Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-687/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə ödənilmiş 100 manat, avto-hissə və təmirə hesablanmış 2167 manat və dövlət rüsumu kimi ödənilmiş 42 manat pul olmaqla, cəmi 2310 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 13:25 radələrində ona məxsus olan **-RX-*** nömrəli avtobili ilə X2 küçəsində Bolmart marketdən yuxarıda yoxuş təpədə işıqforun qırmızı işığında qarşıdakı avtomobildən 4-5 metr arxada durmuşdur. Təxminən 1 dəqiqə sonra qarşıdakı Lexus markalı, **-OD-*** nömrəli avtomobil qəfil hündürlükdən arxa-arxaya axaraq onun avtomobilinə çırpılmışdır. "xxxx" ASC-nin ekspertləri tərəfindən avtomobilə dəymiş ziyan ədalətli və düzgün qiymətləndirilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin sifarişi əsasında verilmiş Müstəqil ekspert rəyinin surətindən görünür ki, baş vermiş sığorta hadisəsi nəticəsində “Mitsubishi Asx” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün zədələnmiş ehtiyat hissələri və görülməli təmir xidmətinin cəmi dəyəri 320 manat təşkil edir; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən “Mitsubishi Asx” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün zədələnmiş ehtiyat hissələri və görülməli təmir xidmətinin cəmi dəyəri 2167,96 manat təşkil edir. Həmçinin ödəniş qəbzindən görünür ki, xidmət haqqı olaraq 100 manat ödəniş edilmişdir; Bank qəbzindən görünür ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, baş vermiş yol nəqliyyat hadisəsində zədələnmiş “Mitsubishi Asx” markalı, **- RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müstəqil ekspert tərəfindən 320 manat məbləğində qiymətləndirildiyi və hesablanmış sığorta ödənişinin ödənilməsi üçün şəxsiyyəti təsdiq edən sənədi və bank hesabının Cəmiyyətə təqdim edilməsi bildirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/436 nömrəli ekspert rəyində qeyd olunur ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" ASC-nin qüsur aktı məlumatlarına əsasən “Mitsubishi Asx” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki dövrə, yəni 2024-cü ilin mart ayına olan təmir-bərpa xərci təxminən 500 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mitsubishi Asx” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki dövrə, yəni 2024-cü ilin mart ayına olan təmir-bərpa xərci təxminən 2055 manat müəyyən edilir (Dəyişilməli hissələrin qiyməti - 1505 manat və təmir- bərpa işlərinin qiyməti - 550 manat). Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, İddiaçı mülkiyyətində olan və idarə etdiyi “Mitsubishi Asx” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Lexus LX570” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilə zərər dəymiş və buna dair “Lexus LX570” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili sığorta hadisəsindən icbari səğorta növündə sığortalan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktı ilə razılaşmayan İddiaçı bununla bağlı "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC ona müstəqil qüsur aktı ilə avtomobilə dəyən zərərin 320 manat məbləğində qiymətləndirildiyini və bu məbləği götürməsini bildirmişdir. Lakin İddiaçı əldə etdiyi başqa qüsur aktı ilə dəyən zərərin 2167,96 manat olmasının müəyyən edildiyini əsas gətirərək həmin məbləğin "xxxx" ASC-dən tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə avtomobilin dəymiş ziyan xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin sifarişi əsasında verilmiş Müstəqil ekspert rəyində qeyd edilənlərə əsasən avtomobilə 500 manat, "xxxx" MMC-nin qüsur aktında qeyd edilənlərə əsasən isə avtomobilə 2055 manat zərər vurulduğu qeyd olumuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iş materialları ilə “Mitsubishi Asx” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin “Lexus LX570” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünun qanunsuz hərəkəti nəticəsində vurulması və sonuncunun təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş həmin avtomobili icbari sığorta növündə sığortalamış "xxxx" ASC tərəfindən ödənilməlidir. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı və "xxxx" MMC tərəfindən verilmiş qüsur aktının müqayisəsi zamanı ilk qüsur aktının “Mitsubishi Asx” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zahiri baxış keçirilməsi, ikinci qüsur aktının isə həmçinin avtomobilin daxili detallarının yoxlanılması ilə tərtib edildiyi müəyyən edilir. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qüsur aktının daha detallı yoxlama aparılmaqla tərtib edildiyini əsas götürərək bu qüsur aktına əsasən verilmiş ekspert rəyinidə qeyd edilən məbləğin cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-dən “Mitsubishi Asx” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi olaraq 2055 manat pul İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin "xxxx" MMC-yə ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin sifarişi əsasında təyin edilmiş müstəqil ekspert rəyi avtomobilə dəymiş zərərin tam tətqiq etmədən dəymiş real zərəri düzgün hesablamamışdır. Bu səbəbdən iddiaçı yeni qüsur aktı sifariş etmiş və məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən sifariş edilmiş qüsur aktının əsaslı olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçı məcbur qalıb "xxxx" MMC-yə qüsur aktı sifariş vermiş və bunun müqabilində 100 manat xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddanin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 40 manatın 38 manatı cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda keçirilmiş məhkəmə ekspertizasının xərci olaraq 100 manat pul cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən “Mitsubishi Asx” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi olaraq 2055 (iki min əlli beş) manat, "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun əvəzi və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 40 manatın 38 manatı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-687/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-687/2024
18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver