Məhkəmə qərarları › İş №2(005)-598/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-598/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-598/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4600 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əvvəllər tanıdığı Diplomatik İdarədə çalışarkən Cavabdeh xx.xx.2022-ci il tarixdə 4600 manat məbləğində borc pul vermişdir. Cavabdeh almış olduğu pulu 6 aydan sonra tam qaytaracağına söz vermiş və bu vaxta qədər almış olduğu borcu qaytarmamışdır. O, cavabdehin işlədiyi yerə şikayət etdikdə borcunu ödəmək yerinə ərizəsini yazıb işdən çıxmışdır ki, borcu ala bilməsin. Cavabdeh ona borcu geri verməyəcəyini, onun isə heç bir təsirinin ola bilməyəcəyini telefonda demişdir. O, işləməməsi səbəbindən pulu olmadığı üçün borcun qaytarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ondan sələmə pul istəmiş, həmin vaxt onda pul olmadığından tanışı X2 müraciət etmişdir. X4 bankdan 4600 manat məbləğində pul götürərək, həmin vəsaiti ona vermişdir. O isə özü növbəsində 4600 manat məbləğində pulu Cavabdeh faizə vermişdir. Sonuncu ödənişi vaxtında etmədiyindən o, məcbur olaraq qızıllarını lombarda qoyaraq, pul götürmüş və X2 olan ödənişləri edərək, maddi ziyana düşmüşdür. Bundan sonra Cavabdeh yenə də ödənişlər etmədiyindən o, Arif Qurbanov və Cavabdeh parkda görüşmüşlər. Görüş zamanı Arif Qurbanovun təkidi ilə onunla Cavabdeh arasında mövcud borca dair müqavilə bağlanmışdır. Məndə olan məlumata əsasən Cavabdeh borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün Arif Qurbanov onun iş yerinə gedərək, ondan şikayət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, xəstəsi olduğu üçün təcili pula ehtiyacı olmuş və bunun üçün tanışı İddiaçı sələmə pul istəmişdir. Sonra ödənişləri vaxtında edə bilmədiyindən İddiaçı və tanımadığı Arif adlı şəxslə parkda görüşmüşlər. Arif adlı şəxsin təkidi ilə onunla İddiaçı arasında borc müqavilə imzalanmışdır. Parkda olan zaman anlamışdır ki, sələmə götürdüyü pul Pərvanəyə deyil, Arif adlı şəxsə məxsusdur. Bundan sonra Arif adlı şəxs onun iş yerinə gələrək rəisinə şikayət etmiş və orada razılığa gəlmişlər ki, pulu hissə-hissə Arifə ödəyəcək. Bu cür də olmuş, o, hissə-hissə həmin pulları ödəyərək qəbzlərini məhkəməyə təqdim etmişdir. Hazırda onun heç kimə borcu qalmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli bildirişə əsasən İddiaçı Cavabdeh borc məbləğinin ödənilməsini tələb etmiş, əks halda Nərimanov rayon Məhkəməsinə şikayət edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixli Borc müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı 4600 manat məbləğində pul vəsaitini “Borc alan” Cavabdeh verir, “Borc alan” isə borc məbləğini xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürür. 571911 saylı Girov biletindən görünür ki, xx.xx.2022-ci il tarixdə 750 manat məbləğində 1 ədəd sep və 1 ədəd qolbaq girov qoyulmuşdur. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı və X2 müxtəlif tarixlərdə müvafiq ödənişlər edilmişdir. “X3” ASC-nin mədaxil və məxaric əməliyyatları üzrə çıxarışlarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı müxtəlif tarixlərdə müvafiq ödənişlər edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixədək geri qaytarmaq şərtilə 4600 manat məbləğində borc pul qəbul etmişdir. Borc verən İddiaçı müqavilədə nəzərdə tutulmuş müddətin bitməsinə baxmayaraq borc alan Cavabdeh tərəfindən borc məbləğinin qaytarmadığını iddia edərək, həmin pul məbləğinin cavabdehdən tutulmasını xahiş edir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məhkəmə qeyd edir ki, hazırkı işdə qeyd olunan borc məbləğinin İddiaçı ödənilməməsi iddiasına qarşı Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üzrə daşıdığı sübut yükünə cavab olaraq müvafiq ödəniş qəbzləri, “X3” ASC-nin dövr üzrə mədaxil və məxaric əməliyyatlarının cəmi cədvəllərini məhkəməyə təqdim etmişdir. Həmin materiallarla borclu Cavabdeh götürdüyü borc məbləğinin müqavilənin şərtlərinə uyğun olaraq, borc verən İddiaçı və X2 ödənilməsi öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, tərəflərin borc verilməsində münasibətləri ondan ibarətdir ki, İddiaçı cavabdehə borc məbləğini vermək üçün X2 müraciət etmiş, həmin şəxs tərəfindən bankdan faizə kredit götürülərək iddiaçı tərəfindən Cavabdeh verilmişdir. Lakin razılaşdırılmış müddətdə X2 borc məbləği qaytarılmadığından onun ödənilməsi üzrə cavabdehin öhdəlik daşıdığını özündə əks etdirən xx.xx.2022-ci il tarixli Borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərində “Borc verən” İddiaçı 4600 manat məbləğində pul vəsaitini “Borc alan” Cavabdeh verməsi, “Borc alan” Cavabdeh isə borc məbləğini xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürməsi nəzərdə tutulmuş və cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam icra olunmuşdur. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatlardan onun tələbinin faiz məbləğləri hesablanmaqla, əldən çıxmış faydanın ödənilməsi yönündə olması üzə çıxır. Lakin tərəflər arasında bağlanmış borc müqaviləsinin 1.2-ci bəndində 4600 manat məbləğin faizsiz borc kimi verilməsi nəzərdə tutulmuşdur. Yəni İddiaçı müqavilə üzrə əsas borc məbləğindən kənar vəsait tələb etmək hüququna malik deyildir. İddiaçı həmin vəsaiti Cavabdeh digər şəxs vasitəsi ilə bankdan faizə pul götürməklə verdiyindən əldən çıxmış faydanın ondan tələbinə istinad etmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi nə müqavilədə faiz dərəcəsinin hesablanması ilə bağlı şərt göstərilmiş, nə də cavabdehin müqavilə bağlanarkən borc məbləğinin iddiaçının bankdan faizə pul götürməklə ona verilməsində niyyəti olmamışdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmiş, qanunvericiliyin tələblərinin pozulması halına yol verməmişdir. Bu səbəbdən İddiaçı cavadeh Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassızdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar