Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-58/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı «dəymiş maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sökülmüş xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyriyaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, lahiyədə nəzərdə tutulmuş qaydada üç tərəfə çıxışı olan 400 kv.m təmirli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, 2020-ci ilin mart ayından hesablanmaqla qeyri-yaşayış sahəsi ona təhvil verilən günədək hər ay 5000 manat əldən çıxmış gəlirin, qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radyatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “mitsubişi” markalı kondisioner, dəyəri 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanılması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radyatorunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 322,1 kv.m qeyri-yaşayış sahəsi 13.11.2001-ci il tarixli, 000387 nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin bir hissəsini aptek kimi özü işlədirdi. Qalan hissəsini isə icarəyə verməklə gəlir əldə edirdi. 322,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi tam təmirli vəziyyətdə idi. 2020-ci ilin mart ayında cavabdeh şirkət tərəfindən qeyri-yaşayış sahəsinin üzərində olan yaşayış evlərini sökərkən mülkiyyətində olan əmlaka ciddi ziyan vurmuşdur. Artıq qeyri-yaşayış sahəsinin qapı və pəncərələri sökülərək tam yararsız hala düşmüşdür. Cavabdeh şirkətin rəhbərlərindən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymağı tələb etsə də, nəticəsi olmadı. Artıq pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb məhkəmə müdafiəsindən istifadə etmək hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 24.01.2002-ci il tarixli Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və X2 notarial təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 322,1 kv.m qeyriyaşayış sahəsinin balans saxlayıcısı və ya mülkiyyətiçisi İddiaçı Cəbrail qızıdır. Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 322,1 kv.m qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və 13.11.2001-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21.12.2017-ci il tarixli, 529 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan ərazidə yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanması məqsədi ilə Cavabdeh MMC-yə həvalə edilməsi qərara alınmışdır. “X1” MMC-nin 30.06.2021-ci il tarixli, 265 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşmiş və hazırda sökülmüş qeyri-yaşayış sahəsinin 1 kv.m-nin həmin vaxta icarə (kirayə) haqqının dəyəri 14 manat, ümumilikdə icarəyə (kirayə) haqqının dəyəri isə 4509 manat məbləğində müəyyən edilmişdir. X3 Mərkəzi” MMC-nin 05.11.2021-ci il tarixli, YD-122 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 322.1 kv.m olan qeyri-yaşayış sahəsinin qiymətləndirmə tarixinə hər 1 kv.m üçün icarə haqqının bazar dəyəri 10,54 manat, ümumilikdə isə 3400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim etdiyi və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, C.Hacəbəyli küçəsi 2 ünvanında yerləşən 322,1 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin ərazidə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21.12.2017-ci il tarixli, 529 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. "N-Turan” MMC mülkiyyətçi kimi iddiaçı ilə müqavilə bağlamadan, əmlakın pulunu bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mülkiyyətində olan qeyri-yaşayış sahəsini uçurub dağıtmaqla bağlamış, pəncərələrinin şüşələrini dağıtmış, qapılarını yerindən söküb dağıtmaqla əmlakı yararsız vəziyyətə saldığı müəyyən edilmişdir. Hazırda həmin əmlakdan istifadə edilməsi qeyri mümkündür. Cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində qeyri-yaşayış sahəsi tam yararsız vəziyətə salınmışdır. Cavabdeh tərəfindən həyata keçirilmiş söküntü işləri nəticəsində əmlakın bir hissəsi məhv edildiyindən iddiaçının hüquqları pozulmuş, əmlakı barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı aradan qaldırılmışdır. Məhkəmə iş üzrə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə hesab edir ki, iddia tələbi şəxsin daşınmaz əmlaka hüquqla bağlı olduğundan Avropa presedentlərinin tətbiqi baxımından da bəzi məsələlər təhlil olunmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin hallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, C.Hacəbəyli küçəsi 2 ünvanında yerləşən 322,1 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Bununla belə cavabdeh həmin ərazidə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21.12.2017-ci il tarixli, 529 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınsa da, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacəbəyli küçəsi 2 ünvanında yerləşən əmlaka dair İddiaçı ilə razılaşmadan, müqavilə bağlamadan, əmlakın dəyərini bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mülkiyyətində olan əmlakı dağıtmaqla bağlamış və yararsız vəziyyətə saldığı müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində əmlak yararsız vəziyətə salınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi cavabdeh təşkilatın təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymiş, əmlakı bərpası mümkünsüz olan vəziyyətə gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iddia tələbi “cavabdeh tərəfindən sökülmüş iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, lahiyədə nəzərdə tutulmuş qaydada üç tərəfə çıxışı olan 400 kv.m təmirli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi” hissəsində qismən əsaslı olduğundan, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Mənzil- Tikinti Kooperativininşikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mövcud qanunvericilikdəŞəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi iləqəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalaraydın göstərilməmişdir. Buqaydaların dəqiq müəyyən olunmamasıbəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrəKonstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelərrəhbərtutulmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında sökülmüş əmlakın əvəzində daha artıq sahəsi olan və inşa ediləcək hündürmərtəbəli binanın birinci mərtəbəsinin hansı hissəsində əmlakın verilməsinə dair razılaşma və ya müqavilə olmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olmuş qeyriyaşayış sahəsi istifadədə olmuş, yəni təmirli və kommunal təminatlı olmuşdur. Odur ki, cavabdeh tərəfindən sökülmüş iddiaçıya məxsus qeyri-yaşayış sahəsi 322,1 kv.m olduğundan və həmin sökülmüş əmlakın əvəzinə eyni həcmdə və mütənasib olan təmirli əmlakın verilməsi daha ədalətlidir. Məhkəmə iddianın “2020-ci ilin mart ayından hesablanmaqla qeyri-yaşayış sahəsi ona təhvil verilən günədək hər ay 5000 manat əldən çıxmış gəlirin ödənilməsi” hissəsində qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacəbəyli küçəsi 2 ünvanında yerləşmiş və hazırda sökülmüş qeyri-yaşayış sahəsinin 1 kv.m-nin icarə (kirayə) haqqının dəyəri “X1” MMC-nin 30.06.2021-ci il tarixli, 265 saylı rəyində 4509 manat məbləğində və X3 Mərkəzi MMC-nin 05.11.2021-ci il tarixli, YD-122 nömrəli rəyində isə 3400 manat məbləğində müəyyən edilmişdir. Odur ki, rəylərdə göstərilən məbləğlərin orta məxrəclərinin hesablanmasını yəni, (4509 manat + 3400 manat) : 2= 3954,5 manat məbləğində pulun 2020-ci ilin mart ayından əmlakın iddiaçıya təhvil verilən günədək hesablanmaqla iddiaçıya cavabdeh tərəfindən ödənilməsini məqbul hesab edir. Məhkəmə iddia tələbi “qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radyatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “mitsubişi” markalı kondisioner, dəyəti 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radyatorunun cavabdehdən alınaraq ona verilməsi” hissəsində əsaslı olduğundan, iddia həmin hissədə tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş rüsumun əvəzi tələb olunmadığından Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, Cavabdeh MMC tərəfindən sökülmüş İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində eyni sahəli və mütənasib olan təmirli qeyri-yaşayış sahəsinin ona təhvil verilməli, 2020-ci ilin mart ayından başlayaraq əmlakın iddiaçıya təhvil verilən günədək hər ay kirayə haqqı əvəzinə 3954,5 manat məbləğində pul iddiaçıya cavabdeh tərəfindən ödənilməli, qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radyatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “mitsubişi” markalı kondisioner, dəyəti 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radyatorunun cavabdehdən alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən sökülmüş İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində eyni sahəli və təmirli qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, 2020-ci ilin mart ayından əmlakın iddiaçıya təhvil verilən günədək hər ay kirayə haqqı əvəzinə 3954,5 manat məbləğində pul İddiaçı Cavabdeh MMC tərəfindən ödənilməsi, qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapının, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radyatorunun, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca aristonun, ümumi dəyəri 8500 manat olan 6 ədəd “mitsubişi” markalı kondisionerin, dəyəti 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanması üçün soyuducunun, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducunun, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyfin və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radyatorunun İddiaçı verilməsi Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-58/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-58/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver