Məhkəmə qərarları › İş №2(005)-619/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-619/2024

16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-619/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Cəbrayıl rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(072)-1155/2017 saylı qətnaməsi ilə tutulan alimentin artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət etdiyi tarixdən etibarən hər ay 250 (iki yüz əlli) manat olmaqla sabit pul məbləğində alimentin və 50 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2013-cu il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(072)-1155/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış rəsmi nikahları pozulmuş, nikahdan anadan olmuş xx.xx.2013-cu il təvəllüdlü X2 onun himayəsində qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2017-ci il tarixdən hesablanaraq Cavabdeh hər ay 136 (yüz otuz altı) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq uşağın maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh də bir valideyn olaraq bu məsuliyyəti onunla bərabər bölüşməlidir. Bu səbəbdən alimentin artırılması üçün zərurət yaranmışdır. Qeyd edir ki, tərəfindən alimentin artırılması ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/10-0637/2023 saylı arayış verilmişdir. Hər bir uşağın layiqli həyat tərzi, yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, birgə nikahdan xx.xx.2013-cu il təvəllüdlü X4 adlı bir uşaqları var. Hazırda özü məktəbdə xadimə kimi işləyir. 180 manat aliment məbləği ilə razı deyildir. Bu məbləğ uşağın saxlanması üçün kifayət etmir. Cavabdehin işləməməsi uşağın saxlanmaması üçün əsas deyildir. Cavabeh uşağı ilə maralanmır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, əməliyyat olunduğuna görə hazırda işləmir. Vaxtında övladı ilə maraqlanmışdır və vaxtı vaxtında alimenti ödəyir. Amma indi maraqlanmaq istəmir. İkinci dəfə nikaha daxil olmuşdur, həmin nikahdan 2 yaşlı oğlu var. 180 manatdan artıq məbləğ ödəyə bilməz, çünki işləmir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1155/2017 saylı 21 noyabr 2017-ci il tarixli qətnaməsindan görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 14 sentyabr 2013-cü il tarixində bağlanmış Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən 326 saylı akt qeydi ilə qeyd alınmış nikah pozulmuş, nikahın pozulmasından sonra xx.xx.2013cu il təvəllüdlü X2 onun himayəsində qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2017-ci il tarixdən hesablanaraq Cavabdeh hər ay 136 (yüz otuz altı) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə\ ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı 276236 saylı “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 6 № ilə qeyd edilmişdir. - Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 187496 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İV seriyalı 662957 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Onun atası Cavabdeh, atası X3r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat X1 tərəfindən verilmiş ******* №-li xəstəlik tarixindən çıxarışdan görünür ki, 1993-cü il təvəllüdlü Cavabdeh 07 sentyabr 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək ETACXİ-da stasionar müalicədə olmuşdur. - MŞB/10-00637 saylı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış və eyni tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 50 manat İMS və 10 manat poçt xərcini nağdsız formada 10 saylı Mediasiya Təşkilatına ödəmişdir. - “Elektron Məhkəmə” informasiya sistemindən Cavabdeh gəlir, əmlak və vergi məlumatları barədə çıxarışlardan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən, hazırda aktiv statusda olan VÖEN-i vardır. Avtomobillərə cari xidmət fəaliyyət istiqaməti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Rəsmi əmək müqaviləsi məlumatları yoxdur. Adına 1 daşınar əmlak – nəqliyyat vasitəsi qeydə alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X4 adlı bir uşaqları doğulmuşdur. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1155/2017 saylı 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin birgə nikahdan olan uşaq iddiaçının himayəsində saxlanılmış, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hər ay uşağa görə 250 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi iddiaçının iddia tələbi, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından - dəyişdirilməsindən ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qeyd olunan maddədə qanunverici, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı iş üzrə isə iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə alimentin tutulmağa başlandığı 2017-ci ildən ailə və ya maddi vəziyyətində yaxşılaşma olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Cəbrayıl Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay 136 manat aliment tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşağın altı yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onun saxlanması üçün kifayət deyildir və onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, indiki halda cavabdehdən tutulan alimentin miqdarının hər ay 250 manat məbləğində müəyyən edilməsi onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra və məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bilər. Qanunvericiliklə alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Hazırki iş materiallarından görünür ki, iddiaçı ilə nikahları pozulduqdan sonra cavabdeh yenidən ailə həyatı qurmuşdur və bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X5 bir övladı vardır. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən edilmiş sorğular nəticəsində məlum olmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə (VÖEN: **********) malik olan, hüquqi şəxs yaratmadan avtomobillərlə cari xidmət ilə əlaqədar fərdi sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir (müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyicisidir). Adına bir daşınar əmlak – nəqliyyat vasitəsi qeydə alınmışdır. İddiaçı isə X6 Təhsil İdarəsində xadimə işləyir, əmək haqqı 359 manatdır. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi hər iki valideynin vəzifəsidir, bu məqsədlə də uşaqların valideynlərdən birinin ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməsə də, həmin vaxtdan hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun kifayət qədər məbləğdə artırılmasını (2017-ci il 136,6 manat; 2023-cü il 220 manat), uşağın altı yaş böyüməsi ilə onun xərclərinin və tələbatlarının da artmasını, hazırki şəraitdə ölkə üzrə həyat standartları və istehlak qiymətlərinin artmasını, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu və cavabdehin iddia tələbi ilə qismən (180 manat) razılığını nəzərə almaqla, aliment məbləğinin dəyişdirilərək, hər ay 220 manat məbləğdə müəyyən edilməsini ədalətli və qanunauyğun hesab edir. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehin ilkin mediasiya sessiyasında üzrlü səbəbdən iştirak etməməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbinin həcmi nəzərə alınmaqla iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1155/2017 saylı 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli. Ərizə qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1155/2017 saylı 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar