Məhkəmə qərarları › İş №2(005)-694/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-694/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-694/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakı və təmir bərpa işlərinin aparılması üçün 5000 manat dəymiş ziyanın Cavabdeh tərəfindən ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi ev № 69 saylı mənzilin sahibidir. Mənzil xx.xx.2014-cü il tarixli çıxarışa əsasən ona məxsusdur. 05 sentyabr 2022-ci il tarixdə mənzili bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. İddiaçı bildirir ki, həmin mənzildən bir-neçə dəfə onun mənzilinə ziyan dəymişdir. İddiaçı və digər bina sakinləri dəfələrlə mənzil sahibi Cavabdeh dəfələrlə xəbərdarlıq etsələr də, sözlərinə məhəl qoymamış və iddiaçıya məxsus mənzilə dəymiş hər hansı bir ziyanı ödəməkdən imtina etmişdir. Cavabdeh İddiaçı mənzilindən yuxarıda 75 nömrəli mənzildə yaşayır. Baş verənlərin səbəbi isə mətbəx kranının açıq qalması və suyun yüksək təzyiqi nəticəsində su sızmış və İddiaçı məxsus evdə adam olmadığından evinə su dolmuşdur. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu mənzil istismar sahəsinin əməkdaşlarının iştirakı ilə 08 sentyabr 2022-ci il tarixli yoxlama aktına əsasən təsdiq olunmuşdur. İddiaçı cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür. İddiaçı korlanmış əşyalarının və evinə dəymiş olan ziyanın video görüntüləri sübut kimi təqdim oluna biləcəyini qeyd etmişdir. Yararsız vəziyyətə düşmüş əmlakın və təmir bərpa işlərinin aparılması üçün dəymiş ziyanın ümumi dəyəri 5000 manat təşkil edir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında: - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixdə verilən ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi ev № 69 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - Maarifçi-2 MTK-nın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, xx.xx.2022-ci il tarixində M.Əlizadə, ev 42, mənzil 75-dən 69, 63-cü mənzillərə kütləvi su basması hadisəsi baş vermiş, nəticədə İddiaçı məxsus 69-cu mənzilə ziyan dəymişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video-diskdə olan görüntülərdən aydın olur ki, mənzilin müxtəlif hissələrində tavandan aşağıya doğru xeyli miqdarda su axır. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/726 nömrəli, 11 may 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi ev 42 saylı evin 69 saylı mənzilinin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan Maarifçi-2 MTKnın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, həmin 69 saylı mənzilə yuxarı mərtəbədəki 75 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Su sızma nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42 saylı evin 69 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4976 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi ev 42, 69 saylı mənzilinə Cavabdeh yaşadığı Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi ev 42, 75 saylı mənzildən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, Cavabdeh mənzilindən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 4976 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 5000 manat miqdarında olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4976 manat məbləğində olduğu müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının maddi ziyanın əvəzi olaraq cavabdehdən tələb tediyi məbləğ ilə ekspert rəyində əks olunmuş məbləğ arasında cüzi fərq mövcuddur. İddiaçı məhkəmə iclasında ekspert rəyi ilə razılaşdığını bildirmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 774 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42 saylı evin 69 saylı mənzilə dəymiş maddi zərərin əvəzi olaraq 4976 manat pul Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 100 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən maddi zərərin əvəzi kimi 4976 (dörd min doqquz yüz yetmiş altı) manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 100 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar