Məhkəmə qərarları › İş №2(005)-566/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-566/2022

21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-566/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 800 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması və mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 200 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, N.Nərimanov rayonu Ağa Nemətulla küçəsi 18 mənzil № 52 sahibidir. Oktyabr 2021-ci il tarixdə iddiaçının mənzilini bir mərtəbə yuxarısında yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Mətbəxdəki təzə yığılmış mebellər xarab olmuş, mətbəxin divar kağızları, polu, elektrik sistemi sıradan çıxmış, yataq otağının tavanı zərər görmüşdür. İddiaçının mənzilindən yuxarıda 55 №li mənzildə Cavabdeh Tariel (S.A.A.) yaşayır. Baş verənlərin səbəbi su borularının sıradan çıxmasıdır. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu Aktla təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni: mebellər, elektrik xətti və divar kağızları, yataq otağının tavanı su sızmasından korlanmışdır. Korlanmış əşyalar və ziyan deyilən sahələr sübut kimi təqdim oluna bilər. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 800 manat təşkil edir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində təmirçinin tərtib etdiyi smetaya əsasən təmir dəyəri 200 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Məhkəmə iclasında iddiaçı iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda mənzilinin bərpası üçün təmir işlərinin dəyərinin dahağ çox olduğunu, xərcin iddia ərizəsindən göstərdiyi məbləğdən artıq olduğunu bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 18, 52 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2435 nömrəli reyestr kitabının 226692 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır; Tədqiqatçı MTK idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktına əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 18 saylı evin, 55 saylı mənzilinə baxış keçirilmiş və həmin ünvanda olarkən məlum olmuşdur ki, həmin mənzildə yaşayan sakinlər tərəfindən su tökülməsi nəticəsində 52-ci mənzil və içərisindəki əşyalar həqiqətən pis vəziyyətə qalmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2022-ci il tarixli, 10/1128 nömrəli rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planını, yəni iddiaçıya məxsus 62 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 55 saylı mənzilin isə binanın 5-ci mərtəbəsində yerləşdiyini, 52 saylı mənzilin mətbəx, yaşayış otağı və ayaqyolu tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 18 nömrəli evin, 52 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 55 saylı mənzildən su axıdıldığı və nəticədə 52 saylı mənzilin mətbəx, yaşayış otağı və ayaqyolu tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 18 nömrəli evin, 52 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 722,0 manat məbləğində müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 18, 52 saylı mənzili İddiaçı, 55 nömrəli mənzili isə Cavabdeh məxsusdur. İddiaçı cavabdehin mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını və nəticədə yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 800 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması və mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 200 manat zərər vurulduğunu iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Tədqiqatçı MTK idarəsi tərəfindən verilmiş akta əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 18 saylı evin, 55 saylı mənzilinə baxış keçirilmiş və həmin ünvanda olarkən məlum olmuşdur ki, həmin mənzildə yaşayan sakinlər tərəfindən su tökülməsi nəticəsində 52-ci mənzil və içərisindəki əşyalar həqiqətən pis vəziyyətə qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2022-ci il tarixli, 10/1128 nömrəli rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planını, yəni iddiaçıya məxsus 62 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 55 saylı mənzilin isə binanın 5-ci mərtəbəsində yerləşdiyini, 52 saylı mənzilin mətbəx, yaşayış otağı və ayaqyolu tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 18 nömrəli evin, 52 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 55 saylı mənzildən su axıdıldığı və nəticədə 52 saylı mənzilin mətbəx, yaşayış otağı və ayaqyolu tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 18 nömrəli evin, 52 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 722,0 manat məbləğində müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Bununla belə, məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bununla belə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 722 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının iddia tələbində göstərdiyi məbləğdən artıq məbləğin tutulmasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 800 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması və mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 200 manat olmaqla ona dəymiş maddi zərər olaraq cəmi 1000 manat tələb etmişdir. Bu baxımdan, iş üzrə verilmiş ekspert rəyi vurulmuş zərərin məbləğinni müəyyən olunması baxımından sübut kimi qiymətləndirilməklə Cavabdeh 722,0 (yeddi yüz iyirmi iki) manat məbləğində maddi ziyan tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 722 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 722,0 (yeddi yüz iyirmi iki) manat məbləğində maddi ziyan tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar