Məhkəmə qərarları › İş №2(005)-5352/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5352/2021

06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5352/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 3998 (üç min doqquz yüz doxsan səkkiz) manat maddi zərərin cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 2(005)-491/2020 saylı, 14.01.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X2 həyat yoldaşı Cavabdeh2 mülkiyyətində olan “Mersedes Benz E220- CDİ" minik markalı, **-XV-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatını təmin etməmişdir. Təqdimata əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-491/2020 nömrəli 14.01.2020-ci il tarixli icra sənədinə əsasən borclu X1 8500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası ərazisində həmin avtomobilin satışı ilə əlaqədar KİV-də elan verilmiş, İcra şöbəsi bildiriş göndərmişdir. Elana əsasən 09.04.2021-ci il saat 11:00 hərrac təyin olunmuşdur. Beləliklə Nərimanov rayon İcra şöbəsinin hesablaşma hesabına avtomobilin dəyəri olaraq 8500 manat ödənilmişdir. Əlavə olaraq həmin avtomobilə görə 7% icarə haqqı ödəmişdir. Daha sonra, avtomobilin dəyərinin 5%-ni auksion haqqı olaraq ödəmişdir. Lakin 15 gün sonra avtomobili sənədləşdirmək məqsədi ilə müraciət etdikdə məlum olmuşdur ki, avtomobil pullu dayanacaqda olduğuna görə əlavə olaraq 150 manat vəsait ödənilməlidir. “Elektron İcra “İnformasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq elektron informasiya sistemi ilə inteqrasiyası nəticəsində borclu H.Əliyevin həyat yoldaşı Cavabdeh2 mülkiyyətində olan “Mersedes Benz E 220 CDİ” minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Məhkəmə icraçısı avtomobilin üzərinə məhdudiyyət qoymaq niyyəti ilə məhkəməyə təqdimat vermiş, lakin məhkəmə icra məmurunun təqdimatını rədd etmişdir. Sonradan İcra şöbəsi ilə qarşlıqlı razışlaşma əsasında yuxarıda göstərilə vəziyyətdə avtomobil qiymətləndirilərək ona satılmışdır. Cavabdeh Nərimanov rayon İcra şöbəsinin icra məmuru avtomobilin pullu duracaqda saxlanılmsı nəticəsində yığılmış borc məbləğini qeyd etməmiş, faktı ondan gizlətmiş, yaranmış borc barədə ona heç bir məlumat verməmişdir. Nəticədə o məcbur olaraq Azərbaycan Respublikası DİN-in DYP-nə 3848 manat yığılmış cərimələri ödəmişdir. Əlavə olaraq DYP-nin pullu duracağına görə 150 manat vəsaiti ödəməyə məcbur olmuşlar. Ümumilikdə cavabdehlərin əvəzinə 3998 manat vəsaiti ödəməli olmuşdur. Halbuki cavabdeh Nərimanov rayon İcra şöbəsi bu xərclər barədə heç bir məlumat verməmişdir. Ona görə də 3998 manat pul (maddi zərər) cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Cavabdehlərin qayda və qanunlara zidd hərəkətləri nəticəsində ümumilikdə ona 3998 (üç min doqquz yüz doxsan səkkiz) manat maddi zərər vurulmuşdur. Göründüyü kimi iddia tələbim qanuni və əsaslıdır, ona görə təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-392/2020 saylı, 28.07.2020-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-491/2020 saylı, 14.01.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X3 həyat yoldaşı Cavabdeh2 mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Ramiz Quliyevin təqdimatı təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 3.848 manat məbləğində ödəniş edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz E 220 CDİ” minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına 03.05.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin AR DİN BDYPİ-nə ünvanlanmış 13.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2runun 8i-17021 nömrəli, 21.12.2019-cu il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-491/2020 saylı, 14.01.2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Cavabdeh2 mülkiyyətində olan “Mersedes Benz E 220 CDİ” minik markalı **-XV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtomobil 09.04.2021-ci il tarixli, "xxxx" MMC-nin hərracın yekunları barədə 27/02 nömrəli protokoluna əsasən qalib alıcı İddiaçı adına rəsmiləşdirilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 09.04.2021-ci il tarixli, 27/02 №-li protokolundan görünür ki, “Mersedes Benz E 220 CDİ” minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracdan 8.500 manata İddiaçı satışmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ilk olaraq qeyd edir ki, işlə bağlı mübahisələndirilməyən hallar ondan ibarətdir ki, ünvan 2runun 8i-17021 nömrəli, 21.12.2019-cu il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-491/2020 saylı, 14.01.2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Cavabdeh2 mülkiyyətində olan “Mersedes Benz E 220 CDİ” minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtomobil Bakı şəhəri nərimanov rayojn icra şöbəsinin sifarişi əsasında hərrac təşkilatı tərəfindən açıq hərraca çıxarılmış və 09.04.2021-ci il tarixdə hazırkı iş üzrə İddiaçı satılmışdır. Hazırda iş üzrə İddiaçı məhkəmyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmişdir ki, qeyd edilən avtomobili aldıqdan sonra onu öz adına keçirmək istədikdə ona məlum olmuşdur ki, avtomobilin cərimələri (radar və s) vardır və həmin cərimələr ödənilmədən avtomobili öz mülkiyyətinə keçirə bilmədiyindən məcbur qalıb 3.848 manat məbləğində ödəniş etmişdir. Göstərilən halı iddiaçı iş materiallarına əlavə etdiyi ödəniş qəbzləri ilə məhkəmə qarşısında sübuta yetirmişdir. Bu səbəbdən məhkəmə iddianı 3.848 manat məbləğində pulun Cavabdeh2 tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə 150 manat DYP-nin duracağına ödənilmiş pul hissəsində iddianı əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən həmin pulun verilməsini təsdiq edən sənəd, hər hansı bir qəbz məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə vurulmuş maddi ziyanın Bakı şəhəri Nərimanov rayon icra şöbəsindən də tutulması hissəsində iddianı əsassız sayaraq qeyd etməyi zəruri bilir ki, İddiaçı dəymiş maddi zərər avtomobilin keçmiş mülkiyyətçisi digər Cavabdeh2 hüquqazidd əməlləri nəticəsində yaranmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 3848 (üç min səkkiz yüz qırx səkkiz) manat məbləğində maddi zərər İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh2 iddiaçı İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi zərərin əvəzi kimi 3.848 (üç min səkkiz yüz qırx səkkiz) manat və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar