Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-528/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi X6, nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 108.170 ABŞ dolları, bank faizi olaraq 21.000 ABŞ dolları olmaqla 129,170 ABŞ dolları (manat məzənnəsi ilə) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03.10.2017-ci il tarixdə "xxxx" MMCnin təsisçiləri və direktoru ondan 108,170 ABŞ dolları pul borc aldılar. Bizneslə məşğul olub onun verdiyi pulun üstündə əlavə pul verməli idilər. Müqavilədə borc pulun qaytarılması üzrə qrafik də nəzərdə tutulmuşdur. 10.08.2018-ci il tarixdə verdiyi pulu qaytarmali idi. Tarix başa çatdıqdan sonra dəfələrlə müraciət etmişdir. Pulu ödəməyə söz versələr də ödəməmişlər. 11.03.2021-ci il tarixdə İddiaçı cavabdehin əsl cavabadehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin "Cavabdeh" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ondan borc pul alan "Cavabdeh" MMC olmuşdur. Belə ki, müqavilədə möhür, VÖEN, ünvan, bank hesabı "Cavabdeh" MMC-yə məxsusdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, cavabdeh tərəfindən borc müqaviləsi üzrə cəmi 18000 ABŞ dolları geri qaytarılmışdır, qalan məbləğ isə qaytarılmayıb. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, iddianın tam əsassız olduğunu, bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili X7 iddia tələbinə etiraz edərək, iddianın tam əsassız olduğunu, bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 03.10.2017-ci il tarixli 013 saylı borc müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında ödəmə cədvəlinə uyğun olaraq 10 ay müddətinə ayda 10 817 ABŞ Dolları qaytarmaq şərtilə 108 170 (yüz səkkiz min yüz yetmiş) ABŞ Dolları məbləğində borc müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 12.01.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, X11 prospekti, ev 6A, "X13" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı (VÖEN **********) isə ünvan 2a əlavə edilmiş 04.10.2017-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı 3000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 10.11.2017-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 10.12.2017-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 08.01.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 23.02.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 02.04.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 02.04.2018-ci il tarixli qəbzdən görünür ki, X1 Şahin Musa oğlunun adından 5000 USD məbləğində pulu almışdır. İş materiallarına əlavə edilmiş 01.05.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş 10.10.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, İddiaçı 5000 ABŞ Dolları məbləğində borc ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 2017-ci ilin oktyabr ayında cavabdehlə aralarında bağlanmış borc müqaviləsinə əsasən ödəmə cədvəlinə uyğun olaraq 10 ay müddətinə ayda 10 817 ABŞ dolları qaytarmaq şərtilə 108 170 (yüz səkkiz min yüz yetmiş) ABŞ dolları məbləğində borc pul vermişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə Borcalanın adı "X13" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeyd edilsə də müqavilədə qeyd edilən hüquqi şəxsin adı, hüquqi ünvanı, VÖEN-i, bank rekvizitləri, müəssisənin möhürü borc müqaviləsinin həqiqətən də Cavabdeh ilə bağlandığını təsdiq edir. İddiaçı qeyd edir ki, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh onun pulunu ödəməkdən imtina edir. Cavabdeh isə ilkin olaraq iddiaçıdan borca heç vaxt pul almadığını bildirir, daha sonra isə ödənişə dair qəbzləri təqdim edərək borc götürdüyü pul vəsaitini geri qaytardığını qeyd edir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi yazılı borc müqaviləsi üzrə ödənilməmiş borcun tutulması hissəsində qismən əsaslıdır, yəni 70 170 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, mülki işə əlavə olunmuş məxaric kassa orderlərindən görünür ki, İddiaçı 04.10.2017-ci il tarixdə 3000 ABŞ dolları, 10.11.2017-ci il tarixdə 5000 ABŞ dolları, 10.12.2017-ci il tarixdə 5000 ABŞ dolları, 08.01.2018-ci il tarixdə 5000 ABŞ dolları, 23.02.2018-ci il tarixdə 5000 ABŞ dolları, 02.04.2018-ci il tarixdə 5000 ABŞ dolları, 01.05.2018-ci il tarixdə 5000 ABŞ dolları və 10.10.2018-ci il tarixdə 5000 ABŞ dolları olmaqla, ümumilikdə 38 000 ABŞ dolları məbləğində borc ödənişi edilmişdir. Bundan başqa məhkəmə, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş X5 tərəfindən İddiaçı adından 16.11.2017-ci il tarixdə 4400 USD, 14.11.2017-ci il tarixdə 600 USD məbləğində pulun alınması ilə bağlı bildirir ki, həmin vəsaitlərin alınmasına dair müvafiq ödəniş qəbzlərinin surəti əlavə edilmədiyindən məhkəmə o hissədə təqdim edilmiş sənədləri mötəbər hesab etmir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə iclaslarında onun adından X2 müxtəlif vaxtlarda pul vəsaitini almasını etibar etdiyini etiraf etmişdir. Bu məsələ ilə bağlı tərəflər arasında hər hansı mübahisə olmamışdır. Lakin mübahisəli hal ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri tərəflər arasında olan daha əvvəlki borc verilmiş pul vəsaitinin geri qaytarılması zamanı imzalanmış sənədlərdir. İddiaçı həmin qəbzlərdəki tarixin sonradan əlavə edildiyini bildirsə də, məhkəmə hesab edir ki, iddiaçının etirazı əsassız olmuşdur. Belə ki, ödəniş qəbzlərindəki tarixlər əlyazma deyil, çap vasitəsilə icra edilmişdir. Həmin tarixlərin sonradan qəbzlərə əlavə edilməsi və s. kimi iddialar əsassızdır. Eyni zamanda iddiaçı həmin qəbzlərdəki imzanın onun tərəfindən icra edildiyini qəbul etməklə, qeyd etmişdir ki, həmin qəbzlər tərəflər arasında daha əvvəllər mövcud olmuş borc məbləğinin geri qaytarılması ilə əlaqədardır və köhnə tarixlərə aiddir. Lakin məhkəməyə buna dair hər hansı dəlillər təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin pul vəsaitləri tərəflər arasında bağlanmış 03.10.2017-ci il tarixli 013 saylı borc müqaviləsi üzrə ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, həmin qəbzlər üzrə pul vəsaitlərinin iddiaçıya verilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, iddiaçının tərəflər arasında bağlanmış borc müqaviləsinə istinad edərək qeyd olunan borc pul vəsaitinin cavabdeh "Cavabdeh" MMC-yə verildiyini, lakin bugünədək geri qaytarılmadığını, cavabdeh isə həmin borc məbləğinin tam geri qaytarılmasına dair ödənişlərin edildiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı müvafiq cavabdeh tərəfindən qismən ödənişlər barədə qəbzlər mövcuddur, lakin iddiaçının qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Belə olan halda isə cavabdehin öz izahatında bildirdiyi və təqdim edilən ödəniş sənədlərindən göründüyü kimi, iddiaçıya cəmi 38 000 ABŞ dolları borc ödənişinin geri qaytarıldığı sübuta yetmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Bundan başqa tam məbləğdə (qalan pul vəsaitinin) borc ödənişinin iddiaçıya geri qaytarılmasına dair mötəbər sübut isə cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin “21000 ABŞ dolları həcmində faizin tutulması” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, heç bir hüquqi əsasa söykənmədiyindən müvafiq tələb həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Cavabdeh" MMC-dən 70 170 ABŞ dolları məbləğində borc ödəniş günü manata məzənnə ilə manatla İddiaçı xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-528/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-528/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver