Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-54/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MTK-ya və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 MTK-ya və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə və iddia tələblərinin artırması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 21 saylı evin 1 saylı mənzilinə yetirilmiş maddi zərər: təmir xərcləri qismində 90000 manat, mənzilin əvvəlki vəziyyətdə olan bazar dəyəri ilə hazırki bazar dəyəri arasında yaranmış fərqin kompensasiya qismində 370000 manat olmaqla, cəmi 460000 manat pulun; icarə ilə bağlı əldən çıxmış fayda qismində 205000 manat pulun; mənzilin sahəsinin əvəzləşdirilməsi (kirayə haqqı) kompensasiya qismində isə 123000 manat, ümumilikdə 788000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 MTK-dan və Nərimanov Rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində olan 0.01128 ha torpaq sahəsinin üzərində yerləşən 21 nömrəli, 3 mərtəbəli 347,0 kv.m sahədən ibarət 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 741 nömrəli reyestr kitabının 69298 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin fərdi ev icarə müqavilələr əsasında icarəyə verilirdi. Lakin sonradan Cavabdeh2 MTK tərəfindən «X4» yaşayış kompleksinin inşası ilə bağlı apardığı tikinti işlər nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan evə maddi zərər yetirilmiş, hündürmərtəbəli binalarından biri MMC-nin mülkiyyətində olan evinə bitişik inşa edildiyindən həmin ev yararsız hala düşmüşdür. Evin bərpa edilməsi məqsədi ilə təmir işlərin aparılmasına ehtiyyac yaranmış, ilkin hesablara görə təmir işlərin görülməsi üçün ümumilikdə 55000 manat məbləğində pul vəsaiti tələb olunur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddianın əsassız olduğundan, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində olan 0.01128 ha torpaq sahəsinin üzərində yerləşən 21 nömrəli, 3 mərtəbəli 347,0 kv.m sahədən ibarət 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz, əmlakın dövlət reyestrində 741 nömrəli reyestr kitabının 69298 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 19.05.2021-ci il tarixli, 10/1089 saylı ekspert rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 MTK tərəfindən inşa edilmiş “X5” yaşayış kompleksinə dair təsdiq edilmiş müvafiq layihə sənədləri, (ayrıc aktı və həmin tikiliyə aid koordinatlar) təqdim olunmadığından, yaşayış kompleksinin tikintisi təsdiq edilmiş layihəyə və həmin layihədə müəyyən edilmiş koordinatlara uyğun aparılıbaparılmamasını dəqiqliklə müəyyən edilməsi mümkün olmamışdır. Tikintiyə icazə barədə 20.02.2020-ci il tarixli Xüsusi Nişanın surətindən görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 28.08.2018-ci il tarixli, 332 nömrəli Sərəncamı ilə Təbriz, T.Şıxəliyev və Malik Məmmədov küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarının “Sifarişçisi” X3 (Cavabdeh2 MTK-nın sədri), “Layihəçisi” X2 qeyd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 28.08.2018-ci il tarixli, 332 nömrəli Sərəncamının surətindən görünür ki, Təbriz, T.Şıxəliyev və Malik Məmmədov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh2 MTK-ya yaşayış binalarının tikintisinə icazə verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli, 10/4004 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 MTK tərəfindən inşa edilmiş “X5” yaşayış kompleksinin tikintisi təsdiq edilmiş layihəyə və həmin layihədə müəyyən edilmiş koordinatlara uyğun aparılmışdır. "xxxx" MMC-nin 15.02.2022-ci il tarixli, LP-065/2022 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 21 saylı evin 1 saylı mənzilin təmir-bərpası üçün 50000-55000 manat xərc tələb olunur, mənzilin hazırki bazar qiyməti 830000 manat, yanında hündürmərtəbəli yaşayış kompleksin inşasının mövcudluğu nəzərə alınmadan və təmirli vəziyyətdə olan bazar qiyməti 950000 manat təşkil edir. Mənzilin hazırki şəraiti – qarşısında mövcud olan infrastruktura uğun olaraq, yaşayış və icarəyə verilməsi əlverişli deyildir. Bu isə qeyd olunan əmlakın hazırki bazar dəyərinə mənfi təsir göstərmişdir. Məhkəmə iclasında tərələrin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 21 saylı evin 1 saylı mənzilin yanında Cavabdeh2 MTK tərəfindən «X4» yaşayış kompleksi inşa edilmişdir. İddiaçı cavabdeh tərəfindən yaşayış kompleksinin inşası ilə bağlı aparılan tikinti işlər nəticəsində mülkiyyətində olan evə maddi zərər yetirildiyini və həmin evin yararsız hala düşdüyünü iddia etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin hallarından göründüyü kimi iddiaçı cavabdeh tərəfindən yaşayış kompleksinin inşası ilə bağlı aparılan tikinti işlər nəticəsində mülkiyyətində olan evə maddi zərər yetirildiyini və həmin evin yararsız hala düşdüyünü iddia etsə də, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli, 10/4004 saylı ekspert rəyində ünvan 1 ünvanında yerləşən Cavabdeh2 MTK tərəfindən inşa edilmiş “X5” yaşayış kompleksinin tikintisi təsdiq edilmiş layihəyə və həmin layihədə müəyyən edilmiş koordinatlara uyğun aparılması qeyd edilmişdir. İddiaçı əmlakına cavabdeh tərəfindən zərərin vurulması sübut edə bilməmiş, bu hal məhkəmə araşdırması zamanı öz əksini tapmamış və həmçinin edilməmiş, cavabdeh tərəf isə bu halı etiraf etməmişdir. O da qeyd edilməlidir ki, iddiaçı iddia tələbində bildirdiyi kimi əmlakına ziyan vurulmasına "xxxx" MMC-nin 15.02.2022-ci il tarixli, LP-065/2022 saylı mütəxəssis rəyinə istinad etsə də, həmin mütəxəssis rəyində iddiaçıya məxsus əmlakın təmir-bərpası üçün 50000-55000 manat arası xərc tələb olunduğu qeyd edilmiş, lakin həmin xərcin cavabdeh tərəfindən aparılan tikinti işlər nəticəsində yaranması bildirilməmişdir. Bundan başqa mütəxəssis rəyindən iddiaçıya məxsus əmlakın yanında cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksin inşasının mövcudluğu nəzərə alınmadan və təmirli vəziyyətdə olan bazar qiyməti hazırki bazar qiymətindən daha yeksək olduğu bildilsə də, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş yaşayış kompleksinin tikintisi təsdiq edilmiş layihəyə və həmin layihədə müəyyən edilmiş koordinatlara uyğun aparılmışdır. Məhkəmə həmçinin iddianın digər cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə olan münasibətdə təkrar qeyd edir ki, iddiaçının mülkiyyətində olan əmlaka cavabdeh tərəfindən zərərin vurulması sübutlarla öz əksini tapmaması səbəbindən, iddia tələbi isə vurulmuş zərərin əvəzin ödənilməsi ilə bağlı olduğundan, iddia digər cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə olan münasibətdədə təmin edilməməlidir. İddia tələbinin əsaslanıdırılması ilə bağlı başqa sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddiaçı ona dəymiş zərərin əvəzini tələb etsə də, cavabdehin fəaliyyəti nəticəsində iddiaçının əmlakına maddi ziyan dəyməsi sübuta yetirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqbul hesab edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Aparılmış digər ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MTK-ya və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış digər ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-54/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-54/2022
01.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver