Məhkəmə qərarları › İş №2(005)-586/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-586/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-586/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İddiaçı” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2955.63 (iki min doqquz yüz əlli beş manat, altmış üç qəpik) manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 359.41 (üç yüz əlli doqquz manat, qırx bir qəpik) manat, cəmi 4221.83 (dörd min iki yüz iyirmi bir manat, səksən üç qəpik) manat kredit borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2955.63 (iki min doqquz yüz əlli beş manat, altmış üç qəpik) manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 359.41 (üç yüz əlli doqquz manat, qırx bir qəpik) manat, cəmi 3315,04 (üç min üç yüz on beş manat, dörd qəpik) manat kredit borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, ***-*******/F №-li kredit müqaviləsinə əsasən ona illik 20 (iyirmi) faiz dərəcəsi ilə 3300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Sizə kredit 24 (iyirmi dörd) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsəsən bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 2955.63 (iki min doqquz yüz əlli beş manat, altmış üç qəpik) manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 359.41 (üç yüz əlli doqquz manat, qırx bir qəpik) manat, cəmi 4221.83 (dörd min iki yüz iyirmi bir manat, səksən üç qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Həmin müqavilənin 3.1.4-cü bəndinin tələbinə görə Borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini Tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, Borcalan tərəfindən annuitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə Bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2020-ci il tarixdə cəmi 6.07 (altı manat, yeddi qəpik) manat məbləğində ödənilmişdir. İddiaçı «İddiaçı” ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X2 iddia tələbini qismən qəbul edərək, borcunu ödəmək üçün ona vaxt lazım olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, pandemiya ilə əlaqədar bizneslə məşğul ola bilmədiyindən banka olan borcunu ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsindən görünür ki, «İddiaçı” ASC tərəfindən Cavabdeh illik 24 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3.300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir; «İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******/F nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (sonuncu ay 169,12) hər ay 167,96 manat ödəməli idi; xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «İddiaçı” ASC-yə xx.xx.2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 2955,63 manat məbləğində əsas, 359,41 məbləğində faiz borcu, ümumilikdə 4221,83 AZN məbləğində borcu yaranmışdır; İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, «İddiaçı” ASC tərəfindən cavabdehə 3 iş günü ərzində yaranmış borcun ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3.300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh xx.xx.2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin banka 2955.63 (iki min doqquz yüz əlli beş manat, altmış üç qəpik) manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 359.41 (üç yüz əlli doqquz manat, qırx bir qəpik) manat, cəmi 3315,04 (üç min üç yüz on beş manat, dörd qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******/F saylı kredit müqavilənin icra müddəti bitməmiş, iddiaçı müqavilənin ləğv olunmasını xahiş edir. «İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsi 3.1.4-ci maddəsinin tələbinə görə kreditor verdiyi krediti hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsi ləğv edilərək xx.xx.2020-ci il tarixə 2955.63 (iki min doqquz yüz əlli beş manat, altmış üç qəpik) manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 359.41 (üç yüz əlli doqquz manat, qırx bir qəpik) manat, cəmi 3315,04 (üç min üç yüz on beş manat, dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh «İddiaçı” ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsi ləğv edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2955.63 (iki min doqquz yüz əlli beş manat, altmış üç qəpik) manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 359.41 (üç yüz əlli doqquz manat, qırx bir qəpik) manat, cəmi 3315,04 (üç min üç yüz on beş manat, dörd qəpik) manat kredit borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu «İddiaçı” ASCnin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar