Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5143/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Eynulla qızının, Cavabdeh2-nin nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Eynulla qızının cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) və Cavabdeh2-yə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Eynulla qızının cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Cavabdeh2-yə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin səhlənkarlığı nəticəsində onun avtomobilinə dəymiş real ziyana görə 2330 manat məbləğində maddi ziyanın əvəzi cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16.03.2021-ci il tarixində, saat 18:30 radələrində mülkiyyətində və istifadəsində olan “Hyundai Sonata” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Səbail rayonu, Səlyan şossesi istiqamətində hərəkətdə olarkən asfalta yağ dağıldığı üçün avtomobildə idarəetməni itirərək qəza törətmişdir. Həmin ərazidə asfalt örtüyünün altından Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə aid boru xətti partladığından həmin boruda olan yağ maddəsi asfalt örtüyə çıxmış və qəza şəraiti yaranmışdır. Hazırki iddia ərizəsi üzrə cavabdehlər qismində cəlb edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2-nin səhlənkarlığı ucbatından avtomobilinə ziyan dəymişdir. Hər iki qurum tərəfindən vaxtında ərazi nəzarətə götürülmədiyindən və təmizlənmədiyindən qəza baş vermişdir. Qəzadan sonra Avto Servis “Sahil” firması tərəfindən avtomobilinə baxış keçirilmiş və 06.04.2021-ci il tarixli, 436 nömrəli zərər aktı tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi avtomobilimin təmirinə çəkilmiş xərc 2330 manat təşkil etmişdir. Avtomobilini təmir etdirdikdən sonra satsa, ən baha 20000 manat məbləğinə satar ki, bununla da cavabdeh ona təkcə itirilmiş mənfəət və ya əldən çıxmış fayda qismində 15700 manat məbləğində maddi ziyan yetirmişdir. Vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olaraq, dəfələrlə cavabdeh X2 mürdaciət etsə də, sonuncu tərəfindən qanuni müraciətləri icra edilməmiş, heç bir razılığa gəlinməmişdir. Məhkəmə iclasında İddiaçı Eynulla qızı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2-nin nümayəndəsi Nümayəndə iddianın əsassız olduğunu qeyd edərək, rədd olunmasını xahiş etmişdir. Həmçinin məhkəmə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmur. İddia ərizəsində iddiaçı ona zərərin vurulmasına səbəb olmuş cavabdehin təqsirsizliyi kimi yolun cavabdeh tərəfindən nəzarətə götürülməməsinə istinad etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X4 iddianın əsassız olduğunu qeyd edərək, rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; AD 166884 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, İddiaçı Eynulla qızının nəqliyyat vasitəsindən idarə etmək hüququ 28.01.2014cü ildən 28.01.2024-cü ilədək etibarlıdır. AD 656031 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “Hyundai Sonata” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı Eynulla qızının sahibliyindədir. Avto Servis “Sahil” firmasının 06.04.2021-ci il tarixli, 436 nömrəli aktından görünür ki, İddiaçı Eynulla qızına məxsus “Hyundai Sonata” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmirinə 2330 manat məbləğində vəsait tələb olunur. 17.03.2021-ci il tarixli, İXP ******* saylı X6 protokolun surətindən görünür ki, İddiaçı Eynulla qızı 16.03.2021-ci il tarixində, saat 18:30-da idarə etdiyi “Hyundai Sonata” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı Eynulla qızı törətdiyi yol nəqliyyat hadisəsinin səbəbi yol həmin hissəsinə yağ dağılmasını göstərmiş və həmin halda təqsirli cavabdehləri qeyd etmişdir. Lakin yol nəqliyyat vasitəsinin ərizədə qeyd olunan səbəbdən baş verməsini və cavabdehlərin həmin haldan təqsirli olmasına dair sübut təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən ərizəsinə əlavə edilmiş 17.03.2021ci il tarixli, İXP ******* saylı X6 protokolda qeyd edilmişdir ki, İddiaçı Eynulla qızı 16.03.2021-ci il tarixində, saat 18:30-da idarə etdiyi “Hyundai Sonata” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3-cü maddəsinə görə Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Göründüyü kimi, göstərilən tələb üzrə İddiaçı Eynulla qızının yola yağın dağıdılması və s. kimi əsaslandırması ilə bağlı sübut təqdim etməmişdir. İddiaçı tərəfin mübahisələndirdiyi bütün hallar məhkəmə tərəfindən araşdırılmış və mövcud mübahisə ətraflı araşdırılmaqla məhkəmə iddia tələbilə bağlı qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı Eynulla qızı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Cavabdeh2-dən yola yağın dağıdılması və s. kimi hallara dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun hüquqlarının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehlərdən maddi ziyanın əvəzinin tutulması üzrə tələbi rədd olunmalı, iddia rədd olunduğundan iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Eynulla qızının cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) və Cavabdeh2-yə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-5143/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5143/2021
14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver