Məhkəmə qərarları › İş №2(005)-653/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-653/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-653/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.200 (on doqquz min iki yüz) ABŞ dolları və 2.050 (iki min əlli) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu ildə Daxili Qoşunlarda hərbi xidmətdə olduğu zaman tanış olmuşdur. Həmin dövrdə Cavabdeh xidmət etdiyi hərbi hissənin tibb xidmətində işləyirdi. Münasibətləri hərbi xidmətini başa vurduqdan sonra da davam etmişdir. 2014-cü ildə Cavabdeh ondan 7.000 (yeddi min) manat məbləğində borc pul götürüb qaytarmışdır. 2015-ci ilin may ayında qısa müddət ərzində qaytarmaq şərti ilə Cavabdeh yenidən ondan borc pul istəmiş, çətin maliyyə vəziyyətini nəzərə alıb, ona 5.700 (beş min yeddi yüz) ABŞ dolları məbləğində borc pul vermişdir. 2015-ci ilin avqust ayında qeyd olunan məbləğdə borcunu ondan tələb edən zaman Cavabdeh bankda krediti olduğu səbəbindən borcu qaytara bilməmiş, daha sonra isə kreditlərinin bağlanması üçün ondan 5.300 (beş min üç yüz) ABŞ dolları, iki həftə sonra isə əlavə olaraq 200 (iki yüz) ABŞ dolları məbləğində borc pul götürmüşdür. 2015-ci ilin sonlarına yaxın Cavabdeh ona təkrar müraciət edib, işlərinin pis getdiyini və pula ehtiyacı olduğunu bildirmiş, aralarındakı münasibəti nəzərə alıb ona əlavə 2.000 (iki min) ABŞ dolları məbləğində borc pul vermişdir. Bir müddət sonra Cavabdeh müraciət edib ona verdiyi borcu tələb edəndə, onu inandırmışdır ki, qısa müddətə borcu qaytaracaqdır. 2016-cı ilin fevral ayında Cavabdeh təkrar ona müraciət edib, ipoteka krediti götürmək üçün ona təcili olaraq 6.000 (altı min) ABŞ dolları məbləğində pul lazım olduğunu və krediti rəsmiləşdirdikdən sonra bütün borclarını qaytara biləcəyini demişdir. Cavabdeh əvvəllər verdiyi borclarını qaytarmaq məqsədilə ona əlavə olaraq 6.000 (altı min) ABŞ dolları məbləğində borc vermişdir. Bundan bir qədər sonra 2016-cı ilin sentyabr-oktyabr aylarında Cavabdeh ondan əlavə olaraq 2.050 (iki min əlli) manat məbləğində borc pul götürmüş, bütün borcu qısa müddətə qaytaracağına söz vermişdir. Həmin vaxtdan sonra Cavabdeh dəfələrlə müraciət etməyinə baxmayaraq, sonuncu ona olan borcunu qaytarmamışdır. Cavabdeh verdiyi borc pula görə aralarında müqavilənin olmaması onu narahat etdiyindən, təkidli tələblərindən sonra xx xxxxxx 2017-ci ildə Cavabdeh ona öz dəst-xətti ilə yazdığı qəbzi vermişdir. Həmin qəbz ilə Cavabdeh ona 19.200 (on doqquz min iki yüz) ABŞ dolları və 2.050 (iki min əlli) manat məbləğində borcunun olmasını etiraf etmiş və həmin məbləğdə borcunu 2018-ci ilin yanvarın sonuna, fevralın əvvəlinə kimi qaytaracağına dair öz üzərinə yazılı öhdəlik götürmüşdür. Bütün bunlara baxmayaraq, Cavabdeh ona olan borcunu qaytarmamış, yubanma ilə bağlı ona müxtəlif bəhanələr söyləmiş, vaxt keçdikcə onunla görüşməkdən yayınmış, telefon zənglərinə cavab verməmiş, nömrəsini dəyişdirmiş və onunla olan əlaqələrini tamamilə kəsmişdir. Cavabdeh onu aldatdığını zənn edib 2018-ci ilin sonlarında müvafiq şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, Cavabdeh polis idarəsinə gəlməkdən yayınmış, şikayətini yoxlayan təhqiqatçı Cavabdeh barəsində cinayət işinin başlamasından imtina etmiş, onunla Cavabdeh arasında yaranmış münasibətlərin mülki xarakterli olmasını əsas gətirib müvafiq məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Yaranmış vəziyyət Cavabdeh 19.200 (on doqquz min iki yüz) ABŞ dolları və 2.050 (iki min əlli) manat məbləğində borc pulun məhkəmə qaydasında tələb olunmasını zəruri etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxxx 2017-ci il tarixli öz imzası ilə məzmununu təsdiqlədiyi Cavabdeh tərəfindən yazılmış əlyazmanın surətindən və məzmunundan görünür ki, o, yəni Cavabdeh İddiaçı ümumi olaraq 19.200 (on doqquz min iki yüz) ABŞ dolları və 2.050 (iki min əlli) manat məbləğində borcunun olmasını etiraf etmiş və həmin məbləğdə borcunu 2018-ci ilin yanvarın sonuna, fevralın əvvəlinə kimi qaytarmağı öhdəsinə götürmüşdür; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Eldar Kazımovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, vətəndaş İddiaçı 2010-cu il tarixdə Daxili Qoşunlarda hərbi xidmətdə olan zaman Cavabdeh Zülfiqar qızının həmin hərbi hissədə tibbi xidmətdə çalışdığını, orada olduğu müddətdə onunla münasibətlərini yarandığını, münasibətlərinin hərbi xidmət bitirdikdən sonra da davam etdiyini, 2014-cü il tarixdə borca Cavabdeh Zülfiqar qızının ona 7.000 (yeddi min) manat məbləğində pul lazım olduğunu söylədiyini, çətinlik yaşamasın deyə həmin pulu verdiyini, lakin qısa müddətdə həmin pulu qaytardığını, 2015-ci il may ayında Cavabdeh Zülfiqar qızının ondan problemləri olduğu üçün borca pul istədiyini, belə olan halda 5.700 (beş min yeddi yüz) ABŞ dollarını ona borc kimi verdiyini, o pulu alan zaman qısa vaxtda qaytaracağını söylədiyini, 2015-ci ilin avqust ayında ondan pulu tələb edən zaman Cavabdeh Zülfiqar qızının kredtilərinin olduğunu və pulu qaytarmaqda çətinlik çəkdiyini söylədiyini, daha sonra Cavabdeh Zülfiqar qızının ondan 5.300 (beş min üç yüz) ABŞ dolları məbləğində pul istədiyini, Cavabdeh Zülfiqar qızı kredit borcunu bağlasın deyə inanıb ona 5.300 (beş min üç yüz) ABŞ dolları məbləğində pul verdiyini, təxminən bir-iki həftə sonra sənədlərin hazırlanması üçün 200 (iki yüz) ABŞ dolları məbləğində pul istədiyini, ona inanın həmin məbləği verdiyini, 2015-ci ilin sonlarına yaxın Cavabdeh Zülfiqar qızının onunla əlaqə saxlayaraq işlərinin yolunda getmədiyini və bunun üçün pul lazım olduğunu söylədiyini, belə olan halda ona köməklik etmək üçün 2.000 (iki min) ABŞ dolları məbləğində pul verdiyini, Cavabdeh Zülfiqar qızından indiyə qədər verdiyi pulları tələb etməyə başladığını, 2016-cı ilin fevral ayının 02-də Cavabdeh Zülfiqar qızının onunla danışaraq bankdan ipoteka krediti çıxarmaq istədiyi üçün ona 5.800 (beş min səkkiz yüz) ABŞ dolları məbləğində pul lazım olduğunu söylədiyini, Cavabdeh Zülfiqar qızı pulunu qaytarsın deyə ona inanıb köməklik məqsədi ilə 5.800 (beş min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri, Binəqdi rayonu ərazisində yerləşən “Lido” şadlıq evinin qarşısında oğlunun yanında verdiyini, sonuncu dəfə isə 200 (iki yüz) ABŞ dolları istədiyini, həmin məbləği Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Tərlan” şadlıq sarayının yanında verdiyini bildirmişdir. Beləliklə, vətəndaş İddiaçı ümumilikdə Cavabdeh Zülfiqar qızına 19.200 (on doqquz min iki yüz) ABŞ dolları və 2.140 (iki min bir yüz qırx) manat məbləğində pul verdiyini bildirmişdir. Təhqiqat araşdırması müddətində vətəndaş İddiaçı pulunu borca alan Cavabdeh Zülfiqar qızının yerinin müəyyən olunaraq təhqiqat orqanına təqdim edilməsi məqsədilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müvafiq əməliyyat tapşırığı verilmiş, lakin araşdırma müddətində tapşırığa cavab verilməmiş, müsbət nəticə əldə olunmamışdır. Bununla da, vətəndaş İddiaçı ərizəsində cinayət hadisəsi olmaması, Cavabdeh Zülfiqar qızının izahatını almaq mümkün olmaması, təhqiqat müddətinin bitməsini nəzərə alaraq ərizənin cinayət tərkibli deyil, mülki xarakterli olduğunu, bu kimi xüsusatların mülki qaydada məhkəmə tərəfindən baxıldığını nəzərə alaraq material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ərizəçiyə qeyd olunan xüsusatla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxxxxx 2017-ci il tarixli öz imzası ilə məzmununu təsdiqlədiyi Cavabdeh tərəfindən yazılmış əlyazmaya əsasən o İddiaçı ümumi olaraq 19.200 (on doqquz min iki yüz) ABŞ dolları və 2.050 (iki min əlli) manat məbləğində borcunun olmasını etiraf etmiş və həmin məbləğdə borcunu 2018-ci ilin yanvarın sonuna, fevralın əvvəlinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğin cavabdeh şəxs tərəfindən iddiaçıya borclu olmasını həmçinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Eldar Kazımovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərarının məzmununda da öz hüquqi təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 19.200 (on doqquz min iki yüz) ABŞ dolları və 2.050 (iki min əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19.200 (on doqquz min iki yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 2.050 (iki min əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar