Məhkəmə qərarları › İş №2(005)-51/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-51/2024

29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-51/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129A, mənzil 9 ünvanında yerləşən mənzildən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129A, mənzil 7 ünvanında yerləşən mənzilə su axıdılması nəticəsində vurulmuş maddi ziyanının əvəzi olaraq 10853,1 manat məbləğində pul vəsaitinin, "xxxx" MMC-yə ödənilmiş 300 manat pul vəsaitinin, işin məhkəməyə verilməsinə görə ödənilmiş 124 manat dövlət rüsumunun, ümumilikdə 11277,10 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 240881 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129 A, mənzil 7 ünvanında yerləşən 3 otaqlı, 86,3 kv.m ərazisi olan mənzil onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu barədə 160 saylı reyestr kitabında 24389 səhifəsində 30/24389 sayla xx.xx.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********03 saylı arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129 a, mənzil 9 Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129 a, mənzil 9 ünvanından ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129 a, mənzil 7 ünvanına su axıdılması nəticəsində mənzilinə xeyli miqdarda ziyan dəymişdir. Cavabdeh məxsus mənzil ona məxsus mənzilin üst mərtəbəsində yerləşir. Mənzilinə su axıdılması nəticəsində evinin divarları, tavanı, döşəməsi sıradan çıxmış və yenidən təmirə ehtiyac vardır. Nəticədə ona 11277,10 manat zərər dəymişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı ilə münasibətləri yaxşı olub. Bu hadisəyə qədər aralarında heç bir narazılıq olmayıb. Hadisə təsadüfən baş verib. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə keçən gecə mənzildə olmamışdırlar. Gecə suyun təzyiqi kəskin yüksəldiyindən, mətbəxdəki köhnə boru partlayıb. Həmin gün oğlu Rafiqlə bağda olublar. Gecələr oğlu telefonu söndürmür. Həmin gecə saat 4-5 radələrində oğlunun mobil telefonuna zəng edərək hadisə barədə məlumat verdilər. Oğlu dərhal evə gedərək suyu sayğacdan bağlayıb. Sonra mənzilə daxil olub, üzrxahlıq edib. Həmin vaxt mətbəxin divarı 4-5 m2, tavanında 1 m2, dəhlizin divarında 2 m2 və otağın divarında 2-3 m2 sahə islanmış olub. Döşəmədə isə heç bir problem olmayıb. Döşəmə köhnə, mənzil orta təmirli olub. Oğlu təklif edib ki, ziyan dəymiş sahələri təmir etdirsin. Bildirib ki, eyni divar kağızı tapılmazsa, divarın kağızını tamamilə dəyişəcək. İddiaçı razılaşmayıb. Sonradan oğlu usta gətirib və iddiaçının iştirakı ilə mənzilə baxış keçiriblər. X1 bildirib ki, təmir xərcləri 1500-200 manat civarındadılr. İddiaçı bununla razılaşmayıb. Mütəxəssis rəyi hadisədən bir ay sonra alınıb. Mütəxəssis mənzilə baxış keçirərkən onlar iştirak etməmişdirlər. Obyektivlik naminə iddiaçı onları da dəvət etməliydi. Ola bilsin ki, iddiaçı ondan əlavə vəsait almaq məqsədilə mənzilə ziyan vursun. Əks təqdirdə, onları dəvət edər və mütəxəssislə birlikdə onlar da iştirak edərdilər. Ərizədə mübahisələndirilməyən yeganə fakt onun ehtiyatsızlığı nəticəsində mənzilə ziyan dəyməsidir. Dəymiş ziyanın əvəzinə iddiaçıya 2000 manat vəsait ödəməyə hazırdır. Mütəxəssis rəyinə etiraz edir. Mütəxəssis öz və iddiaçının maraqlarından çıxış edərək onun iştirakını təmin etməmiş və dəymiş ziyanın məbləğini dəfələrlə artırmışdır. Beləliklə o, iddia tələbinin qismən, 2000 manat ödənilməsinə dair hissədə təmin edilərək, qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, onlara ekspert rəyində göstərilənlərdən əlavə təqdim etdikləri mütəxəssis rəyinə uyğun olaraq əşyaların yuyulması, daşınması, kirayə qalmaları ilə bağlı zərər də dəymişdir. Bu səbəbdən iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 iddia tələbi ilə qismən razı olduqlarını, dəymiş zərərə görə 2000 manat məbləğində pul ödəməyə hazır olduqlarını, ekspert rəyində göstərilmiş məbləğin həddindən artıq şişirdilmiş olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -ÖM seriyalı, 240881 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi 129a saylı evin 86,3 kv.m. yaşayış sahəsindən ibarət üç otaqlı 7 saylı mənzili İddiaçı adına xx.xx.2006-cı il tarixdə rəsmiləşdirilmişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129a ünvanında yerləşən 9 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ƏEM/İ 53-460/22 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129a, mənzil 7 ünvanına dəymiş zərərin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə alınmaqla 10.853,1 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manatdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5970 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 7 saylı mənzilin binanın 5-ci mərtəbəsində, cavabdehə məxsus 9 saylı mənzilin isə binanın 6-cı mərtəbəsində yerləşdiyini, 7 saylı mənzilin yaşayış otaqları, dəhliz və mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 129A saylı evin 7 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 9 saylı mənzildən su axıdılığı və nəticədə 7 saylı mənzilin yaşayış otaqları, dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunur. Qeyd olunur ki, 9 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin mətbəx və sanitar qovşağı tikililəri təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 7 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 7 saylı mənzilə su sızması 9 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 9 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı Şəhəri Nərimanov rayonu X7 küçəsində yerləşən 129A saylı evin 7 saylı mənzilində su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 6055 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza xərci 50 manat təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/5978-9/6169 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 129A saylı evin 7 saylı mənzilin giriş-(koridor) hissəsində və 1 otaqda olan və su axması nəticəsində mebel-şkaf təmir olunduğundan dəymiş ziyanın dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Baxış zamanı 7 saylı mənzilin Zal otağında və yaşayış otaqlarında quraşdırılmış 2 ədəd qapının düzgün bağlanmadığı və qapının əyildiyi müşahidə olunmuşdur. Qeyd olunur ki, həmin qapıların əsaslı təmiri üçün nə qədər vəsait tələb olunmasını müəyyən etmək tikinti-texniki ekspertinin xüsusi biliyinə aid deyildir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli ekspert rəyində görüləcək işlərin həcmi (mənzilə baxış keçirməklə müəyyən edilə bilməzsə fotoşəkillər əsasında) və vurulmuş zərərin miqdarının düzgün hesablandığı müəyyən olunur. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 129 A, mənzil 7 ünvanında yerləşən 3 otaqlı, 86,3 kv.m sahəsi olan mənzilə Cavabdeh mülkiyyətində olan həmin ünvanda yerləşən 9 saylı mənzildən su axıdılması nəticəsində ziyan dəymişdir. Hazırda iddiaçı mənzilinə su axıdılması nəticəsində evinin divarları, tavanı, döşəməsinin sıradan çıxması və yenidən təmirə ehtiyac olmasına əsaslanaraq, ona dəymiş zərərin əvəzi olaraq cəmi 11277,10 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Hazırki iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097, 1111.2 və 1115-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evindən olduğu müəyyən edilir və bu zaman konkret texniki səbəbin nə olduğu əhəmiyyətli deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 6055 manat təşkil etdyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 6055 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilməlidir ki, iddiaçı tərəf qiymətləndirmə rəyinə əsaslanaraq təmir müddətində əlavə mənzildə qalmaq üçün kirayə haqqı, mənzilin giriş (koridor) hissəsində və 1 otaqda olan mebel-şkafının bərpası, yenidən yığılması, təmiri və s. ağac materialından olan daxili qapıların bərpası, xüsusilə qoşa qapının əsaslı təmiri, islanmış xalçaların yuma şirkətinə verilməsi və digər xərclərin olduğunu bildirərək toplamda 10853,1 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etsə də, ekspert rəyində göstərilən məbləğdən daha artıq məbləğin tutulmalı olmasını, həmin məbləğdən artıq zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə iddiaçı qiymətləndirmə rəyi təqdim etsə də, həmin rəydə qeyd edilmiş halların məhz cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən baş verdiyini, su axıntısı ilə göstərilən ziyanın baş verməsində səbəbli əlaqənin olduğunu, onun tərəfindən müvafiq xərclərin çəkildiyini (kirayədə qalma və s.) sübuta yetirə bilməmişdir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Məhkəmə vurğulayır ki, iddiaçının qeyd edilən tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının "xxxx" MMC-yə qiymətləndirmə xərci olaraq ödənilmiş 300 manat pul vəsaitinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc çəkilməsi zəruri olan xərc hesab edilə bilməz. Belə ki, iddiaçı müvafiq zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən ekspertizalar təyin edilmiş, həmin ekspert rəyinə uyğun olaraq da hesablanmış zərər cavabdehdən tutulmuşdur. Qiymətləndirmə rəyində göstərilən zərərin vurulması ilə bağlı isə zəruri mötəbər sübutlar təqdim edilmədiyindən həmin məbləğin tutulması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə qiymətləndirmə xərcinin cavabdehdən tutulmasını məqsədə müvafiq hesab etmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyana görə 6055 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 125 manat pulun 80,55 manatı, cəmi 6135,55 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 6055 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 125 manat pulun 80,55 manatı, cəmi 6135,55 (altı min yüz otuz beş manat, əlli beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar