Məhkəmə qərarları › İş №2(005)-689/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-689/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-689/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (üç min) manat pulun və 60 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 fevral 1986-cı il təvəllüdlü X3 doğma oğludur. X3 21 sentyabr 2011-ci il tarixli baş etibarnamə əsasında LADA (VAZ) 2107 markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı şəxsi minik avtomobilini 4000 (dörd min) manat məbləğində pul verərək Cavabdeh almışdır. X6 sözügedən nəqliyyat vasitəsini zamanında öz adına rəsmiləşdirə bilməmişdir. X3 16 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Qeyd edi ki, yaxın zamanda bizə məlum olmuşdur ki. Cavabdeh X7 kredit götürmüş və götürdüyü krediti banka geri ödəməmişdir. Nərimanov Rayon İcra Məmurunun təqdimatı ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 8(005)-711/2017 nömrəli qərardadı ilə sözügedən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, yaranmış mübahisə ilə əlaqədar Cavabdeh müraciət edərək pulunu tələb etsə də o, pulu ödəməkdən boyun qaçırmışdır. Mübahisə ilə bağlı tərəfimdən rəsmi olaraq xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon Polis idarəsinə müraciət edilmişdir. Lakin müraciətin heç bir nəticəsi olmamışdır. Hazırda sözügedən nəqliyyat vasitəsini nə istifadə edə, nə də ki, sata bilirlər. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında - xx.xx.2025-ci il tarixdə telefon vasitəsilə əlaqə yaradılan zaman cavabdeh bildirmişdir ki, özü xəstəlikdən əziyyət çəkir və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmir, iddiaçı tərəfə avtomobil satmamışdır, ona heç bir pul verilməmişdir. İddiaçı avtomobili kimdən alıbsa ona da ödəniş edib. Lakin özünə heç bir məbləğ ödənilməmişdir. Avtomobil özü adına alınıb, lakin sonradan onu götürüb gediblər. Özü etibarnamə vermişdir, lakin avtomobili özü yox, başqa şəxs onun adına alıb. Bu barədə eyni tarixli telefonoqram tərtib edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Xİ-JQ seriyalı 301125 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1986-cı ildə Daşkəsən rayonunda anadan olmuşdur, atası X4, anası İddiaçıdır. - AZ-İİ seriyalı 387217 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - AA 564325 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21074 minik markalı ** MF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi xx.xx.2004-cü il tarixdən Cavabdehdur. - ƏN-İİİ seriyalı 485960 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh ona məxsus VAZ 21074 minik markalı ** MF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və s. hərəkətləri 25 il müddətinə - 21 sentyabr 2036-cı il tarixinədək X1 etibar etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, “VAZ 21074” minik markalı **-MF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. Cavabdeh ona məxsus həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və s. hərəkətləri 25 il müddətinə - 21 sentyabr 2036-cı il tarixinədək iddiaçının oğlu X1 etibar etmişdir. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı cavabdehdən 4000 manat məbləğində pul tutularaq ona geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı avtomobilin üzərində cavabdehin borcuna görə həbs olduğunu bildirərək, avtomobil üçün cavabdehə ödənilmiş 4000 manat pul məbləğinin ona geri qaytarılmasını xahiş edir. Cavabdeh isə bu halı qəbul etməyərək, qarşı tərəflə aralarında hər hansı bir razılaşma olmadığını və pul verilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bununla belə, iddiaçı tərəfindən cavabdehə avtomobilin alqı-satqısı və ya hər hansı bir məqsədilə 4000 manat məbləğində pul verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı mötəbər sübut aşkar edilməmişdir. Halbuki, iddiaçının bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırda məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Belə olan halda yaranmış mübahisədə iddiaçının tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı təsdiq olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 4000 manat pulun və 60 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh 4000 manat pulun və 60 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar