli olduğu qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir və bu hal işin mübahisələndirilməyən halıdır. Yol-nəqliyyat hadisəsi zamanı həmçinin iddiaçıya məxsus nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kərimov Raminin sağlamlığına zərər dəymişdir. Sağlamlığına vurulmuş zərərə görə icbari sığorta ödənişi olaraq 1500 manat pul ödənilmişdir. Həmçinin cinayət işi məhkəmədə gedən zaman Kərimov Ramin notariusda ərizə yazaraq X7 tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir iddia və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Hər iki tərəfin izahatına əsasən X7 tərəfindən X10 ümumilikdə 3300 manat pul ödənilmişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərə görə sığorta ödənişi çıxıldıqdan sonra qalan məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə şirkətin sürücüsü tərəfindən maşının faktiki mülkiyyətçisi olan üçüncü şəxs Kərimov Raminə 3300 manat pulun ödənildiyinə, onun isə notarial qaydada heç bir tələbinin olmadığına dair ərizə verdiyinə istinad edərək iddiaya etiraz edir. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət müəyyən edən 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir (bəzi hallar istisna təşkil edir). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 etibarnamə əsasında idarə etdiyi iddiaçıya məxsus nəqliyyat vasitəsi dayandırılmış vəziyyətdə olarkən, sürücü X3 yol vərəqəsi əsasında idarə etdiyi cavabdeh quruma məxsus olan nəqliyyat vasitəsi tərəfindən arxa hissədən vurulmaqla, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə maddi zərər və sürücünün sağlamlığına zərər dəymişdir. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh təşkilatın sürücüsü X3 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Digər tərəfdən həmin nəqliyyat vasitəsinin cavabdeh MMC-yə məxsus olması və hadisəni törətmiş sürücünün həmin müəssisənin işçisi olması iş materiallarında mövcud olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yol vərəqi və digər sübutlarla təsdiq olunmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun....İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmə qeyd olunanlara əsaslanaraq və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, işçisi X2 olduğu zərərə görə avtomobilin qanuni sahibi olan Cavabdeh MMC Mülki Məcəllənin 1099 və 1108.1-ci maddələrinə uyğun olaraq məsuliyyət daşıyır və iddiaçı nəqliyyat vasitəsinə vurulmuş zərəri cavabdehdən tələb etməkdə haqlıdır. Tələb edilən ziyanın məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ziyanın məbləği 11095 manat olaraq müəyyən edilmişdir. Məhkəmə cavabdehin sığortaçısı tərəfindən 4357,5 manat pulun ödənilməsini nəzərə alaraq, cavabdehdən dəymiş zərərə görə 6737,5 manat pulun tutulmalı olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, hadisə baş verən zaman nəqliyyat vasitəsinin etibarnamə üzrə Kərimov Ramin tərəfindən idarə edilməsi onun mülkiyyətçi olduğu anlamına gəlmir. Belə ki, Mülki Məcəllənin etibarnamənin anlayışını müəyyən edən 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Hazırki iş üzrə etibarnamə verilməsi həmin avtomobilin satılmasını təsdiq edən mötəbər sübut kimi çıxış edə bilməz. Məlum olduğu kimi, etibarnamə əmlaka dair mülkiyyət hüququnu təsbit etməməklə, yalnız təmsilçilik məqsədi daşıyır. Etibarnamə etibar edilənə hər hansı mülkiyyət hüququ vermir. Cavabdeh şirkətin sürücüsü tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitəsini idarə edən sürücüyə ödənilmiş 3300 manat pulun maşına dəymiş zərərə görə ödənilməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hallar ağlabatan olmamaqla iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi, yol-nəqliyyat hadisəsi nəticəsində X10 qapalı kəllə beyin travması, baş beyin əzilməsi, subaraxnoidal qansızma, sol bazu sümüyünün aşağı 1/3-nin yerdəyişmiş qapalı sınığı, sol təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və dərialtı hematoması və sol baldırın səthi əzilmiş yarası xəsarətləri yetirilməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 bildirdiyinə görə qolu sındığından 4 ay əmək qabiliyyətini itirmişdir. İcbari sığorta ödənişi olaraq sağlamlığına vurulmuş zərərə görə cəmi 1500 manat pulun ödənildiyi (qanunvericiliyin tələbinə əsasən, az ağır xəsarətə görə sığorta məbləğinin 30 faizi qismində ödənilir), sağlamlığa vurulmuş zərərin dərəcəsinin az ağır olduğu nəzərə alınarsa, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs tərəfindən sağlamlığına vurulmuş zərər ödənilmədən heç bir şikayətinin olmaması barədə ərizə yazması ağlabatan deyildir. Bu baxımdan məhkəmə təqsirkar sürücünün ödədiyi 3300 manat məbləğində pulu zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərərə görə ödənilmiş məbləğ kimi qəbul edir. Hər bir halda cavabdeh tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Mercedes Benz E240” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 6737,5 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hüquqi yardım üçün ödənilmiş 320 manat pulun cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırki mülki iş üzrə isə iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən vurulmuş maddi zərərə görə 6737,5 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 123,75 manat pulun 74 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.Həmçinin məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat pul Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş maddi zərərə görə 6737,5 (altı min yeddi yüz otuz yeddi manat, əlli qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 123,75 manat pulun 74 (yetmiş dörd) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-50/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-50/2025
02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver