Məhkəmə qərarları › İş №2(005)-612/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-612/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-612/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 4.200 (dörd min iki yüz) manat pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində borclu Cavabdeh ilə X4 Məhbubə Əbdülmanaf qızı arasında “mövcud borcun etirafı haqqında” müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borclu (ikinci tərəf) Cavabdeh ilə borc verən (birinci tərəf) İddiaçı Əbdülmanaf qızına 7.000 (yeddi min) manat borcunun olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə Borc Verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh müqavilə ilə etiraf etdiyi borcun 2.800 (iki min səkkiz yüz) manatını müqavilə bağlanan anda notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verənə ödəyir, qalan 4.200 (dörd min iki yüz) manatını isə dekabr ayından başlayaraq 4 (dörd) ay müddətinədək hissə-hissə olmaqla X4 Məhbubə Əbdülmanaf qızına qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehlə aramızda bağlanmış müqavilədən iki ay keçməsinə baxmayaraq “borclu” tərəfindən “borc verənə” heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını və cavabdehin məhkəməyə gəlməməsi səbəbindən yazılı ərizə təqdim edərək, qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixində teleqramlar vuraraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu Zeynalov.E.S tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “mövcud borcun etirafı haqqında” müqaviləsindən görünür ki, İddiaçı 7.000 (yeddi min) manat borcunun olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə Borc Verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh müqavilə ilə etiraf etdiyi borcun 2.800 (iki min səkkiz yüz) manatını müqavilə bağlanan anda notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verənə ödəyir, qalan 4.200 (dörd min iki yüz) manatını isə dekabr ayından başlayaraq 4 (dörd) ay müddətinədək hissə-hissə olmaqla X4 Məhbubə Əbdülmanaf qızına qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “mövcud borcun etirafı haqqında” müqaviləsinə əsasən Cavabdeh İddiaçı 7.000 manat məbləğində pulu borc almış və borcun 2.800 (iki min səkkiz yüz) manatını müqavilə bağlanan anda notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verənə ödəməyi, qalan 4.200 (dörd min iki yüz) manatını isə dekabr ayından başlayaraq 4 (dörd) ay müddətinədək hissə-hissə olmaqla İddiaçı Əbdülmanaf qızına qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı borc müqaviləsi üzrə yaranmış 4.200 manat məbləğində borcun Cavabdeh tələb edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, lakin bu məbləği cavabdehdən tələb edir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqavilələri bağlanmışdır. Həmin borc müqavilələrinə əsasən İddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 7.000 manat məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, həm də bundan sonra qaytarmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini və ödənilmiş 30 manat dövlət rüsumunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4.200 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.200 (dörd min iki yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar