Məhkəmə qərarları › İş №2(005)-502/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-502/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-502/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100000 ABŞ dolları borc və ödənilmiş 460 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 50000 ABŞ dolları məbləğində borc verməyi, cavabdeh isə həmin məbləği 10.10.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh aldığı borcdan heç bir məbləğ geri qaytarmamışdır. Bundan başqa cavabdehə 50000 ABŞ dolları məbləğində borc pul əlavə vermişdir. Bu pulu verməyinə cavabdehin və onun uşaqları şahid olmuşdur. Cavabdehlə yaxın dost münasibətləri olduğu üçün ona etibar edərək, bu pulları vermişdir. Ümumilikdə cavabdehin ona 100000 ABŞ dolları məbləğində borcu var. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, həqiqətən də iddiaçıdan notarial qaydada 50000 ABŞ dolları borc almış və hazırda həmin məbləğ tərəfindən faiz üstə gəlməklə qaytarılmışdır. İddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 10.10.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh müqavilənin 1-ci bəndinə əsasən 50000 ABŞ dolları məbləğində pulu borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti, 10.10.2020-ci il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İddiaçı Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, ödəməli olduğu 100000 ABŞ dolları məbləğində pul vəsaitini 10 gün müddətində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı aldığı məbləğin qarşılığında öhdəliyini icra etməmişdir və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Göründüyü kimi, İddiaçı tərəfindən 100000 ABŞ dolları məbləğində pul Cavabdeh tələb edilir. Qeyd edilən məbləğin notarial qaydada verilmiş 50000 AŞB dolları məbləğində pul vəsaiti məhkəmə araşdırması zamanı sübutlarla əksini tapmış, lakin iddiaçının ərizəsində qeyd etdiyi sonradan verilmiş 50000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Odur ki, iddia sonradan borc verilmiş 50000 ABŞ dolları hissəsində təmin edilməməlidir. Cavabdeh etiraz ərizəsində notarial qaydada 50000 ABŞ dolları məbləğində vəsaitini aldığını etiraf etmiş, lakin həmin pulu qaytardığını qeyd etsə də, tərəfindən pul məbləğinin qaytarılmasına dair sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq 230 manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 10.10.2017-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 50000 ABŞ dolları əsas borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq 230 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 10.10.2017-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 50000 (əlli min) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə manatla) əsas borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq 230 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar