Məhkəmə qərarları › İş №2(005)-673/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-673/2021

19.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-673/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, ailə üzvlərinin özəlləşdirmə paylarının (çeklərinin) qanunla istənilən müəssisəyə qoyub müəssisə gəlirindən pay sahibi olmaq hüququ pozulub. Özəlləşdirmə paylarını Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrdən birinə qoymaq üçün vaxtında Dövlət Neft Şirkətinin Prezidentinə, Prezident Aparatına və Nazirlər Kabinetinə etmiş olduğu çoxsaylı müraciətləri nəticəsiz olmuşdur. Özəlləşdirmə payının Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrdən birinə qoyulması təmin edilmədiyindən, ümumxalq əmlakının dəyəri olduğundan, ailəsinə vurulmuş 60.000 (altmış min) manat ziyan Dövlət Neft Şirkəti tərəfindən, yaxud Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. Bütün lazımi sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. İddia ərizəsi əsaslı, düzgün və ədalətlidir, mümkünsüzlük barədə Qərardad və hüququnun bərpa edilməməsi barədə Məhkəmə Qərarı qərəzli sayılmalıdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən cavabdeh dövlət məmurları tərəfindən onun ailəsinə vurulmuş 60.000 (altmış min) manat ziyanın ödənilməsi barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbininin əsaasız olduğunu bildirdi və rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 01/1113 №-li məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetindən Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizənizə aidiyyəti üzrə Komitə tərkibində fəaliyyət göstərən xüsusi komissiyada baxılmışdır. Bildirilir ki, Ermənistandan olan qaçqınların daimi məskunlaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 nömrəli “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərmanının icrası başa çatdığından sizin məcburi köçkün ailələri üçün inşa olunmuş qəsəbələrdə mənzillə təmin olunmağınız imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müraciətə baxılmasının nəticəsi haqqında məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" xx xxxx 2001-ci il tarixli 651 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həmin Sərəncamın əlavəsində göstərilən müəssisə və təşkilatların qanunvericiliklə müəyyən edilmiş qaydada səhmdar cəmiyyətlərinə çevrilməsinin və özəlləşdirilməsinin təmin edilməsi tarpşırılmışdır. Odur ki, qeyd olunan məsələ ilə bağlı dövlət əmlakının özəlləşdirilməsi sahəsində dövlət siyasətini həyata keçirən dövlət qurumuna müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü maddi ziyanın ödənilməsi barədə tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar