Məhkəmə qərarları › İş №2(005)-527/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-527/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-527/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 14.500 manat borc və 134 manat dövlət rüsumunun, cəmi 14.634 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə dost olmuşlar. Onu yaxından tanıyır. Cavabdeh biznes quracağı adı ilə ondan 2019-cu ilin iyun ayında 10.000 manat borc almış, sonra isə həmin ildə yenidən əlavə borc olaraq ona 10.000 manat pul vermişdir. Cavabdeh həmin pulu ona 2022-ci ilin iyul ayında qaytaracağına dair öhdəlik götürsə də, əməl etməmişdir. 2022-ci ilin iyul ayında cavabdehdən ona olan 20.000 manat borcunu istədikdə hər dəfə gələn ay deyə-deyə pulunu qaytarmamışdır. O buna görə ilk olaraq Kürdəmir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi ilə əlaqədar Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Bəhruz İsmayılov cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir. Kürdəmir RPŞ-nin TB-də aparılan araşdırma zamanı Cavabdeh ondan 20.000 manat borc almasını etiraf etmişdir. Bundan sonra cavabdeh ona 5.500 manat ödəmiş, ancaq 14.500 manat borcunu 2023-cü ilin avqust ayının sonuna kimi ödəyəcəyinə söz versə də, indiyə qədər ödəməmişdir. Buna görə də cavabdehin ona olan 14.500 manat pul borcunun qaytarılmasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, cavabdeh tərəfindən 5500 manat məbləğində pul qaytarılıb, 14500 manat məbləğində borc qalmışdır. Tərəflər arasında mübahisə borcun qaytarılma vaxtı ilə bağlı yaranıb. İddiaçı borcun tez ödənilməsini tələb etdiyi üçün məhkəməyə müraciət edib. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Kürdəmir Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, tanışı Kürdəmir rayon sakini Ağa İmanov adlı şəxsə 2019-cu ilin iyun ayında 20000 manat pul vermişdir, lakin bu vaxta kimi Ağa İmanovdan pulu ala bilmir. Ağa İmanov adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir; - Cavabdeh Kürdəmir rayon Polis şöbəsində verdiyi yazılı izahatın surətindən görünür ki, onlar təxminən 10 ilə yaxındır ki, bir-birlərini tanıyırlar və aralarında həmişə dostluq və yoldaşlıq münasibətlərini qoruyub-saxlayaraq ədavətə girməmişdirlər. O, 2019cu ildə Kürdəmir rayonunda biyan tədarükü ilə məşğul olan zaman malın daha çox yığımı ilə bağlı pula ehtiyac yarandığından bu barədə dostu İddiaçı müraciət etmişdir və o, onun vəziyyətini nəzərə alaraq köməklik göstərilməsi məqsədilə 20.000 manat məbləğində pulu ona borc qismində vermişdir. Lakin o, həmin pulu ondan borc alan zaman ona konkret olaraq vaxt bildirməsə də, nəzərində qısa zaman kəsiyində həmin pulu ona qaytarmaq olmuşdur. İşlərinin yolunda getməməsi və ürəyində yaranmış ciddi problemlərlə bağlı o, həmin ərəfədə əməliyyata girib və işlərini davam etdirə bilməyib. Dostu Rəfael də, həmin ərəfədə onu borcla bağlı narahat etməsə də, onlar mütəmadi olaraq bir-birləri ilə əlaqə saxlayırdılar və ona borcunu qaytaracağını xatırlatmışdır. Son aylarda Rəfaelin ehtiyacının olması səbəbindən ona pulla bağlı müraciət etsə də, ona köməklik göstərə və borcunu qaytara bilmədiyindən o, nəticə etibarı ilə ondan pulunun geri qaytarılması üçün şikayət etmək qərarına gəlmişdir. Ona vaxtla bağlı vədləri olsa da, heç bir vaxt yalanı və bəhanələri olmamışdır. O, 2019-cu ildə ümumilikdə 20.000 manat məbləğində pulu İddiaçı Kürdəmir rayonu və Bakı şəhəri ərazisində başqa şəxslərin iştirakı olmadan hər dəfəsində 10.000 manat olmaqla 2 dəfəyə almışdır və həmin pulu alarkən ona bəxşiş və ya pulun müqabilində başqa bir şey vəd verməmişdir. O özü də qeyd etdiyi kimi həmin pulu ondan borc qismində almışdır və dostluq münasibətləri olduğundan aralarında hər hansı borc müqaviləsi bağlanmamışdır; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır; - Tərəflər arasındakı “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalardan görünür ki, Cavabdeh borcunu qaytaracağı ilə bağlı iddiaçıya vədlər vermişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh biznes qurmaq adı ilə iddiaçıdan 20000 manat məbləğində borc almış, onun bir hissəsini, 5500 manatını qaytarmışdır. 5500 manat pulun qaytarılması işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı qeyd edilən borcdan qalan hissənin ödənilmədiyini bildirərək, 14500 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaçıya 14500 manat borcunun olduğunu qəbul etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Eyni Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyaya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında olan münasibətlərin şifahi borc müqaviləsinə əsaslanması ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş izahatlardan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilənlərdən də göründüyü kimi, onlar arasında dostluq münasibətləri olmuş və bu səbəbdən borc müqaviləsi yazılı şəkildə rəsmiləşdirilməmişdir. Tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması işin mübahisələndirilməyən halıdır. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyi yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Belə ki, İddiaçı tərəfindən Cavabdeh 20000 manat məbləğində pulun verilməsi iş materiallarında olan polis şöbəsində alınmış izahatlar, yazışmalar və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili də 14500 manat məbləğində borcun qaldığını və bunu qəbul etdiklərini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı pul tələbi barədə məhkəmədə iddia qaldırmaqda haqlıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik şifahi və ya yazılı olmasından asılı olmayaraq müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh borc (kredit) müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır. Belə ki, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdeh daşıyır, iş materiallarında isə belə bir sübut mövcud deyildir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cavabdehin tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə 14500 manat borcu mövcuddur. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14.500 manat və dövlət rüsumu olaraq ödənilmiş 134 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.500 (on dörd min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 134 (yüz otuz dörd) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar