Məhkəmə qərarları › İş №2(005)-546/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-546/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-546/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında 2009-cu ildə torpaq sahəsi alaraq, fərdi yaşayış evi inşa etmişdir. Fərdi yaşayış evi inşa etdiyi ərazi yeni yaşayış massivi olduğuna görə çirkab suların axıdılması üçün kanalizasiya sistemi olmadığından şəxsi vəsaiti hesabına 100 metrdən artıq məsafədən 300 diametrlik boru vasitəsilə, 5 ədəd kanalizasiya beton quyusu olmaqla kanalizasiya xətti çəkmişdir. Qonşuluqda inşa edilmiş fərdi yaşayış evinin sahibələri yeni xəttin çəkilişinin baha gəldiyindən şəxsi hesabına çəkdiyi kanalizasiya xəttinə pul ödəməklə razılaşdırılıb qoşulmuşlar. Qonşuluqda fərdi yaşayış evi inşa edən cavabdeh kanalizasiya xəttinə qoşulmaq istəmiş və kanalizasiya xəttinə qoşulmaq üçün 600 manat məbləğində ödəniş etməli olduğunu bildirmişdir. Cavabdeh məbləğlə razılaşmış və kanalizasiya xəttinə qoşulduqdan sonra tez bir zamanda pulu ödəyəcəyinə söz vermişdir. O, cavabdehin qonşu olduğunu nəzərə alıb xəttə qoşulmağına icazə vermişdir. Kanalizasiya xəttinə qoşulduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq pul verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin cavabdeh tərəfindən ona təklif olunmuş 200 manat ödənişə razı olmadığını, pulun tam silinməsini tələb etdiyini qeyd etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ilə aralarında xidmət göstərilməsi və ödənişlərin edilməsi ilə bağlı müqavilə bağlanmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Tələbkar İddiaçı tərəfindən borclu Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, kanalizasiya xəttinə qoşulmaq üçün şifahi razılığa əsasən ödənilməli olan 600 manat pul ödənilməmiş, ödənişin həyata keçirilməsi üçün 3 gün vaxt verilmişdir. Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində Azərbaycan Dövlət X2 tərəfindən kanalizasiya xətləri inşa edilməmişdir. Qeyd olunan küçədə mövcud olan kanalizasiya xətləri vətəndaşlar tərəfindən tikinti norma qaydalarına uyğun olmayaraq inşa edilmişdir. Aktdan görünür ki, qonşular Vidadi Quliyev küçəsində kanalizasiya xətti olmadığı üçün qonşu İddiaçı tərəfindən evinin qarşısında 100 metrdən artıq olmaqla 300 mm diametrli borularla xətt çəkdirmişdir. Bu kanalizasiya xəttinə qonşular çəkilən xərclər ilə razılaşaraq qoşulmuşlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı tərəfindən yaşayış massivində çirkab suların axıdılması üçün şəxsi vəsait hesabına kanalizasiya xətti çəkilərək, ümumi kanalizasiya sisteminə qoşulmuşdur. İddiaçının qonşuları həmin xəttə qoşularkən qonşuluq münasibətindən irəli gələrək iddiaçıya müəyyən ödənişlər etmişlər. Hazırda iddaçı isə çəkilmiş kanalizasiya sisteminə qoşulmaq üçün Cavabdeh tərəfindən ona ödəniş edilməli olduğunu iddia edərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq, İddiaçı kanalizasiya xəttinə qoşulmaq üçün çəkilmiş xərclərin əvəzi olaraq 600 manat məbləğində vəsaitin ödənilməsini Cavabdeh o vaxt tələb edilə bilərdi ki, bu münasibətlərlə bağlı cavabdeh üzərinə öhdəlik götürmüş olsun. Lakin tərəflər arasında bu cür öhdəliyin əmələ gəlməsi və yerinə yetirilməsinə əsas verən əqd bağlanmamışdır. Öhdəliyin əmələ gəlməsi əsası kimi əqdin olmaması ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar da onlar arasındakı münasibətlərdə mövcud deyildir. Həmçinin kanalizasiya xətləri ilə bağlı həyata keçirilən fəaliyyətə görə xidmət haqqının tələb edilməsi hüququ qanunvericiliklə səlahiyyətləri sırasına daxil edilmiş Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti publik hüquqi şəxsinə məxsusdur. Yəni səlahiyyətli subyektlər tərəfindən nəticələri maddi ifadə kəsb edən fəaliyyətə görə haqqın ödənilməsi yolveriləndir. Lakin Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində kanalizasiya xətlərinin həmin qurum tərəfindən deyil, vətəndaşlar tərəfindən tikinti norma qaydalarına uyğun olmayaraq inşa edildiyi göstərilmişdir ki, bu səbəbdən də İddiaçı həmin xəttə görə haqq ödənilməsini istəyə bilməz. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Dəymiş ziyanın mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının iddia etdiyi məbləğin cavabdeh tərəfindən ona ödənilməli olmasına dair etibarlı sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Mülki Prosessual Məcəllənin sübutların mümkünlüyünü əks etdirən 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar