Məhkəmə qərarları › İş №2(005)-576/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-576/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-576/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh 4200 manat və banka ödəyəcəyi əlavə 1500 manat olmaqla, cəmi 5500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Hacıhüsevn oğlu ilə 2022-ci ilin sentyabr ayında sosial şəbəkə üzərindən tanış olmuşdur. Təxminən 3-4 gün ünsiyyətdə olduqdan sonra münasibətlərini daha da genişləndirmək məqsədi ilə görüşmək qərarına gəlmişlər. Onunla ilk görüşü Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən restoranların birində olmuşdur. Görüş zamanı cavabdeh idman müəllimi işlədiyini, özü üçün idman zalı açmaq istədiyini, bu iş üçün ona yaxın zamanda idman alətləri lazım olacağını bildirmişdir. İlk görüşdən bir gün sonra cavabdeh zəng edərək bildirmişdir ki, zalın açılışı üçün ölkəyə gələn idman alətləri hazırda gömrükdə qalıb və onları götürmək üçün müəyyən miqdarda pul lazımdır. Pulunun olmadığını demişdir. Cavabdeh təklif etmişdir ki, rəsmi iş yeri olduğu üçün kredit götürərək ona versin və həmin məbləği yaxın günlərdə qaytaracaq, həmçinin əlavə olaraq da həmin zaldan əldə etdiyi gəlirlərdən müəyyən məbləğdə pul verəcək. Tikilməkdə olan zalın fotoşəkillərinin göstərmişdir. Həmin fotoşəkillərdən görsənirdi ki, həqiqətəndə zalda təmir işləri gedir. Cavabdehə inanmış və razılıq vermişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh zəng edərək görüşmək istədiyini bildirmişdir. Təxminən 09:00 radələrində "xxxx" ASC-nin qarşısında görüşmüşlər və həmin bankda öz adına kredit yolu ilə rəsmləşdirdiyi 4200 manat pulu götürərək, cavabdehə vermişdir. Həmin gün cavabdeh bildirmişdir ki, təxminən 1 aydan sonra idman zalı işləməyə başlayacaq və gəlir əldə etməyə başladığı vaxtdan etibarən bankdan götürdüyü pulu qaytaracaq və təşəkkür bildirmək üçün əlavə ***-**** manat arası pul qaytaracaqdır. Bundan təxminən 2 gün sonra cavabdehlə əlaqə yaratdığı zaman ona zəng çatmamış və aldadıldığının fərqinə varmışdır. Uzun müddət keçməsinə baxmayaraq cavabdehlə əlaqə yarada bilməmişdir. xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə və Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən Cavabdeh 4200 manat və banka ödəyəcəyi əlavə 1305,06 manat olmaqla, cəmi 5505,06 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə ərizə verərək, işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, GTKR6468043A122 nömrəli Kredit müqaviləsindən görünür ki, İddiaçı 35 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 4200 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətlərdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür; Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı ilə 2022-ci il tarixdən etibarən sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Bir müddət yazışdıqdan sonra onunla sevgili kimi qeyri-rəsmi münasibətdə olmağa başlamışlar. 2022-ci ilin payız ayında protein alıb qazanc əldə etmək üçün pul lazım olduğundan, bu barədə İddiaçı bildirmiş, ondan 4200 manat borc olaraq pul istəmişdir. 2022-ci ilin sentyabr ayında İddiaçı ilə görüşərək Bakı səhəri, Nəsimi ravonu, 28 Mail ticarət mərkəzinin yaxınlığında yerləsən "xxxx" ASC-yə yaxınlaşmışlar. İddiaçı ona bildirmişdir ki, öz adına kredit götürərək ona borc olaraq verəcəkdir. Həmin gün İddiaçı öz adına kredit müqaviləsi rəsmiləşdirərək bankdan pul götürmüş və məhz bankın qarşısında həmin pulu ona vermişdir. 1 gün sonra proteinlərin ölkəyə gətirilməsi ücün tanıdığı həmin məbləği “Rizvan” adlı səxsə vermiş, lakin bir müddət sonra Rizvanın yoxa çıxdıgı ücün qazanc əldə edib İddiaçı ondan aldığı pulu qaytara bilməmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh İddiaçı oğlundan idman zalının avadanlıqları üçün 4200 manat borc pul istəmiş və sonuncu həmin məbləği bankdan kredit götürərək, cavabdehə vermişdir. Cavabdeh götürdüyü pulun əvəzində borcdan əlavə idman zalından əldə ətdiyi gəlirdən pul vəd etsə də, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda iddiaçı qeyd edilən 4200 manat borc məbləğində pulun və kredit müqaviləsi üzrə 1305,06 manat faiz borcunun əvəzinin tutulmasını xahiş edir. Qeyd edilən məbləğdə pulun cavabdehin mülkiyyətinə verilməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda öz təsdiqini tapmışdır. Bununlada, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Sadalanan mülki qanunvericiliyin normalarına əsasən müəyyən etmək olar ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddia tələbinin digər əsasını təşkil edən Mülki Məcəllənin 882.1 və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarında Cavabdeh iddiaçıdan 4200 manat pulun almasını etiraf etmişdir. Həmçinin pulu bankdan kredit götürərək ona verildiyi və kredit borcunun ödənilməsində iştirak edəcəyini etiraf etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, iddiaçı tərəfindən Cavabdeh 4200 manat məbləğində pulun verilməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapır və sübuta yetirilir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə banka ödəniləcək 1305,06 manat faiz borcunun əvəzinin cavabdehdən tutulması hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, iddiaçı bankdan kredit borcu götürərək cavabdehə həmin məbləği bütovliklə vermişdir. Cavabdeh öz növbəsində borcu qaytaracağını və əlavə olaraq gəlirdəndə pul verəcəyini vəd etmişdir. Lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu səbəbdən risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4200 manat məbləğində pul və banka ödəniləcək əlavə faiz pulun əvəzi olan 1305,06 manat tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4200 manat məbləğində pul və banka ödəniləcək əlavə faiz pulun əvəzi olan 1305,06 manat İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar