Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-639/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X9 Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Nehrəm" Mənzil-Tikinti Kooperativindən avtomobilinə dəymiş 590 (beş yüz doxsan) manatın, mənzilinə tökülmüş beton qırıntılarının təmizlənməsi üçün ödədiyi 520 (beş yüz iyirmi) manatın, servisdə ödədiyi xidmət haqqı üçün 60 (altmış) manatın, hüquqi yardım üçün vəkilə ödədiyi xərc 70 (yetmiş) manatın, ödədiyi dövlət rüsumu 33 (otuz üç) manatın, ümumilikdə 1273 (min iki yüz yetmiş üç) manatın alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh2 MMCnin 2(005)- 639/2023 saylı iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yazaraq bildirmək istəyir ki, o, ailə üzvlərində birgə Cavabdeh1 Mənzil- Tikinti Kooperativinə məxsus çoxmənzilli binada yaşayır. Əvvəla onu qeyd etməlidir ki, binalarına düz bitişik, heç bir ara məsafəsi olmadan cavabdeh yeni bina da tikir. Bu tam qanunsuz olaraq həyata keçirilir. Belə ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nərimanov Rayon İcra Hakimiyyəti və AR Fövqəladə Hallar Nazirliyinin heç bir müvafiq icazələri olmasa da hələ də tikinti qanunsuz olaraq davam etdirilir və bu tikinti prosesi zamanı heç bir normalara, həmçinin təhlükəsizlik qaydalarına riayət edilmir. Belə ki, cavabdeh müvafiq dövlət orqanlarından 1 bloklu bina üçün müraciət etsə də sonradan 3 bloklu binanın tikilməsinə görə İnzibati orqanlar heç bir icazə verməmişlər. Əsas məsələyə gəldikdə isə təhlükəsizlik və tikinti normalara əməl edilmədiyi üçün mütəmadi olaraq binanın qarşısındakı maşın dayanacağına beton qırıntıları və parçaları düşür. Dəfələrlə iddiaçının və demək olar ki, bütün qonşular tərəfindən bu hala etiraz edilsə də heç preventiv tədbir görülməmişdir. 19 sentyabr 2022-ci il tarixdə həmin tikintidən iddiaçıya məxsus "X10 Prado” markalı avtomobilin üzərinə böyük taxta parçası düşmüş və avtomobilinə ciddi ziyan dəymişdir. Belə ki, bu hadisə barədə həmin gün binamızın komendantı iddiaçıya xəbər vermiş, sonradan iddiaçı cavabdeh MTK-nın məsul şəxslərinə müraciət etmiş, video görüntüləri onlara göstərmişdir. Onlar isə guya üzrxahlıq edib, maşını düzəldəcəklərini bildirmişlər. Lakin, sonradan hər vəchlə bu məsuliyyətdən yayınmışlar, məsələyə etinasız yanaşaraq iddiaçıya dəymiş zərərlə bağlı heç bir hərəkət etməmişlər. İddiaçı də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, hadisə nəticəsində avtomobilimə 590 (beş yüz doxsan) manat zərər dəymişdir. Hətta qeyd etmək istəyir ki, əvvəllər də maşınının üzərinə beton qırıntıları tökülsə də cavabdehi xəbərdar edərək öz hesabı maşınını bir neçə dəfə polirovka etdirmişdir. Həmçinin, nəzərinizə çatdırmaq istərdi ki, qanunsuz tikinti prosesi nəticəsində mənzilinin eyvan, pəncərə hissələri və kombinin üzəri demək olar ki, beton qırıntıları ilə örtülmüşdür. Artıq 2 dəfə özəl şirkət çağıraraq 520 (beş vüz iyirmi) manat müqabilində həmin sahələri betondan təmizlətdirmişdir. Amma yenə də vəziyyət eynidir. Möhtərəm hakim, təhlükəsizlik qaydalarına riayət edilməməsi gələcəkdə faciəvi nəticələrə gətirib çıxara bilər. İddiaçının avtomobilinə düşən taxta parçası hansısa insanın da üzərinə düşə bilər və hər an cavabdehin qanunsuz və məsuliyyətsiz, hərəkətləri hər hansı bir insanın ölümü ilə nəticələnə bilər. Odur ki, cavabdehin üzərinə bu halların baş verməməsi üçün tikinti normalarına və təhlükəsizlik qaydalarına riayət edilməsi öhdəliyinin qoyulması da labüddür. Qeyd etmək istəyir ki, hüquq elmində neqator iddia mülkiyyət hüquqi vasitələrdəndir və neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür, neqator iddia mülkiyyət hüququnun həyata keçirilməsinə yönəldilən maneə təhlükəsinin olması imkanları olduqda da irəli sürülə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o Cavabdeh1 MTK-nın binasında eyni zamanda iddiaçının yaşadığı binada komendant vəzifəsində çalışır. Mübahisəli məsələ ilə bağlı onu qeyd etmək istəyir ki, səhər iş yerinə gələndə Fariz müəllimin avtomobilinin zədələndiyini və avtomobilin yanında yeni tikilən binadan düşən taxta parçası olduğunu görmüşdür. Daha sonra təhlükəsizlik kameralarına baxdıqda həmin taxta parçanın Cavabdeh1 MTK-ya məxsus binadan düşdüyünü müəyyən etmiş və bununla bağlı Fariz müəllimə məlumat vermişdir. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə sentyabr ayında axşam saatlarında baş verib. Səhər iş yerinə gələndə avtomobilin zədəli olduğunu görmüş və dərhal Fariz müəllimə məlumat vermişdir. Hal-hazırda tikilən mübahisəli bina Cavabdeh2 MMC-yə aiddir. Mübahisəli bina Cavabdeh1 MTK-ya aid deyil. Hazırki mübahisə ilə bağlı təhlükəsizlik kamerasının qeydə aldığı video görüntüləri təqdim edə bilər. Əlavə olaraq qeyd etmək istəyir ki, avtomobilin yanına düşən taxta parçasının üzərindəki Cavabdeh2 MMC-yə yazısı həmin binaya məxsus olduğunu müəyyən etdi. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, İddiaçıla bir binada yaşayır, qonşudur. Avtomobilinin zədə aldığını gördükdə özü ilə əlaqə saxlayıb məlumat verdi. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı binaya bitişik binada tikinti gedir, iddiaçının avtomobilinin üzərinə binadan taxta parçasının düşməsi nəticəsində avtomobilə ziyan dəymişdir. Tikilən bina Cavabdeh1 Holdinqə aiddir və onun subpodratçısı Şahlar adında şəxsdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o İddiaçıla bir binada yaşayır, iddiaçı ilə qonşudurlar. Hazırki məsələ ilə bağlı qeyd etmək istərdi ki, binanın sahibi yaşadığı həyat tərzinə görə öncədən problemlər yaşamışlar. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə ilə bağlı demək istərdi ki, Fariz müəllimdən avtomobilinin hansı səbəbdən zədə aldığını soruşduqda, dedi ki Şahların tikdiyi binadan düşüb. Video görüntülərdə də müşahidə etmişdilər. Həmin taxta parçası liftdən düşən parça idi, bundan əlavə bir neçə dəfə oxşar hadisələr baş vermişdir. Mübahisəli bina Cavabdeh1 Holdinqa aiddir, amma Cavabdeh2 MMC-nin sahibi subpodratçı Şahlar adında şəxsdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o İddiaçıla bir binada yaşayır, qonşudurlar, Fariz müəllimə sözügedən hadisə ilə bağlı ilk məlumat o verib.Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, səhər tezdən mağazaya gedirdi, həyətə düşəndə gördü ki, avtomobilin sağ ön yan qanadı zərər görüb və yanında "xxxx" MMC-yə aid uzun taxta parçası var və daha sonra video görüntülərdə də görünür ki, həmin parça tikilən binadan düşüb. Hazırki mübahisəli bina Cavabdeh2 MMC-yə aiddir. Binanı tikən Şahlar Qurbanovdur. Bildiyi qədəri ilə binanı Cavabdeh1 MTK tikmir, Cavabdeh1 Holdinqin tərkibində olan Cavabdeh2 MMC tikir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini habelə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sizin xx.xx.2022-ci il tarixdə PB-nə üvanladığınız Nehrəm MTK tərəfindən sizin avtomobilinizə və yaşadığınız mənzilə dəymiş ziyan barədə müraciətiniz bölmənin polis sahə inspektoru Nicat Əliyev tərəfindən araşdırılmışdır. Faktla bağlı araşdırma aparılmış, ərizənizdə qeyd olunan nüansların mülki xarakter daşıdığından aidiyyəti məhkəmə oraqanına müraciət etməyiniz məqsədə müvafiqdir. İş materiallarında olan "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “X10 Prado” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnmiş ehtiyat hissələrinin təmir xərcləri cəmi 590 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin N45033 saylı çekin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 60 manat ödənilmişdir. İş materiallarında olan ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş tikintiyə dair hüquqmüəyyənedici sənədlərin, habelə tikinti aparılması ilə bağlı layihənin digər hüquqi şəxsə verilib- verilməməsi barədə Nərimanov Rayon İcra Hakimiyyətində 30.01 2023-cü il tarixli 5- 14/1-131/2023 nömrə ilə qeydiyyata alınmış sorğunuza baxılmışdır. Bildiririk ki, müraciət əsasında tikinti-şəhərsalma fəaliyyəti ilə bağlı arxiv sənədlərinin arxiv məlumatlarını, həmin sənədlərin təsdiq olunmuş surətlərini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi təqdim edir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz layihə sənədləri Rayon İcra Hakimiyyətinin arxiv sənədləri sırasında mövcud deyildir. İş materiallarında olan Ad N598318 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X10 Prado” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh1 Holdinq Kompaniyasının məktubundan göründüyü kimi, icraatınızda olan, İddiaçı iddia tələbi üzrə 2(005)-639/2023 saylı işə görə bildirmək istəyirik ki, Bakı şəhəri Nərimanov rayonu Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanda tikilməkdə olan binanın tikintisinin aparılmasına dair sənədlər “X8” MMC-nin adınadır. 19 mart 2020-ci il tarixli birgə fəaliyyətə dair müqavilə əsasında “X8” MMC tikinti işlərinin aparılması üçün bütün səlahiyyətlərini Cavabdeh2 MMC-yə ötürmüşdür. İddiaçı qonşuluqda Cavabdeh1 MTK tərəfindən tikilmiş binanın sakinidir. “X8” MMC göstərilən binada heç bir tikinti işləri aparmır. Faktiki olaraq tikintini Cavabdeh2 MMC aparır. Göstərilən binada tikinti işlərinin aparılması ilə əlaqədar “X8” MMC məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmədə müəyyən edilir ki, “X10 Prado” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İddiaçı ailəsi ilə Cavabdeh1 Mənzil- Tikinti Kooperativinə məxsus çoxmənzilli binada yaşayır. Ona məxsus olan “X10 Prado” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh2 MMC-nin apardığı tikinti işləri nəticəsində həmin avtomobilin üzərinə qonşuluqda tikilən binadan taxta parçası düşmüş və avtomobilə ziyan vurmuşdur. Avtomobilin zədələnmiş ehtiyat hissələrinin təmir xərcləri qüsur aktına əsasən, cəmi 590 manat təşkil edir. xx.xx.2023-cü il tarixli Cavabdeh1 Holdinq Kompaniyasının məktubundan göründüyü kimi, Bakı şəhəri Nərimanov rayonu Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanda tikilməkdə olan binanın tikintisinin aparılmasına dair sənədlər “X8” MMC-nin adınadır. 19 mart 2020-ci il tarixli birgə fəaliyyətə dair müqavilə əsasında “X8” MMC tikinti işlərinin aparılması üçün bütün səlahiyyətlərini Cavabdeh2 MMC-yə ötürmüşdür. İddiaçı qonşuluqda Cavabdeh1 MTK tərəfindən tikilmiş binanın sakinidir. “X8” MMC göstərilən binada heç bir tikinti işləri aparmır. Faktiki olaraq tikintini Cavabdeh2 MMC aparır. Göstərilən binada tikinti işlərinin aparılması ilə əlaqədar “X8” MMC məsuliyyət daşımır. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.4-cü maddəsinə əsasən, əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Məhkəmə bildirir ki, əgər podrat müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, həmin müqaviləyə əsasən müvafiq işlər birbaşa olaraq podratçı tərəfindən icra edildiyi üçün görülmüş işlər nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə də podratçı məsuliyyət daşıyır. Mülki qanunvericilikdə podratçı tərəfindən vurulmuş belə zərərə görə sifarişçinin məsuliyyət daşıdığı barədə norma nəzərdə tutulmamışdır. Əksinə, Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Baxılan iş üzrə iddiaçı onun əmlakına dəymiş zərərin məhz iş üzrə cavabdehlərin hərəkətləri nəticəsində dəydiyini iddia edir. Ərazidə qazıntı-tikinti işlərinin də baxılan iş üzrə Cavabdeh2 MMC tərəfindən aparıldığı şahid ifadələri ilə də təsdiq olunduğu üçün işin mübahisəsiz halıdır. Düzdür bununla bağlı müvafiq sübutlar, yəni müqavilələr və s. iş materiallarına əlavə edilməmişdir. Lakin Cavabdeh2 MMC tərəfindən iddia tələbini təkzib edəcək hallarla bağlı hər hansı münasibət bildirilməmişdir, hətta nümayəndə iş materialları ilə tanış olmaqdan ötrü məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, onun bu vəsatəti təmin edilsə də, o növbəti məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Bu baxımdan iddiaçı onun əmlakına dəymiş maddi ziyanın ödənilməsi tələbini Cavabdeh2 MMC-yə yönəltməkdə və iddia ərizəsinə əlavədə həmin şəxsi cavabdeh kimi qoymaqda haqlı olmuşdur. Mülki Məcəlləyə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir (170.2). Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin (172.1). Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. (1111.2. ) Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (560.1). Sadalanan maddi hüquq normalarına görə mülkiyyətçi (qanuni sahib) ona mənsub əmlakla elə davranmalıdır ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hər kəs qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməli, qazıntı və tikinti işləri apararkən qonşu sahələrdəki qurğuları zədələməməli, öz hüquqlarından yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə etməməlidir. Baxılan iş üzrə mübahisəli avtomobil iddiaçının mülkiyyətindədir, o ailə üzvləri ilə birlikdə tikinti aparılan binanın qonşuluğunda yerləşən binada yaşayır. Beləliklə, məhkəmədə müəyyən edilir ki, cavabdeh “X8” MMC-nin birgə fəaliyyətə dair müqavilə üzrə öz səlahiyyətlərini digər Cavabdeh2 MMC-yə ötürülməsi səbəbindən sonuncu tərəfindən aparılmış tikinti işləri nəticəsində binadan taxta parçasının düşməsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəymişdir. İddiaçıya zərərin məhz Cavabdeh2 MMC-nin apardığı tikinti işləri nəticəsində vurulduğu iş materiallarına əlavə olunmuş fotoşəkillərdən də aşkar görünür. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyanın vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə qeyd edir ki, mülki işə əlavə olunmuş qüsur aktından göründüyü kimi, “X10 Prado” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnmiş ehtiyat hissələrinin təmir xərcləri cəmi 590 manat məbləğində olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 MMC-dən 590 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı mənzilinə tökülmüş beton qırıntılarının təmizlənməsi üçün ödədiyi 520 (beş yüz iyirmi) manat və hüquqi yardım üçün vəkilə ödədiyi 70 (yetmiş) manat məbləğində pulun tələb edilməsi hissəsində sübuta yetirilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində mənzilinə tökülmüş beton qırıntılarının təmizlənməsi üçün 520 manat məbləğində xərc çəkdiyini,hüquqi yardım üçün 70 manat ödədiyini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan xərclərin çəkilməsini sübut edəcək dəlilləri təqdim etməklə, istinad etdiyi halları sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, 520 manat məbləğində xərc çəkdiyini, hüquqi yardım üçün 70 manat ödədiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Fariz Məmmədovun mənzilinə tökülmüş beton qırıntılarının təmizlənməsi üçün ödədiyi 520 (beş yüz iyirmi) manat və hüquqi yardım üçün vəkilə ödədiyi 70 (yetmiş) manat məbləğində pulun tələb edilməsi hissəsində iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilə bağlı hər hansı tələb olmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin olunsun. Cavabdeh2 MMC-dən dəymiş maddi ziyana görə 590 manat, 60 manat qiymətləndirmə xərci və 33 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-639/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-639/2023
11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver