Məhkəmə qərarları › İş №2(005)-5193/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5193/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5193/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı ərizəsini məhkəməyə təqdim edərkən prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən, həmin tələblərini əsaslandırdığı hallar göstərilməmiş, habelə iddia tələbini əsaslandırdığı hallara dair müvafiq sənədlər təqdim edilməmiş, ən əsası da cavabdehə qarşı yönələn tələb konkret olaraq göstərilməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə məhkəməyə tələblə müraciət edərkən, iddia ərizəsinin nəticə hissəsində dəymiş ziyanın həcmi nöqtələrlə qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilir. Bundan başqa iddiaçı digər nöqsana da yol vermişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumu barədə qəbzdən görünür ki, ödənilmiş rüsum Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına deyil Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Habelə məhkəmə qeyd edir ki, iddianın həcmi ilə bağlı nöqsanlar aradan qaldırılarkən, dövlət rüsumunun hesablanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi internet səhifələrində dövlət rüsumunun hesablanması kalkulyatoru və buna dair təlimatdan da istifadə edə bilər. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar