Məhkəmə qərarları › İş №2(005)-532/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-532/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-532/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilk və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə Cavabdeh1ndə 3M-1226 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 17.000 (on yeddi min) manat olaraq göstərilməsinə baxmayaraq əslində alınmış borcun məbləği 12.000 (on iki min) manat olmuşdur. Artıq 5.000 (beş min) manat isə guya 12.000 (on iki min) manat məbləğin faizi olaraq əlavə edilmişdir. Müqavilədə məbləğin artıq yazılmasını Cavabdeh2 ondan xahiş etmişdir. O, da aralarında olan münasibət və tanışlığa görə buna etiraz etməmişdir və 12.000 manat pul aldığı kredit müqaviləsində məbləğin 17.000 manat olaraq göstərilməsinə razılıq vermişdir. Həmçinin müqavilədə göstərilən xx.xx.2019-cu il tarixindən əvvəl real olaraq aldığı 12.000 (on iki min) manat pulu Cavabdeh2 tam ödəmişdir. Lakin Cavabdeh2 olan borcunu guya ödəməməyi ilə bağlı müqavilənin bağlandığı Cavabdeh1 tərəfindən Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə icra qeydi göndərilmiş və əsassız olaraq icraata başlanılmışdır. Əslində isə o, borclu olduğu pulu tamamilə Cavabdeh2 ödəmişdir. Belə olan halda isə onun guya kredit müqaviləsində göstərilən borcu ödəməməyi ilə bağlı icra qeydinin göndərilməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin aralarında bağlanmış 3M-1226 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini ləğv etmək üçün Cavabdeh2 xx.xx.2020-ci il tarixdə pretenziya qaydasında müraciət etmişdir. Göndərilmiş pretenziya və poçt qəbzi tərəfindən qoşma vasitəsi ilə iddia ərizəsinə də əlavə olunmuşdur. Lakin müraciətindən 30 gündən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir rəsmi cavab göndərilməmişdir. Hətta əksinə olaraq müqavilənin bağlandığı 38 saylı Notariat Ofisinə müraciət edərək guya ona olan borcunu ödəmədiyini bildirmişdir. Bununla da Cavabdeh2 tam olaraq ödədiyi borc müqaviləsinə görə yaşadığı ərazinin icra şöbəsinə əsassız icra qeydi göndərilməsinə nail olmuşdur. Yuxarıda da qeyd etdiyi kimi pretenziyanın göndərilməsindən 30 gündən artıq müddət keçmişdir. Buna görə də aralarında bağlanmış kredit müqaviləsinin məhkəmə qaydasında ləğvi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Həmçinin digər Cavabdeh1nə də bütün borcunu ödəməyi və bu barədə hər hansı bir icra qeydinin göndərilməsinin əsassız olmasını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh2 ilə onun arasında Cavabdeh1ndə xx.xx.2018-ci il tarixdə bağlanmış və 3M-1226 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2n cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbi üzrə ona qarşı Cavabdeh1ndə xx.xx.2018-ci il tarixdə bağlanmış və 3Vİ-1226 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Qeyd edir ki, o, xx xxxxxxx 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1ndə kredit müqaviləsi bağlayaraq 1 il müddətinə qaytarmaq şərti ilə ona (notariat depoziti vasitəsi ilə) 17000 (on yeddi min) manat borc vermişdir. İddiaçı borcu xx xxxxxxx 2019-cıı il tarixinədək qaytaracağına söz versə də həmin pulu ödəməkdən yayınmışdır. Ona görə də notariat ofisinə müraciət edərək icra qeydi əsasında pulunu tələb edən zaman cavabdeh işi uzatmaq üçün əsassız olaraq məhkəmədə ona qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Hətta iddia tələbində əsassız olaraq göstərmişdir ki, guya o, cavabdehə 17000 manat məbləğinə müqavilə bağlayraq əslində 12000 manat vermiş, o, isə əvəzində ona 17000 manat qaytardığını göstərmişdir. İddiaçı iddia ərizəsində göstərdiklərinin heç bir hüquqi əsası yoxdur, göstərilənlər yalan və uydurmadır. Belə ki, o, cavabdehə 17000 manatı notarusun bankda olan depozit hesabı vasitəsi ilə vermişdir. Hal-hazırda Sumqayıt icra və probasiya şöbəsi tərəfindən icra qeydi geri (notarusa) qaytarılmışdır. Ona görə də cavabdehə kredit müqaviləsi əsasında verdiyi 17.000 manatin, 110 manat hüquqi yardıma görə ödənilmiş pulun və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasında izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı və Cavabdeh1 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı 17000 manat məbləğində borc pul verilmiş və borc alan xx.xx.2019-cu il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı, Cavabdeh2 XX.XX.2018-CI il tarixdə bağlandığı Cavabdeh1ndə 3m-1226 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsinin ləğv edilmə zərurəti yaranmışdır. Borcumu tamamilə ödəməyinə baxmayaraq hal-hazırda Cavabdeh1 tərəfindən Sumqayıt şəhər icra və probasiya şöbəsinə icra qeydi göndərilmişdir. Bu səbəbdən də aralarında bağlanmış müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Bununla bağlı müraciət edib bağlanan kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Əks halda aralarındakı müqavilənin ləğv edilməsi tələbi ilə əlaqədar olaraq məhkəməyə müraciət ediləcək və mübahisə məhkəmə qaydasında həll ediləcəkdir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2020-ci il tarixli, №1138 məktubdan görünür ki, Cavabdeh2 müraciət edərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh1ndə 3M- 1226 reyestrdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən İddiaçı vətəndaş Cavabdeh2 xx.xx.2019-cu ilədək aldığı 17000.00 manat (on yeddi min manat sıfır qəpik) məbləğində borcunu bu günkü günədək qaytarmamış və notariat ofisi bildirir ki, 30 gün (otuz gün) ərzində borc müqaviləsi üzrə öhdəliklər icra olunmadığı təqdirdə tərəfindən icra qeydi tərtib olunaraq müvafiq yaşayış üzrə borc müqaviləsi məcburi icra edilməsi üçün icra şöbəsinə göndəriləcəkdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 10062 nömrəli, xx.xx.2020-ci il tarixli qeydi icra olunduqdan sonra geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi barədə müqavilədən görünür ki, Cavabdeh2 Vəkil 110 manat məbləğində ödəniş etmişdir. Məhkəmə ilk iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Cavabdeh1ndə xx.xx.2018-ci il tarixdə bağlanmış və 3M-1226 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğvinə əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə olan borcunun tam ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə mövcud borcu tam ödənilmədiyindən iddiaçının həmin müqavilə üzrə yaranmış öhdəliyinə xitam verilməsindən də söhbət gedə bilməz. İddia ərizəsi üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddiası təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin materiallarında olan Cavabdeh1ndə xx.xx.2018-ci il tarixdə bağlanmış və 3M-1226 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı 17000 manat məbləğində borc pul verilmiş və borc alan xx.xx.2019-cu il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borc olaraq aldığı 17000 manat Cavabdeh2 ödənilməlidir. MPM-nin 119-cu maddəsinə əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, hüquqi yardıma görə ödənilmiş 110 manat məbləğində pul və 30 manat dövlət rüsumu İddiaçı Cavabdeh2 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı 17000 manat borc, 110 manat hüquqi yardıma görə ödənilmiş pul və 30 manat dövlət rüsumu Cavabdeh2 xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar