Məhkəmə qərarları › İş №2(005)-690/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-690/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-690/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərər olan 21 975 (iyirmi bir min doqquz yüz yetmiş beş) manat və qüsur aktının əldə edilməsinə çəkilmiş xərc olan 300 (üç yüz) manat, cəmi 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24 noyabr 2021-ci il tarixdə saat 23:30 radələrində saxlanılmış vəziyyətdə olan ona məxsus "Toyota Corolla" markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında hazırkı iş üzrə Cavabdeh məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Malibu" markalı avtomobil tərəfindən vurulmuş və avtomobilə maddi zərər dəymişdir. "Chevrolet Malibu" markalı avtomobilin sürəti yüksək olduğundan ona məxsus "Toyota Corolla" markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobil 180 dərəcə fırlanmış, "Chevrolet Malibu" markalı avtomobil isə hadisə yerindən təxminən 70-80 metr aralıya, yolun əks istiqamətinə düşmüşdür. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 11 dekabr 2021-ci il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş 29.11.2021-ci il tarixli qüsur aktına əsasən ona məxsus “Toyota Corolla” markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin yekun məbləği 21975 (iyirmi bir min doqquz yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Həmin qüsur aktının əldə edilməsi üçün “Avtoservis Badam dar" MMC-yə 300 (üç yüz) manat pul ödəmişdir. Hadisəni törədən hazırkı iş üzrə Cavabdeh Afıq oğlundan ona dəymiş zərərin ödənilməsini dəfələrlə tələb etsə də, tələblərimə məhəl qoymamışdır. Aşağıda göstərilənlərə əsasən mənə dəymiş ziyan olan 21 975 (iyirmi bir min doqquz yüz yetmiş beş) manat və ödənilmiş 300 (üç yüz) manat pul məbləği hazırkı iş üzrə Cavabdeh Afıq oğlundan alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 11.12.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Toyota Corolla" markalı, **- DX-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı adına 30.01.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir. 29.11.2021-ci il tarixli qüsur aktından görünür ki, L"Toyota Corolla" markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobilə 21.975 manat məbləğində maddi zərər dəymişdir. Yasamal rayon DYPŞ-nin TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. 20.12.2021-ci il tarixli qəbzdən görünür ki, “X4” MMC-nə 300 manat məbləğində ödəniş edilmişdir. 10.01.2021-ci il tarixli Yasamal rayon DYPŞ-nin İXP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, Cavabdeh AR İXM-nin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. 10.01.2021-ci il tarixli Yasamal rayon DYPŞ-nin TP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında zərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 469.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə 40 manat cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/324 saylı, 25.02.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “X4” MMC-nin 29.11.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı ‘Toyota Corolla” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17600,0 manat müəyyən edilir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırda iş üzrə İddiaçı məhkəməyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmişdir ki, 24 noyabr 2021-ci il tarixdə saat 23:30 radələrində saxlanılmış vəziyyətdə olan ona məxsus "Toyota Corolla" markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında hazırkı iş üzrə Cavabdeh məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Malibu" markalı avtomobil tərəfindən vurulmuş və avtomobilə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinə dair Yasamal rayon DYPŞ-nin TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Cavabdeh təqsirli, hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir. Qeyd edilən zərərin məbləği müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, dəymiş zərər 17600 (on yeddi min altı yüz) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə maddi zərər hissədə iddia ərizəsini ekspert rəyində göstərilən məbləğdə əsaslı hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh maddi zərərin əvəzi kimi 17600 (on yeddi min altı yüz) manat və qüsur aktının əldə edilməsi üçün 300 manat İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia təmin olunmamalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 17.600 (on yeddi min altı yüz) manat və qüsur aktının əldə edilməsi üçün 300 manat İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar