Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-707/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Xalıqov Nerməmməd Baxış oglunun Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi-X3 oglunun iştirakları ilə, İddiaçı oglunun cavabdeh “xxxx” ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, kredit məbləginin yenidən hesablanması və müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oglu cavabdeh “xxxx” ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, kredit məbləginin yenidən hesablanması və müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "Cavabdeh" ASC-ti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 18-xx-xx-104098 saylı kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavəsinin etibarsız sayılması, Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(010)-10388/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 3463.52 {üç min dörd yüz altmış üç manat əlli iki qəpik) manat ümumi kredit borcundan yaşa görə pensiyasından tutulmuş 1384.50 (bir min üç yüz səksən dörd manat əlli qəpik) manat pul məbləğinin çıxılması, yerdə qalan 2079.02 (iki min yetmiş doqquz manat iki qəpik) manat pul məbləği cərimələr hesablanmadan müəyyən edilməklə yeni müqavilənin bağlanmasının cavabdehə həvalə edilməsi, ödənilən dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında 21yanvar 2015-ci il tarixdə 7057 saylı Kredit müqaviləsi bağlanmaqla 28 faizlə 48 ay müddətinə 3270 manat məbləğində kredit götürmüşdür. Bir müddətdən sonra kredit öhdəliyimi icra edə bilmədiyimdən cavabdeh Bank mənə qarşı kredit borcunun ödənilməsi tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-10388/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsilə iddia təmin edilmiş, cəmi 3463.52 manat məbləğində pulun Bank təşkilatının xeyrinə ondan tutulması qət edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icrayə yönəldilmişdir. Qeyd olunan qətnamədə müəyyən edilmiş 3463.52 manat pul məbləğindən 1 il ərzində onun yaşa görə pensiyasından ümumilikdə 1384.50 manat tutularaq Bank təşkilatına ödənilmişdir. Daha sonradan Bank təşkilatına dəvət olunaraq onunla yeni müqavilə bağlanması təklif olunmuşdur. Cavabdehlə 1 il ərzində pensiyasından ödənilən pul məbləği çıxılmaqla və eyni zamanda cərimələrin hesablanmaması şərti ilə yeni müqavilənin bağlanmasına razılıq vermişdir. Bu məqsədlə də xx xxxxxx 2019-cu il tarixdə Bank təşkilatı ilə onun arasında güzəşt müddəti 12, ümumi 60 ay müddətinə 18-19-23-104C98 saylı müqavilə bağlanmışdır. O, həmin müqavilədə məhkəmə qətnaməsində müəyyən edilmiş məbləğin bir il müddətində yaşa görə pensiyasından tutulan məbləğin çıxıldığını düşünürdü. Sonra evdə özü hesablama apararkən məlum oldu ki, yeni müqavilədə düzgün hesablama aparılmamışdır. Dərhal cavabdeh bank təşkilatına müraciət etmişdir. Onun müraciətinə əhəmiyyət verilmədiyinə görə aidiyyatı təşkilatlara müraciətlər ünvanlamışdır. Eyni zamanda dəfələrlə icra məmurunun yanında olmuşdur. Bir neçə müddət ona DSMF-dən arayış gətirilməsi tapşırıldı. O da arayış olduğu üçün yeni arayışın alınmasına ehtiyac duymadı. Daha sonra icra məmuru ona qətnamə çıxaran məhkəməyə müraciət etməyi tövsiyə etmişdi. O, Suraxanı rayon Məhkəməsinə məktubla müraciət etsədə nəticəsi olmadı. Əslində onun cavabdehlə yeni müqaviləni bağlamağa razılığı, ödənilən pul məbləğinin ümumi məbləğdən çıxılmaqla yerdə qalan məbləğin müəyyən müddətə ödənilməsi arzusu idi. Lakin cavabdeh onun hüquqi savadının omamasından, eyni zamanda əməkdaşına inamından istifadə edərək onun arzuladığı və əvvəlcədən razılaşdığı əqdin əksi olan bir müqavilə bağlamaqla onu yanıltmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyətər və iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı öz iddiasında qeyd etdiyi kimi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Məlum Fərmanının tələblərinə əsasən onunla "Cavabdeh" ASC arasında xx.xx.2019-cu il tarixdə 18-xx-xx-104098 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilədə də iddiaçının bildirdiyinin əksinə olaraq, borcun silinməsi haqqında heç bir tələb yoxdur. İddia tələbindən görünür ki, iddianın əsas mahiyyəti həmin kredit müqaviləsinin ləğvidir. Sözügedən müqavilə də "Cavabdeh" ASC tərəfindən məlum Fərmandan irəli gələn tələblər əsasında tərtib edilmişdir. Məlum Fərmana görə isə vətəndaşların sərəncamına veriləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi, vətəndaşlarla yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X1 (indiki hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) tərəfindən müəyyən edilir. Buna sübut edən xüsusat Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilən "Problemli kreditlərin kompensasiyasına" dair çıxarışdır. Həmin çıxarışda da İddiaçı qalıq borc məbləği Mərkəzi Bank tərəfindən 2516.94 manat məbləğində müəyyən edilmişdir. "Cavabdeh" ASC həmin çıxarış əsasında iddaçı ilə 2516.94 manat məbləğində olmaqla xx.xx.2019-cu il tarixdə 18-xx-xx-104098 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Göründüyü kimi kreditor olaraq "Cavabdeh" ASC-nin və ya digər bank və kredit təşkilatlarının sərbəst şəkildə vətəndaşların sərəncamına veriləcək miqdarını müəyyən etməsi, yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən etməsi səlahiyyətləri yoxdur. İddiaçı cavabdeh "Cavabdeh" ASC-nə qarşı hazırki iddia tələbi inzibati səciyyəli olduğundan əsassız və qanunsuzdur. Belə ki, iddia tələbi inzibati orqanın (Azərbaycan Respublikasının Mərkəzi Bankının və s.) məcburetmə - öhdəliyinin icrası, öhdəliyin ləğvi haqqında birləşdirilmiş tələb olduğundan iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankını cavabdeh qismində, "Cavabdeh" ASC-ni isə üçüncü şəxs qismində qoymaqla inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməli idi. Hesab edirik ki, iddia tələbindən irəli gələn vəzifələr Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə tənzimlənir ki, bu səlahiyyət də "Cavabdeh" ASC-nə aid deyildir. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Ona görə də məhkəmədən AR MPM-nin 154.1, 262.1-ci maddələrinə əsasən, iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-10388/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh İddiaçı cəmi 3463.52 manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 18-xx-xx-104098 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, borcalana 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 2516.94 manat məbləğində kredit verilmişdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Ə. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-10388/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh İddiaçı cəmi 3463.52 manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. "Cavabdeh" ASC həmin çıxarış əsasında iddaçı ilə 2516.94 manat məbləğində olmaqla xx.xx.2019-cu il tarixdə 18-xx-xx-104098 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edərək onunla cavabdeh "Cavabdeh" ASC-ti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 18-xx-xx-104098 saylı kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavəsinin etibarsız sayılması, Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(010)-10388/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 3463.52 {üç min dörd yüz altmış üç manat əlli iki qəpik) manat ümumi kredit borcundan yaşa görə pensiyasından tutulmuş 1384.50 (bir min üç yüz səksən dörd manat əlli qəpik) manat pul məbləğinin çıxılması, yerdə qalan 2079.02 (iki min yetmiş doqquz manat iki qəpik) manat pul məbləği cərimələr hesablanmadan müəyyən edilməklə yeni müqavilənin bağlanmasının cavabdehə həvalə edilməsi, ödənilən dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış əqdin etibarsız hesab olunmasını iddia etsə də, həmin etibarsızlığa səbəb olan halların nədən ibarət olmasını göstərməmiş, həmçinin məhkəmə tərəfindən həmin hallar müəyyən edilməmişdir. Halbuki, qanunvericiliyin mənasına görə əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri də tərəflərin iradə ifadəsidir. Məhkəmə ümumilikdə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Araşdırma zamanı iddiaçının cavabdehlə bağladığı xx.xx.2019-cu il tarixli 18-xx-xx-104098 müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı isə şüurlu səviyyədə öz iradə ifadəsini bildirməklə qeyd edilən kredit müqaviləsini imzalamışdır. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə təşəbbüskarı olmuşdur. Eyni zamanda tərəflər müqavilə bağlamağa sərbəstdirlər və onlar buna məcbur edilə bilməzlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin iradə ifadəsinin müqavilənin bağlanmasının zəruri şərti olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq, bank, yəni cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla bağlı cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı oglunun cavabdeh “xxxx” ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, kredit məbləginin yenidən hesablanması və müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oglunun cavabdeh “xxxx” ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, kredit məbləginin yenidən hesablanması və müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-707/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-707/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver