Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-6/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh “X2” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh “X2” MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2” MMC-dən dəymiş 78480 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçı ilə cavabdeh “X2” MMC arasında xx.xx.2020-ci il tarixdə dizayn xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə təmir tikinti işləri zamani şirkət tərəfindən görüləcək işlər, eyni zamanda bunun qarşılığında onun tərəfindən ödəniləcək məbləğ təsdiq olunaraq imzalanmışdır. Sözügedən podrat müqaviləsi onun xüsusi mülkiyyətində olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, 339 nömrəli bağ evinin təmiri ilə bağlı olmuşdur. Müqavilədə tikinti və təmir işlərinin müddətinin 3 ay olması göstərilmişdir. Müqavilə üzrə işə ilin noyabr ayında başlanılsa da, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə tam əmək sərf etməmişdir. Təmir işinin həyata keçirilməsi ilə əlaqədar tərəfindən cavabdehə ilkin olaraq 800 manat, daha sonra 44000 və 33680 manat ödəniş edilmişdir. Hətta əlavə ödəniş edərək, təmir işinin zəruri avadanlıqlarını almışdır. Cavabdeh ona öz vəsaiti hesabına avadanlıq aldırmışdır. Həmçinin həyətdə olan sanitar qovşaqda, eyni zamanda evdə olan kafellər əyri düzülmüşdür. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehdən 31000 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh “X2” MMC tərəfindən müxtəlif maneələr yaradılaraq, bir neçə dəfə təyin edilmiş tədqiqat obyektinə baxışa cavabdehin gəlməməsi səbəbindən baxış keçirilməsi və rəy verilməsi baş tutmamışdır. Eyni zamanda rəy verilməsi üçün "xxxx" MMC-yə müraciət olunmuşdur. Rəydə qüsurların aradan qaldırılması və yerinə yetirilməyən işlərin tamamlanması üçün 31000 manat vəsait tələb olunduğu göstərilmişdir. Məhkəmə prosesinin uzun illər davam etdiyi və cavabdehin məhkəmə tərəfindən təyin edilən ekspertizanın baş tutmasına və rəyin verilməsinə maneələr yaratdığı nəzərə alınaraq, "xxxx" MMC-nin rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, işlə bağlı ekspert rəyləri mövcuddur. Onlar tərəfindən təqdim edilmiş ekspert rəyində dəymiş zərərin aradan qaldırılması üçün məbləğ 31000 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə rəyi ilə razı deyillər. Ekspert rəyində göstərilməyən başqa qüsurlar da vardır. Lakin həmin qüsurlar nəzərə alınmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X2” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, ekspert rəyi düzgün tərtib olunmamışdır. Qiymətləndirmə rəyində göstərilən məbləğdən kifayət qədər aşağı məbləğə həmin problemləri aradan qaldırmaq mümkündür. Həmin bərpa işlərinin görülməsinin xərci 400-500 manat civarındadır. İddiaçı tərəf şərait yaradarsa, divar kağızlarının vurulması və pəncərənin qarşısının düzəldilməsi və ekspert rəyində göstərilmiş digər bərpa işlərinin görülməsi onlar tərəfindən pulsuz həll edilə bilər. Lakin iddiaçı bunu qəbul etmir, onlar isə qiymətləndirmə rəyində göstərilən məbləği qəbul etmirlər. Qiymətlər həddindən artıq şişirdilmişdir. Ekspert rəyində göstərilən qüsurlardan əlavə qüsurlar da yazılmışdır. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Dizayn xidmətlərinin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli, LD009 nömrəli müqavilənin surətindən görünür ki, “Sifarişçi” (İddiaçı) landşaft dizayn xidmətlərinin göstərilməsini sifariş verərək razılaşdırılmış xidmət haqqını “İcraçı”ya (“X2” MMC-yə) ödəməyi, “İcraçı” isə “Sifarişçinin” müəyyən etdiyi qaydada Landşaft dizayn xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. “Sifarişçi” müqaviləyə əsasən, göstərilmiş işlər üçün “İcraçı”ya 800 manat məbləğində pul ödəmişdir; - “X2” MMC Daşınmaz əmlak agentliyinin təmir və tikinti işləri zamanı görüləcək işlər barədə 19 noyabr 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, təmir və tikinti işlərinin qiyməti ümumilikdə 88000 manat məbləğində müəyyən olunmuşdur. Ödəniş üç hissədən – İ hissə 44000 manat, İİ hissə 26400 manat, İİİ hissə 17600 manat məbləğində pul vəsaitindən ibarətdir. Tikinti işi zamanı "Podratçı" tərəfindən görüləcək işlər və uyğun olaraq bu işlərin görülməsi üçün istifadə olunan mal və materiallar kimi 6 sot torpaq sahəsində evin arxasındakı hasar söküləcək, hündürlüyü 3 m 20 sm ölçüsündə olan hasar tikiləcək. Hasar təbii daş və boya sintezi ilə hazırlanacaq, hasar tumbaları bej rəngdə hazırlanacaq. Ölçüləri 7m 80 sm x 6 m 80 sm olan 2 mərtəbəli tikili hazırlanacaq (Daxili ölçüləri 6 m x 7 m). İ mərtəbənin hündürlüyü 2 m 90 sm, İİ mərtəbənin hündürlüyü 2 m 50 sm ölçüdə hazırlanması, mərtəbələr arasında qalınlığı 20 sm olan monolit kəmər hazırlanması. monolit kəmər hazırlanması zamanı “Baku Steel F 12” armatur, POMPA M 350 beton, 2 qat setka materiallarından istifadə olunur. Damın 4 mm ölçüdə çerepitça materialından, istənilən rəngdə (Sifarişçinin seçimi əsasında) hazırlanması. Ağ rəngli Techno line firmasının istehsalı olan plastik pəncərə, pəncərə şüşələri - göy rəngli güzgü hazırlanması, ölçülərin 5m 50 sm x 4m 50 sm olan qarajın hazırlanması, giriş qapısının dəmir və şüşə qarışığından hazırlanması, Ölçüləri 1 m 30 sm x 65 sm olan kamenin hazırlanması, Ölçüsü 3 m 20 sm x 2 m 60 sm olan avtomatik qolla göy rəngli darvazanın və ölçüsü 1 m x 2 m 20 sm olan kaletkanın hazırlanması, mühəccərin hazırlanması (1 paqo metr 120 AZN), mövcud tikilinin yan və arxa tərəflərinin üzərinin kabançik materialından hazırlanması, ölçüləri 3 m 40 x 4m 40 sm olan məscidin hazırlanması, ölçüləri 3 m 40 x 3 m 40 sm olan anbarın hazırlanması, ölçüləri 5m x 4 m, dərinliyi 1m 30 sm olan hovuzun və 3 m 50 sm ölçüsündə şəlalənin hazırlanması. həyətyanı sahənin qazonlanması, işıqlanma və suvarma sistemi ilə təmin olunması, elektirik işi zamanı Türkiyə istehsalı olan məhsullarından istifadə olunması, santexnika metak firmasının istehsalı olan məhsullarından istifadə olunması, divarlarda parça materialından edilməsi, divar kağızının seçimi zamanı 40 manat, seyf qapı 2000 manat, kaletka 800 manat, otaq qapıları Moskva (Belarusiya) qapılarının seçimi qeyd edilmişdir. Sifarişçiyə otaq qapıları seçimi zamanı 450 AZN məbləğində seçim şansı verilmişdir. İtaliya istehsalı olan mal və materiallardan tikiləcək evin istifadə edərək və sanitar qovşaqların isti pol və kermo qranit döşəmə ilə təchiz olunması, pilləkanın taxta materialından pilləkanın İİ mərtəbə hazırlanması, sanitar qovşaqın tavanının padvisnoy hazırlanması, qovşaq divarlarının sanitar təbii daşlarla hazırlanması, İl mərtəbə otağın döşəmə, tavan və divarların taxta materialından hazırlanması, mövcud olan evin fasad izolasiyası, kombi “Sparta” firması 40 lıq/2 senjiorlu və radiatorlar qeyd olunmuşdur; - xx.xx.2020-ci il tarixli, 537215 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 800 manat pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir; - xx.xx.2020-ci il tarixli, 537217 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 1-ci ödəniş kimi 44000 manat pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir; - xx.xx.2021-ci il tarixli, 537164 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 2-ci ödəniş kimi 33680 manat pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir; - xx.xx.2021-ci il tarixli İddiaçı tərəfindən göndərilmiş pretenziya məktubunun surətindən görünür ki, “X2” MMC maddi ziyanın (78480 manat) ödənilməsi ilə bağlı və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; - Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə “namaz otağı, qarderob otağı qapısı, Elektrik otağı qapısı, giriş qapısı, darvaza, çöl perilla, avtomat qollar, evin içi perilla, perilla podval, tok zamok, namaz otağı reşotka, təzə evə kazeroq, manqal qapağı” kimi əşyalar üçün 18940 manat pul ödənilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6557 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunan ünvanda “Təmir və tikinti işləri zamanı şirkət tərəfindən görüləcək işlər” barədə xx.xx.2020-ci il tarixli müqavilədə nəzərdə tutulan təmir və tikinti işlərinin cavabdeh “X2” MMC tərəfindən yerinə yetirildiyi, baxış zamanı həyətyanı sahədə olan sanitar qovşağının tavanı vurulmamış, divarına vurulmuş kafellərin arası doldurulmamış, mövcud fərdi yaşayış evinin arxa hissəsində inşa edilmiş anbar tikilisində quraşdırılmış pəncərənin kənarları təmir olunmamış, həyətyanı sahəyə vurulmuş daşlar müxtəlif hissələrdə qopmuş, yeni inşa edilmiş yaşayış evində pəncərənin alt hissəsinə vurulmuş divar kağızı və şpaklovka təbəqəsi qopmuşdur. Qeyd olunan qüsurların aradan qaldırılması və yerinə yetirilməyən işlərin tamamlanması görüləcək işlər zamanı istifadə olunacaq materialın qiymətindən asılı olaraq müəyyən edilə bilər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, xx.xx.2023-cü il tarixli, 10/2423 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, "Təmir və tikinti işləri zamanı şirkət tərəfindən görüləcək işlər" barədə xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilədə göstərilən 6 sot torpaq sahəsində evin arxasındakı hasar sökülərək hündürlüyü 3m 20sm ölçüsündə olan hasar tikilmiş, hasarın təbii daş və boya sintezi ilə, hasar tumbalarının bej rəngdə hazırlanmışdır. Ölçüləri 7m 80sm x 6m 80sm olan 2 mərtəbəli tikili (daxili ölçüləri 6m x 7m) hörülmüşdür. İ mərtəbənin hündürlüyünün 2m 90sm, İİ mərtəbənin hündürlüyünün 2m 50sm ölçüdə inşa olunmuşdur. Mərtəbələr arasında qalınlığı 20 sm olan monolit kəmər tökülmüşdür. Damı çerepitça materialından quraşdırılmışdır. Pəncərələr və pəncərə önlüyü quraşdırılmışdır. Ölçüləri 5m 50 sm x 4m 50 sm olan qaraj inşa olunmuşdur. Giriş qapısı dəmir və şüşə qarışığından quraşdırılmışdır (iddiaçının bildirdiyinə görə özü tərəfindən quraşdırılmışdır). Kamen: Ölçüləri 1m 25sm x65sm olan kamen quraşdırılmışdır. 3.2x3.4m ölçüdə darvaza quraşdırılmışdır. (iddiaçının bildirdiyinə görə özü tərəfindən quraşdırılmışdır). Lakin 1,0x2,20 m ölçüdə qapı quraşdırılmamışdır. 13.5m uzunluğunda məhəccər quraşdırılmışdır. (iddiaçının bildirdiyinə görə özü tərəfindən quraşdırılmışdır). Mövcud tikilinin yan və arxa tərəflərinin üzərinin kabançik materialından üzlənmişdir. Ölçüləri 3.40x 4.40m olcüdə məscid inşa olunmuşdur. Ölçüləri 3.40x 3.40m ölçüdə anbar inşa olunmuşdur. Ölçüləri 3x5m ölçüdə hovuz və 3,50 ölçüsündə şəlalə quraşdırılmışdır. Eyni zamanda təqdim olunan ünvanda "Təmir və tikinti işləri zamanı şirkət tərəfindən görüləcək işlər" barədə xx.xx.2020-ci il tarixli müqavilədə nəzərdə tutulan təmir və tikinti işlərinin cavabdeh "X2" MMC tərəfindən yerinə yetirildiyi, baxış zamanı həyətyanı sahədə olan sanitar qovşağının tavanı vurulmamış, divarına vurulmuş kafellərin arası doldurulmamış, mövcud fərdi yaşayış evinin arxa hissəsində inşa edilmiş anbar tikilisində quraşdırılmış pəncərənin kənarları təmir olunmamış, həyətyanı sahəyə vurulmuş daşlar müxtəlif hissələrdə qopmuş, yeni inşa edilmiş yaşayış evində pəncərənin alt hissəsinə vurulmuş divar kağızı və şpaklovka təbəqəsi qopmuşdur. Qeyd olunan qüsurların aradan qaldırılması və yerinə yetirilməyən işlərin tamamlanması görüləcək işlər zamanı istifadə olunacaq materialın qiymətindən asılı olaraq müəyyən edilə bilər; - İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, təmir və tikinti zamanı buraxılmış nöqsanların aradan qaldırılması üçün bəzi hissələr sökülərək, tikinti norma və qaydaları çərçivəsində yenidən inşa edilməlidir. Müqavilə üzrə yerinə yetirilməyən işlərin tamamlanması üçün alınmalı olan materialların bazar dəyəri 31000 manat təşkil edir. İşlərin tamamlanması üçün nəzərdə tutulan 31000 manat vəsait işlərin gedişatında arta bilər; - Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 600.0 kvm torpaq sahəsində tikilmiş 1 mərtəbəli fərdi-yaşayış evi, həyət tikili və qurğuların "X2" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun icrasının 95% yerinə yetirmişdir. Müqavilədə əksini tapmayan əlavə işlər də görülmüşdür. Fərdi-yaşayış evi, həyət tikili və qurğularının tikintisinə çəkilən xərclərin ehtimal olunan təqribi dəyəri 111194 manat məbləğində müəyyən olunur; - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0167 nömrəli ekspert rəyindən görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 339 nömrəli bağ evində qüsurların aradan qaldırılması üçün tələb edilən xərcin məbləği 8054 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh “X2” MMC arasında xx.xx.2020-ci il tarixdə dizayn xidmətlərinin göstərilməsi, daha sonra isə xx.xx.2020-ci il tarixdə təmir-tikinti işlərinin görülməsi barədə müqavilə bağlanmışdır. Bu müqavilələrə əsasən, cavabdeh iddiaçıya məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 339 nömrəli bağ evində tikinti və təmir işləri aparmağı, iddiaçı isə bunun müqabilində razılaşdırılmış məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə işlərin ümumi dəyəri 88000 manat müəyyən edilmiş, görüləcək işlər, işlərin mərhələlərlə həyata keçirilməsi və 3 ay müddətində tamamlanması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ilkin olaraq 800 manat, daha sonra 44000 və 33680 manat olmaqla, ümumilikdə 78480 manat ödəniş edilmişdir. Bundan əlavə, iddiaçı təmir zamanı istifadə üçün lazım olan müxtəlif avadanlıqlar və materiallar alaraq 18940 manat məbləğində əlavə xərc çəkmişdir. Hazırda iddiaçı tikinti-təmir işlərinin qüsurlarla, yarımçıq icra edildiyini bildirərək işlərin tamamlanması üçün cavabdehdən 31000 manat pul tələb edir. Cavabdeh isə işin lazımi şəkildə yerinə yetirildiyini, xırda qüsurların olduğunu, həmin qüsurların aradan qaldırılması üçün cüzi məbləğ (400-500 manat) tələb olunduğunu bildirərək iddiaya etiraz edir. Mülki Məcəllənin öhdəliyin anlayışını müəyyən edən 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442, 443.1, 443.2-443.3.və 448.2-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən 5.3 və 425.1-ci maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Hazırki iş üzrə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyən edilmişdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 11 iyun 2018-ci il tarixli Qərarı). Mülki Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Mülki Məcəllənin 762-ci maddəsində podratçının podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Həmin Məcəllənin 763 və 764-cü maddələrinə görə, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırki iş üzrə tərəflər arasında bağlanmış podrat müqaviləsində görüləcək işlər şərtləşdirilsə də, işlərin keyfiyyəti barədə hər hansı meyar müəyyən edilməmişdir. Ümumi qaydalara görə tərəflər keyfiyyəti şərtləşdirmədikdə, görülən işin qüsursuz sayılması üçün podratın nəticəsi müqaviləyə uyğun istifadə oluna bilməli və ya adi istifadə üçün yararlı olmalıdır. Eyni zamanda, podratçının podratı kəmiyyətcə yerinə yetirməməsi, müqavilədə nəzərdə tutulmuş işləri tam şəkildə görməməsi qüsurlara bərabər tutulur. Nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsi zamanı aşkar olunan qüsurların mövcudluğunu sübutetmə yükü iddiaçının, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 762.2-ci maddəsinin məzmunundan göründüyü kimi, podrat müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir. Hazırki iş materiallarından görünür ki, cavabdeh podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazimınca yerinə yetirməmiş, müqavilə üzrə podratın nəticəsi şərtləşdirilmiş qaydalara uyğun olmamışdır. Belə ki, məhkəmə tərəfindən keçirilmiş ekpertiza rəyində də təmir-tikinti işlərində müyyən çatışmazlıqların, qüsurların olduğu müəyyən edilmişdir. Görülən işlər qüsurlu olduğundan tərəflər arasında münasibətlər pozulmuşdur. Cavabdeh müqavilədə nəzərdə tutulan işləri tam icra etmədiyini qismən qəbul etmiş, xırda qüsurların olduğunu bildirmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyində isə müqavilədə nəzərdə tutulan təmir və tikinti işlərinin cavabdeh "X2" MMC tərəfindən yerinə yetirildiyi, baxış zamanı həyətyanı sahədə olan sanitar qovşağının tavanının vurulmadığı, divarına vurulmuş kafellərin arasının doldurulmadığı, mövcud fərdi yaşayış evinin arxa hissəsində inşa edilmiş anbar tikilisində quraşdırılmış pəncərənin kənarlarının təmir olunmadığı, həyətyanı sahəyə vurulmuş daşların müxtəlif hissələrdə qopduğu, yeni inşa edilmiş yaşayış evində pəncərənin alt hissəsinə vurulmuş divar kağızı və şpaklovka təbəqəsinin qopduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən iki dəfə ekspertiza keçirilmiş, hər iki ekspert rəyində eyni qüsurların olduğu qeyd edilmişdir, lakin ekspertiza tərəfindən qüsurların aradan qaldırılması üçün tələb olunan məbləğin müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən qiymətləndirmə rəyi alınmış, qiymətləndirici tərəfindən tikinti obyektinə baxış keçirilmiş, qüsurların aradan qaldırılması üçün tələb olunan məbləğ 8054 manat müəyyən edilmişdir. Məhkəmənin gedişatında tərəflər müxtəlif qiymətləndirmə rəyləri təqdim etmişlər. Belə ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin, cavabdeh tərəfindən isə "xxxx" MMC-nin rəyləri iş materiallarına əlavə edilmişdir. Qeyd olunmalıdır ki, ekspert rəyi, o cümlədən qiymətləndirmə rəyləri sübut vasitələrindən biri hesab olunur, lakin bu rəyin məhkəmə tərəfindən qiymətləndirilməsi və etibarlılıq dərəcəsi onun necə və hansı əsaslarla əldə olunmasından, obyektiv və qərəzsiz şəkildə hazırlanmasından asılıdır. Tərəflərin öz təşəbbüsü ilə əldə etdikləri qiymətləndirmə rəyləri birtərəfli mövqe daşıdığı üçün onların hüquqi dəyərinin aşağı olmasına səbəb ola bilər. Bu baxımdan, təqdim olunmuş ekspert rəyləri digər sübutlarla birlikdə məhkəmə tərəfindən qiymətləndirilir. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin və məhkəmə tərəfindən alınmış qiymətləndirmə rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. İddiaçı tərəfindən qüsurların aradan qaldırılması üçün lazım olan miqdarın 31000 manat məbləğində olduğu, cavabdeh tərəfindən çəkilən xərcin 111194 manat olduğu iddia edilsə də, məhkəmə tərəfindən təyin olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0167 nömrəli rəyi daha obyektiv, əsaslı və işin hallarına uyğun hesab edildiyindən əsas götürülməli, qüsurların bərpası üçün 8.054 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Beləliklə, qüsurların mövcud olması ekspert rəyləri ilə müəyyən edildiyindən, podratçı muzd müqabilində müvafiq işləri icra etməyi öhdəsinə götürdüyündən, podratçı sifarişi kəmiyyətcə və keyfiyyətcə tamamlamayaraq işi qüsurlu icra etdiyindən, sifarişçinin əlavə icra tələbi podratçı tərəfindən yerinə yetirilmədiyindən, sifarişçi ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Bu baxımdan 8054 manat pulun tutulması hissəsində iddia təmin edilməlidir. Məhkəmə iddianı digər hissədə əsassız hesab etməklə qeyd edir ki, sifarişçi podratçının faktiki icra etdiklərini qəbul etməklə, ondan istifadə etməklə həmin işlərə marağı olduğunu təsdiq etmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X2” MMCdən 8054 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 8 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın 148 manatı İddiaçı, 52 manatı cavabdeh “X2” MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X2” MMC-dən 8054 (səkkiz min əlli dörd) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 8 (səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın 148 (yüz qırx səkkiz) manatı İddiaçı, 52 (əlli iki) manatı cavabdeh “X2” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-6/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-6/2025
13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver