Məhkəmə qərarları › İş №2(005)-58/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-58/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-58/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3762,34 ABŞ dolları əsas borc, 4971,71 ABŞ dolları faiz borcu, 611,1325 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1221,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 10566,8325 ABŞ dolları borcun və 143,89 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 12740 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2021-ci ilədək Cavabdeh1 banka kredit müqaviləsi üzrə 3762,34 ABŞ dolları əsas borc, 4971,71 ABŞ dolları faiz borcu, 2444,53 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1221,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12400,23 ABŞ dolları borcu vardır. Kredit müqaviləsi üzrə banka olan cərimə borcunun 2444,53 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 611,1325 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-MZ-1-0-2090-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit verilmiş və Cavabdeh2 borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün birgə məsuliyyəti üzərinə götürmüşdür; xx.xx.2014-cü il tarixli, 6-MZ-1-0-2090-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, kreditin müddəti 32 ay 21 gün müddətinədək, yəni xx.xx.2017-ci il tarixinədək uzadılmışdır; İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 6-MZ-1-0-2090-14 saylı kredit müqavilə üzrə cavabdehin banka əsas borc üzrə 3762,34 ABŞ dolları, faiz borcu üzrə 4971,71 ABŞ dolları, cərimə borcu üzrə 2444,53 ABŞ dolları, illik beş faiz hesablanmaqla faiz borcu üzrə 1434,5 ABŞ dolları olmaqla, ümumilikdə 12613,08 ABŞ dolları məbləğində borcu yaranmışdır; İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği 5 gün müddətində könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/364 saylı ekspert rəyindən görünür ki, mülki işin 15-17 vərəqlərində olan "xxxx" İKS ASC-nin xx.xx.2017-cü il tarixli, 6-MZ-1-0-2090-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinin 1-ci və 2-ci vərəqlərində “Zamin” qrafalarındakı imzalar, 3-cü vərəqində “18.3. “Zamin”: Cavabdeh2” qrafasından aşağı hissədə yerləşən imza, 19-cü vərəqində olan xx.xx.2014-cü il tarixli, 6-MZ-1-0-2090-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavədə “Zamin” qrafasında imza – eyni şəxs Cavabdeh2 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 138 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4835 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 6-MZ-1-0-2090-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 8806,20 ABŞ dolları, faiz borcu üzrə 3538,06 ABŞ dolları; Maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2021-ci il tarixə illik 5% hesablamaqla əsas borc üzrə 5902,30 ABŞ dolları, faiz borcu üzrə 3196,35 ABŞ dolları təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8140 saylı ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli, 6- MZ-1-0-2090-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borc üzrə 5902,30 ABŞ dolları, faiz borcu üzrə 1700,35 ABŞ dolları və illik beş faiz hesablanmaqla 1546 ABŞ dolları təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında borclu Cavabdeh1 illik 28 faiz dərəcəsi ilə, 24 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit verilməsinə və Cavabdeh2 borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün birgə məsuliyyəti üzərinə götürməsinə dair xx.xx.2014-cü il tarixində bank hesabı, kredit və zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli müqavləyə əlavə ilə kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən öhdəliyin lazımi qaydada icra edilmədiyinə əsaslanaraq 3762,34 ABŞ dolları əsas borc, 4971,71 ABŞ dolları faiz borcu, 611,1325 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1221,65 ABŞ dolları məbləğində pulun, cəmi 10566,8325 ABŞ dolları borcun onlardan tutularaq iddiaçıya ödənilməsini xahiş edir. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materiallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-MZ-1-0-2090-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən bank borc alan Cavabdeh1 kredit verməyi, borc alan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin digər Cavabdeh2 kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin lazımi qaydada icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bu səbəbdən İddiaçı ASC hər iki cavabdehdən müştərək qaydada kredit borcunun tutulmasını tələb edir. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdehə kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun kredit müqaviləsi üzrə 3762,34 ABŞ dolları əsas, 4971,71 ABŞ dolları faiz, 611,1325 ABŞ dolları cərimə borcu və illik 5 faiz hesablanmaqla 1221,65 ABŞ dolları məbləğində borcu, cəmi 10566,8325 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh2 vəsatəti ilə iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş, müqavilədəki imzanın ona məxsus olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, borcun hesablanmasında müəyyən anlaşılmazlıqlar olduğundan təkrar ekspertiza keçirilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8140 saylı ekspert rəyinə əsasən qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 5902,30 ABŞ dolları, faiz borcu üzrə 1700,35 ABŞ dolları, illik 5 faiz dərəcəsi ilə hesablanmaqla 1546 ABŞ dolları borcu olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırki iş üzrə borclu Cavabdeh1, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını əsas borcludan tələb etməkdə haqlı olmuşdur. Əsas və faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8140 saylı ekspert rəyində Cavabdeh1 xx.xx.2021-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcunun 5902,30 ABŞ dolları olduğu müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, əsas borca görə 3762,34 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Faiz borcu ilə bağlı qeyd edilməlidir ki, iddiaçı 4971,71 manat faiz borcunun ödənilməsini tələb etsə də, göstərilən ekspert rəyində faiz borcunun 1700,35 ABŞ dolları olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, faiz borcuna görə sonuncu ekspert rəyində göstərilən məbləğ - 1700,35 ABŞ dolları məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2 və 467-ci maddələrinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddələrin məzmunundan göründüyü kimi, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə faizlər hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış etməməlidir. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu olmaqla, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks hal öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank tərəfindən ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimənin məbləği azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borc alan cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının ərizəsində gecikdirilmiş vaxt üçün 1221,65 ABŞ dolları pul tutulmasını tələb etməsini (iş üzrə keçirilmiş sonuncu ekspert rəyində həmin faiz borcu 1546 ABŞ dolları göstərilmişdir) nəzərə alaraq, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcuna görə 1221,65 ABŞ dolları məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin zaminə yönəldilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinin məzmununa uyğun olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyə xitam verilməsi ilə bağlı qeyd olunmalıdır ki, zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də ondan ibarətdir ki, zamin bir qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması, qeyri-müəyyən müddətə məsuliyyət daşımasının qarşısının alınması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin mövcudluğu müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Hazırki iş üzrə xx.xx.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsində zaminliyin verilmə müddəti müəyyən edilməmişdir. Belə ki, müqavilənin 11.3-cü bəndinə görə, zaminlik icrasını təmin etdiyi kredit məbləği, faizlər və digər ödənişlər banka tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Göründüyü kimi, müqavilə zaminliyin verilmə müddəti əvvəlcədən müəyyən edilmədən bağlanmışdır. xx.xx.2014-cü il tarixli təminatlı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2015-ci il tarixli əlavə üzrə əsas öhdəliyin icra müddəti xx.xx.2017-ci il tarixdə bitdiyindən, zaminlik həmin tarixdən sonra 1 il, yəni xx.xx.2018-ci ilədək qüvvədə olmuşdur. İddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə xx.xx.2021-ci ildə, zaminlik xitam olunduqdan sonra müraciət etdiyindən, borcun zamin Cavabdeh2 münasibətdə tələb edilməsi mülki qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən normaları ilə ziddiyyət təşkil edir. Beləliklə, zamin xx.xx.2018-ci il tarixdən kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmışdır və həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıya bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 kredit müqaviləsi üzrə borcun tutulması hissəsində əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyərlərinin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 müqavilədəki imzaların ona aid olmadığına istinad edərək iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini tələb etdiyindən, lakin aparılmış tədqiqatın nəticəsində imzaların Cavabdeh2 aid olduğu müəyyən edildiyindən və həmin hal əlavə məhkəmə xərclərinin yaranmasına səbəb olduğundan, həmin ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul Cavabdeh2 tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş tələblərə mütənasib olaraq iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan (hər biri 100 manat olmaqla, cəmi 200 manat) 200 manatın 72 manatı İddiaçı ASC-dən, 128 manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 3762,34 ABŞ dolları, faiz borcu üzrə 1700,35 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcu üzrə 1221,65 ABŞ dolları, cəmi 6784,34 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş tələblərə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 143,89 manatın 92 manatı tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia digər Cavabdeh2 münasibətdə və qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 138 manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının tədqiqat dəyəri olan (hər biri 100 manat olmaqla, cəmi 200 manat) 200 manatın 72 manatı İddiaçı ASC-dən, 128 manatı Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 münasibətdə qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 3762,34 ABŞ dolları, faiz borcu üzrə 1700,35 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcu üzrə 1221,65 ABŞ dolları, cəmi 6784,34 (altı min yeddi yüz səksən dörd ABŞ dolları, otuz dörd sent) ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş tələblərə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 143,89 manatın 92 (doxsan iki) manatı tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia digər Cavabdeh2 münasibətdə və qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 138 (yüz otuz səkkiz) manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının tədqiqat dəyəri olan (hər biri 100 manat olmaqla, cəmi 200 manat) 200 manatın 72 (yetmiş iki) manatı İddiaçı ASCdən, 128 (yüz iyirmi səkkiz) manatı Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar