Məhkəmə qərarları › İş №2(005)-5587/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5587/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5587/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı xeyrinə 2850 manat və iddia ərizəsi üçün ödədiyim 50 manat dövlət rüsumu, toplam olaraq 2900 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında ondan 2850 manat pul vəsaitinin alınması barədə 10 mart 2021-ci il tarixdə kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh 10.10.2022-ci il tarixədək hər ay 150 (bir yüz əlli) manat mənə qaytarmağı öhdəsinə götürmüşdür.Cavabdeh müqavilədə göstərilən məbləği qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir.Bundan sonra iddiaçı Hüseynov X1 rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi 15.09.2021 -ci il tarixli, 079-9380H-1221 nömrəli cavab məktubu ilə bildirmişdir ki, İddiaçı ərizəsində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. Həmçinin Cavabdeh Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin rəisi, polis mayoru cənab Xəyal Şükürova 20.10.202l-ci il tarixli izahatında kredit ödənişini etmədiyini etiraf etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.03.2021-ci il tarixli müqavilədən görünür ki, "Borc verən" 'Borc alana" 2850 manat 00 qəpik (iki min səkkiz yüz əlli manat sıfır qəpik) məbləğində notariusun bankda açılmış depozit hesabı vasitəsilə pul borc verir, "Borc alan” krediti 10 10.2022 tarixinədək hər ay 150 ( bir yüz əlli manat) "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirilər, kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir.”Borc alan" kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir.Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır.“Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmədıqca və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.Bu müqaviləyə dəyişikliklər və yə əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alan" çəkir, bu müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir.Müqavilə tərəflərinə onların hüququ vo vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. 19.11.2021-ci il tarixli 6885 nömrəli "xxxx" ASC-nin qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi 15.09.2021 -ci il tarixli, 079-9380H-1221 nömrəli cavab məktubundan görünür ki, İddiaçı 09.09.2021-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nə ünvanladığı ərizə araşdırılması üçün, 16-cı PB-nin sahə rəisi, polis baş leytenantı Yasin Abbasovun icraatına daxil olmuşdur. Belə ki, iş yoldaşı Cavabdeh adlı şəxs barəsində yazdığı ərizə araşdırılmış və ərizəsində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu üçün, məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 2850 manat və iddia ərizəsi üçün ödədiyim 50 manat dövlət rüsumu, toplarn olaraq 2900 manat pul vəsaiti ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.850 manat və ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 2.900 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar