Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5077/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ailəsinə vurulmuş 98.000 (doxsan səkkiz min) manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 il ərzində özəlləşdirmə çeklərinin qanunla istənilən müəssisəyə qoyub müəssisə gəlirindən pay sahibi olmaq hüququ Dövlət Neft Şirkəti tərəfindən pozulmuşdur. Özəlləşdirmə çeklərini Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrdən birinə qoymaq üçün vaxtında Dövlət Neft Şirkətinin Prezidentinə, Prezident Aparatına və Nazirlər Kabinetinə etmiş olduğu çoxsaylı müraciətləri nəticəsiz olmuşdur. Müraciət etdiyi dövlət orqanlarının hər birində bir neçə dövlət məmurunun hər birinə 300 dəfədən artıq müraciəti nəticəsində 1500-dən çox ərizənin kompüterdə yazdırılması üçün, azı 5-6 min arayışların kserokopiyalarının çıxarılması üçün maddi ziyan çəkmiş, ərizələrin paylanılması üçün nəqliyyat xərcləri ödəmiş, 300 gün vaxt itkisinə məruz qalmış, həm də mənəvi ziyan vurulmuşdur. Bütün maddi, mənəvi, izafi çəkmiş olduğu ziyanlara görə 20.000 manat kompensasiya tələb etməyə haqqı vardır. 4 nəfər ailə üzvlərinin özəlləşdirmə çeklərinə görə hər bir çekdə 4 özəlləşdirmə payı və hər paya görə illik 300 manat, toplam 48.000 manat divident gəlirdən məhrum olunmuş, həm bu məbləğ, həm də bundan sonrakı müddət üçün də bu dividentdən məhrum olduğuna görə özəlləşdirmə çeklərinin dəyərinin yarısı qədər - 30.000 manat, toplam 78.000 manat kompensasiya ödənilməlidir. 30 il ərzində etmiş olduğu çoxsaylı müraciətlərdən ancaq birinə 2018-ci ildə Dövlət Neft Şirkəti tərəfindən cavab verilmişdir. Həmin cavabda göstərilir ki, Dövlət Neft Şirkətinin tabeliyində olan və özəlləşdirilməyə çıxarılan müəssisələrin siyahısı Dövlət Əmlak Komitəsinə verilmişdir, ora müraciət etməsi məsləhət görülmüşdür. Yeganə gecikdirilmiş cavab özəlləşdirmə çeklərindən istifadə müddəti bitdikdən sonra verilmişdir. Dövlət Əmlak Komitəsi müəssisələrin özəlləşdirilməsini həyata keçirir, özəlləşdirmə çeklərini qəbul etmir, özəlləşdirmə çekləri ancaq müəssisələrə qoyula bilər. Hüquqlarının pozulması nəticəsində toplam 98.000 manat iddiaçıya maddi ziyan vurulmuşdur. Vurulmuş bu ziyanın məbləği Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən, cavabdeh Dövlət Neft Şirkəti tərəfindən ödənilməlidir. İddiaçı məhkəmə iclasında izahat verərək, iddia tələbini müdafiə etdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbininin əsassız olduğunu bildirdi və rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 13.09.2019-cu il tarixli, 01/1113 №-li məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetindən Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizənizə aidiyyəti üzrə Komitə tərkibində fəaliyyət göstərən xüsusi komissiyada baxılmışdır. Bildirilir ki, Ermənistandan olan qaçqınların daimi məskunlaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 nömrəli "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərmanının icrası başa çatdığından sizin məcburi köçkün ailələri üçün inşa olunmuş qəsəbələrdə mənzillə təmin olunmağınız imkan xaricindədir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müraciətə baxılmasının nəticəsi haqqında məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" 22 mart 2001-ci il tarixli 651 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həmin Sərəncamın əlavəsində göstərilən müəssisə və təşkilatların qanunvericiliklə müəyyən edilmiş qaydada səhmdar cəmiyyətlərinə çevrilməsinin və özəlləşdirilməsinin təmin edilməsi tapşırılmışdır. Odur ki, qeyd olunan məsələ ilə bağlı dövlət əmlakının özəlləşdirilməsi sahəsində dövlət siyasətini həyata keçirən dövlət qurumuna müraciət etməyi tövsiyə olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-673/2021 nömrəli 19 mart 2021-ci il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.05.2021-ci il tarixli, 2(103)- 4920/2021 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-673/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır; Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ailəsinə vurulmuş 98.000 (doxsan səkkiz min) manat ziyanın ödənilməsini tələb edir. İddiaçı tərəf Dövlət Neft Şirkəti tərəfindən onun hüquqları pozulduğundan dəfələrlə müraciət, ərizələr yazdığı üçün ona zərər verilmasını bildirsə də, bu hallarda bağlı məhkəməyə sübut təqdim etməmişdir. İş materialları və tərəflərin izahatı ilə iddiaçıya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən zərər vurulması öz təsdiqini tapmamışdır. Əksinə, məhkəmə iclasında cavabdeh tərəf iddiaçıya zərər vurulmadığını, onun tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulmadığını, iddiaçının müraciətlərinə müvafiq cavab verildiyini bildirmişdirr. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyanın cavabdeh tərəfindən törədilməsi, həmin zərərin məhz 98.000 (doxsan səkkiz min) manat olmasına dair iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Buna görə də iddia rədd edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar qanunla maddi ziyan vurulmasının əsası kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçı ona verilmiş maddi ziyanın ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, göstərilən zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirə bilmədi. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” arəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyində, habelə iddiaçıyp maddi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, iddia tələbi də əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rəadd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü maddi ziyanın ödənilməsi barədə tələbləri əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-5077/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5077/2021
14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver