Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-510/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5000 manat məbləğində pul və iddianın verilməsi üçün ödənilmiş 70 manat məbləğində rüsumun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 44-cü blokunun 10-cu mərtəbəsində yerləşən 2 otaqlı 38 nömrəli mənzilə dair onunla “X1" Açıq Səhmdar Cəmiyyəti arasında 25 fevral 2009-cu il tarixdə 405 №-li müqavilə bağlanmışdır. Müqavilə üzrə mənzilin razılaşdırılmış dəyəri - 55600 manat məbləğində pul tərəfindən “X1" ASC-yə ödənilmişdir. Lakin müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq “X1" Açıq Səhmdar Cəmiyyəti, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, mənzili ona təhvil verməmişdir. Bu səbəbdən o, “müqavilənin ləğv edilməsi və pul tələbi barədə” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2117/2011 saylı, 17 noyabr 2011-ci il tarixli qətnaməsi əsasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 44-cü blokunun 10-cu mərtəbəsində yerləşən 2 otaqlı 38 nömrəli mənzilə dair onunla “X1” ASC arasında bağlanmış 25 fevral 2009-cu il tarixli müqavilə ləğv edilmiş, 55600 manat məbləğində pul onun xeyrinə tutulmuşdur. Həmin qətnamədən “X1” ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman onunla "xxxx" ASC arasında 29 fevral 2012-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə uyğun olaraq əvvəlki mənzil əvəzinə ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın 1-ci blokunun 1-ci mərtəbəsindəki 1 saylı mənzil verilmişdir. Barışıq sazişi imzalandıqdan sonra onunla "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixdə 15472 saylı müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə isə onun həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə onun adına ********** çıxarış verilmişdir. Sözügedən çıxarışda mülkiyyətinə verilmiş mənzilin ümumi sahəsi 72,1 kv. metr qeyd olunmuşdur. Halbuki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədə həmin mənzilin ümumi sahəsi 82,1 kv.metr təşkil edir. Göründüyü kimi, "xxxx" ASC ona mənzili satarkən mənzilin real sahəsindən 10 kv.m artıq sahə qeyd edərək, hər kv.m üçün 500 manat olmaqla, ümumilikdə 5000 məbləğində artıq ödəniş almışdır. Belə ki, onunla "xxxx" ASC arasında bağlanmış müqavilənin aidiyyəti bəndlərinə əsasən, müqavilənin predmetini təşkil edən mənzilin qiyməti ümumi şəkildə deyil, məhz həmin mənzilin sahəsi əsas götürülməklə müəyyən edilmişdir. Başqa sözlə, meyar qismində mənzilin 1 kv.m. sahəsinin dəyəri əsas götürülmüş və belə bir sahə üçün cavabdeh tərəfindən 500 manat məbləğində qiymət müəyyən edilmişdir. Müqavilənin 1.1ci bəndində mənzilin ümumi sahəsinin 82,1 kv.m. olduğu göstərilmiş, lakin bu sahənin hesablanması qaydası (mənzilin daxilində divardan divara, divarlarının və arakəsmələrinin yerləşdiyi sahələr nəzərə alınmaqla və ya alınmamaqla və sair) dəqiq qeyd edilməmiş, ümumi tikinti sahəsi əsas götürülmüşdür. Müqavilənin 1.1-cü bəndindən də belə nəticəyə gəlmək olur ki, cavabdeh ona məhz 82,1 kv.m. ölçüdə sahə təhvil verməlidi. Eyni zamanda, müqavilə üzrə onun üzərinə mənzilin sahəsini ölçməklə təhvil alması barədə vəzifə (öhdəlik) qoyulmamışdır. Bu baxımdan o, mənzilin ümumi sahəsini 82,1 kv.m. kimi qəbul etmişdir. Lakin mənzil təhvil alındıqdan sonra həmin mənzil mülkiyyət olaraq dövlət qeydiyyatına alınan, habelə onun bu mənzilə münasibətdə mülkiyyət hüququ tanınan zaman aparılmış ölçmə nəticəsində mənzilin 72,1 kv.m. ölçüdə olduğu müəyyən edilmiş və məhz bu ölçüdə sahəyə dair nəticə etibarı ilə çıxarış verilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ona müqavilə üzrə müəyyən edilmiş sahədə mənzil təhvil verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təhvil verilməmiş sahənin dəyərini ona qaytarmalıdır. Bu baxımdan cavabdeh tərəfindən ona 5000 manat məbləğində ziyan vurulmuşdur ki, bu ziyanın məbləğini ona ödəməlidir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı cavabdehdən xx.xx.2012-ci il tarixli, 15472 saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın 1-ci blok, 1 saylı mənzilini almışdır. Cavabdeh mənzilləri satarkən alqı-satqı müqavilələrində mənzillərin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərir. Layihə xx.xx.2012-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, layihədə qeyd olunan mənzilin sahəsi o dövrdəki ölçmə qaydaları əsasında hesablanaraq 82,1 kv.m. müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilmiş, müvafiq dövlət qurumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Hazırda mənzillərin sahəsi bu gün qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edilir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri -0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar(verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı mənzilə çıxarış alarkən mənzilin sahəsi hazırda qüvvədə olan ölçmə qaydaları əsasında hesablandığı üçün mənzilin sahəsi müqavilədə göstərilən ölçüdən az gəlir. Mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı xx.xx.2012-ci il tarixli təhvil-təslim aktında və mənzilə baxış aktında binanın və mənzilin inşa olunmasına və layihəyə dair heç bir pretenziyasının olmadığını imzası ilə də təsdiq etmişdir. Həmçinin cavabdeh "xxxx" ASC iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehdən xx.xx.2012-ci il tarixli, 15472 saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın 1-ci blok, 1 saylı mənzilini almışdır. Mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı xx.xx.2012-ci il tarixli təhvil-təslim aktında və mənzilə baxış aktında binanın və mənzilin inşa olunmasına və layihəyə dair heç bir pretenziyasının olmadığını imzası ilə də təsdiq etmişdir. İddiaçı mənzili təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzilin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Mənzilin alınmasından 11 ildən artıq müddət keçmiş, uzun müddətdən sonra iddiaçı əsassız iddialarla məhkəməyə müraciət etmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, o, iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, müdafiə etdiyi şəxs müqavilə bağladıqdan sonra 2012-ci ildə mənzili təmir edib, ora köçsə də, mənzilin sahəsinin az olduğunu yalnız çıxarış aldıqdan sonra öyrənmişdir. Bu səbəbdən iddia müdddətinin çıxarış alındığı vaxtdan hesablanmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli barışıq sazişinin surətində görünür ki, tərəflərin razılığına əsasən cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesinin 7-ci km.-də inşa edilmiş 1 saylı binanın 44-cü blokunun 38 saylı mənzilinə dair bağlanmış 9405 saylı, 25 fevral 2009-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilir və həmin mənzil İddiaçı tərəfindən Cavabdeh "xxxx" ASC-yə qaytarılır (təhvil verilir). Cavabdeh "xxxx" ASC bu Sazişin 2-ci bəndində göstərilən mənzilin əvəzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, V.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın, 1-ci blokunun 1-ci mərtəbəsindəki 1 saylı mənzili İddiaçı təhvil verməyi, mənzilə dair müqavilənin bağlanmasını, mənzillə bağlı maliyyə arayışının verilməsini, o cümlədən 7.000 manat məbləğində pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürmüşdür; - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 15472 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 8 saylı binanın, 1 blok, 1 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 82.1 kv.metr olan mənzili alıcıya satmağı, mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini Müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür; - xx.xx.2012-ci il tarixli, 6619 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, V.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın, 1-ci blokunun 1-ci mərtəbə, 82,1 m2 ümumi sahəsi olan 2 otaqdan ibarət 1 saylı mənzilə dair heç bir borc mövcud deyildir; - ƏMDK yanında DƏDRX-in çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, V.Əliyev küçəsi, 2595-ci məhəllə, ev 8, mənzil 1 ( Yeni qaydalarla AZ 1040, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixində qeydə alınmışdır; - xx.xx.2012-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda inşa etdiyi mənzili 15472 saylı, xx.xx.2012-ci il tarixli müqavilənin 3.1.2.3-cü maddəsinə uyğun olaraq təhvil verir, alıcı İddiaçı isə təhvil alır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər 29 fevral 2012-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliyev küçəsi, 2595ci məhəllə, 8-ci binanın, 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 82,1 kv.m. ümumi sahəsi olan 2 otaqdan ibarət 1 saylı mənzilə dair alğı-satqı müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən mənzilin sahəsi 82.1 kv.m. müəyyən edilmiş, çıxarışda isə mənzilin sahəsi 72.10 kv.metr göstərilmişdir. İddiaçı müqavilə üzrə təhvil verilməli olan 82.1 kv.metr əvəzinə 72.1 kv. metr sahəsi olan mənzilin təhvil verildiyinə istinad edərək, çatışmayan sahəyə görə 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mövcud hüquq münasibətləri 15472 nömrəli, 29 fevral 2012-ci il tarixli “Mənzilin alöı-satqı müqaviləsi” əsasında yaranmışdır. Həmin müqavilənin 1.1 və 1.3-cü bəndlərinə uyğun olaraq satıcı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 8 saylı binanın, 1-ci blok, 1 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 82,1 kv.metr olan mənzilini alıcıya satmağı, alıcı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Satıcı aldığı mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini, müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 1.2-ci bəndinə görə mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Bağlanmış müqavilələrin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında əsasən podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı binanın tikinti işlərini tam başa çatdırdıqdan sonra mənzili alıcıya təhvil verməyi, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 390.4-cü maddəsinə uyğun olaraq, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, hazırki müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilədəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Lakin hazırki iş üzrə tərəflər arasında mənzilin sahəsinin hesablanma qaydası müəyyən edilmiş, divarların, arakəsmələrin də mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınması şərti razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahisələndirilən müqavilədə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanması nəzərdə tutulmuşdur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan (10 kv.m. az) mənzil verildiyini bildirmişdir. Lakin məhkəmə prosessual qənaət prinsipini və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq həmin xüsusatın araşdırılması üçün tikinti-texniki ekspertizasının təyin edilməsini zəruri, məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüş hesab edildiyindən və bu hal iddianın rədd edilməsi üçün əsas olduğundan iddiaçının digər dəlilləri öz hüquqi mahiyyətini itirmiş olur. Məhkəmə prosessual qənaət prinsipini, ekspertiza təyin edilməsinin əlavə xərclərə və işə mahiyyəti üzrə baxılmasının əsassız uzanmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddia müddətinin anlayışını və başlanma anını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 377.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Məcəllənin 773 və 776.1-ci maddələrinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, göstərilən norma podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üzrə iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız çıxarış aldıqdan sonra məlumatlı olması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla və iddiaçının özünün izahatı ilə müəyyən edilir ki, mübahisələndirilən mənzil iddiaçıya xx.xx.2012-ci il tarixdə akta imza edilməklə təhvil verilmişdir. Həmin il iddiaçı mənzilə köçərək yaşamağa başlamışdır. Mənzilə dair çıxarış isə xx.xx.2020-ci il tarixdə alınmışdır. İddiaçı mənzili təhvil aldıqdan 11 il sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olubolmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-510/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-510/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver