Məhkəmə qərarları › İş №2(005)-5007/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5007/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5007/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, üçüncü şəxslər X6 və 23 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2005-ci il tarixdə 40-01 149 nömrali alqı-satqı müqaviləsinin, Cavabdeh2 ilə Cavabdeh1 Müzəflər oğlu arasında Cavabdeh3 bağlanmış 04.04.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 13 saylı evin qarşısında yerləşən ümümi sahəsi 0,055 ha torpaq sahəsinə dair verilmiş hazırda qüvvədə olan çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil 01.12.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, X16 ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2005-ci il tarixdə 40-01 149 nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh2 ilə Cavabdeh1 Müzəflər oğlu arasında Cavabdeh3 bağlanmış 19.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 13 saylı evin qarşısında yerləşən ümümi sahəsi 0,055 ha torpaq sahəsinə dair verilmiş hazırda qüvvədə olan çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 13 saylı evin qarşısında yerləşən ümümi sahəsi 0.055 ha torpaq sahəsi mərhum anası X14, onun və X4 mülkiyyətində olmuşdur. Qeyd olunan torpaq sahəsi Nizami rayon İcra Hakimiyyətinin 1 aprel 1998-ci il tarixdə anası X15 və ailənin digər üzvlərinə verilməsinə dair 245 saylı sərəncam verilmişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, anası onun məlumatı olmadan sözügedən torpaq sahəsini ehtiyaclarını ödəmək məqsədi ilə satmışdır. Buna görə də anası ilə Cavabdeh2 arasında 09 iyun 2005-ci il tarixdə 40-01 149 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Daha sonra həmin torpaq sahəsinin Cavabdeh2 digər Cavabdeh1 satılmasına dair 42 sayli Notariat Kontorunda 04.04.2013-cü il tarixli, alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, yuxarıda qeyd olunan əmlak onların ümümi birgə mülkiyyəti olmasına baxmayaraq həmin əmlakın satılması zamanı onun razılığı olmamışdır. Notarius onun iştirakı olmadan mülkiyyətində olan əmlakın satılmasına dair alqı-satqı müqaviləsini təsdiq etmişdir. Bununla da alqı-satqı müqaviləsi bağlanan zaman mülki qanunvericilikdə əqdlərlə bağlı olan normaların tələblərini kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, anası X16 ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2005-ci il tarixdə 40-01/149 nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmalı bu müqavilə etibarsız hesab olunduğu üçün sözügedən torpaq sahəsi ilə bağlı bundan sonra aparılmış bütün hərəkətlər etibarsız hesab olunmalı və torpaq sahəsinə dair verilmiş faktiki qüvvədə olan çıxarış ləğv olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edib iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı qardaşıdır. Hazırkı iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Alqı-satqı müqavilələri bağlanarkən qardaşı iştirak etməmiş və onun razılığı alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə və üçüncü şəxs 23 saylı Notariat Kontoruna qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X16, İddiaçı və X2 rayon İcra Hakimiyyəti Başçısının01.04.1998-ci il tarixli 245 saylı Sərəncamı ilə 0,055 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətlərinə verilmişdir. X9 ilə alıcı- Cavabdeh2 arasında bağlanmış AN-İ ******* №-li 09.06.2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şöbəsi tərəfindən tərəfindən 27.05.05-ci il tarixdə verilmiş 9014 nömrəli arayışa əsasən Bakı şəhəri Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 13 saylı evin qarşısında yerləşən 0,055 (sıfır tam mində əlli beş) hektar torpaq sahəsini Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri, N.Abdullayev küçəsi, ev 13-də yaşayan X3 09.04.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X14 adına olan Bakı şəhəri, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 13-də yerləşən 550 kv.m torpaq sahəsinin satılmasına razıdır. Bakı şəhəri 23 saylı Notariat Kontoruna Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 13-də yaşayan Qönçə Ələsgər qızının 08.05.2005-ci il tarixli ərizəsindən görünür ki, o-Qönçə Əliəsgər qızı ona məxsus Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 13-ün həyətində yerləşən 0,055 hektar torpaq sahəsini X1. Oğlu İddiaçı Moskva şəhərində olduğu üçün razılığını yazılı şəkildə verə bilmir. O, həmin məsələni oğlu İsmayılla o burada olarkən tam razılaşdırmışdır. Onun heç bir etirazı yoxdur. Əgər gələcəkdə İsmayıl bu barədə iddia qaldırarsa onun bütün məsuliyyətini öz üzərinə götürür. Satıcı Cavabdeh2 ilə alıcı- Cavabdeh1 arasında bağlanmış AN-İ ******* №-li 19.01.2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şöbəsi tərəfindən tərəfindən 18.01.2006-cı il tarixdə verilmiş 11602 nömrəli arayışa əsasən Bakı şəhəri Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 13 saylı evin qarşısında yerləşən 0,055 (sıfır tam mində əlli beş) hekjar torpaq sahəsini Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh2 Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontorunun 09.06.2005-ci il tarixli 4Ə/1-149 saylı alqı-satqı müqaviləsi ilə 0,055 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətlərinə verilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 13 saylı evin qarşısında yerləşən ümümi sahəsi 0.055 ha torpaq sahəsinin iddiaçının anası, mərhum X15 və ailənin digər üzvlərinə verilməsinə dair Nizami rayon İcra Hakimiyyəti tərəfindən 1 aprel 1998-ci il tarixdə 245 saylı sərəncam verilmişdir. Qeyd edilən torpaq sahəsi X16 tərəfindən 09 iyun 2005-ci il tarixdə Cavabdeh2, daha sonra isə sonuncu tərəfindən 19.12.2006-cı il tarixdə Cavabdeh1 Müzəflər oğluna satılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, qeyd edilən alqı-satqı müqavilələrinin onun razılığı alınmadan bağlanmasını nəzərə alaraq etibarsız hesab edilməsini və müqavilələr əsasında verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Əqdi bağlayan şəxsin əqdi bağlamağa məcburetmə əsasında bağanmış əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün əqdin zorakılıq və ya hədələmə şəraitində məcburi şəkildə bağlanılması tələb olunur və belə əqdin bağlanması nəticəsində şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz həqiqi və hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Etibarsızlığı mübahisələndirilən alqı-satqı müqavilələri 09 iyun 2005-ci il və 19.12.2006-cı il tarixlərdə bağlanmış, müqavilələrin bağlandığı tarixdən 16 ilə yaxın müddət keçmiş, bu müddət ərzində iddiaçı tərəfindən müqavilələrin etibarsızlığı mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə İddiaçı tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməlidir. İddia ərizəsinin “çıxarışın ləğvi” tələbi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, iddia tələbi “çıxarışın ləğvi” hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, üçüncü şəxslər X6 və 23 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, üçüncü şəxslər X6 və 23 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar