Məhkəmə qərarları › İş №2(005)-5462/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5462/2025

08.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5462/2025 08.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5810 (beş min səkkiz yüz on) manat və dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 80 manat məbləğində pulun tutularaq ödənilməsinə dar qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti münasibətlərini tənzimləyən 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddənin məzmunundan göründüyü kimi, qanunvericilik bu kontekstdə hər hansı istisna nəzərdə tutmayıb. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Plenum Qərarına əsasən, mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddia tələbi “maddi zərərin ödənilməsi” barədədir, iddiaçı iddia ərizəsində cavabdehin ünvanı kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu, fərdi tikili ünvanını göstərmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışla müəyyən olunur ki, cavabdeh qismində göstərilmiş Cavabdeh qeydiyyat ünvanı ünvan 2 həmin ünvanın yerləşdiyi ərazi Bakı şəhəri Nərimanov rayonu Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin sonuncu tərəfindən icraata qəbul edilərək baxılması da qanunvericiliyin tələblərinə uyğun deyildir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 36.6-cı maddəsinə istinad etməklə hazırkı iddia ərizəsinə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılmalı olmasını göstərir AR MPM-in 36.6-cı maddəsinə əsasən, xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Alternativ aidiyyətin müəyyən edilməsində qanunvericinin məqsədi müəyyən səbəblərdən imkanları məhdud olan iddiaçılara öz mənafelərini daha rahat müdafiə etmək üçün aidiyyətin ümumi qaydalarından kənara çıxaraq başqa məhkəməyə iddia ilə müraciət etmək imkanı yaratmışdır. Məhkəmə hesab edir ki, hazırki tələb qeyd olunan kateqoriyadan olan iddialara aid edilə bilməz. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı pulu xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə əlaqədar yaranmış zərərin əvəzi (tibbi xərclər, sağlamlığının bərpası üçün çəkilmiş xərclər və s.) kimi deyil, qəza nəticəsində əmlakına (dəbilqə, kamera və s.) dəymiş maddi zərəri və taksi xərclərini tələb edir. Bu səbəbdən hazırkı iddia üzrə mübahisəyə alternativ aidiyyət qaydasında deyil, cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə ümumi aidiyyət üzrə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin tələbinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3, 152.1.3, 152.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə ödənilmiş 79 (yetmiş doqquz) manat (GPP qəbz nömrəsi: **********) dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar