Məhkəmə qərarları › İş №2(005)-713/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-713/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-713/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən əsas borc 41.000,00 (qırx bir min) ABŞ dolları, faiz borcu 29000,00 (iyirmi doqquz min) ABŞ dolları, ümumilikdə 70.000,00 (yetmiş min) ABŞ dolları və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 iyun 2015-ci il tarixdə iddiaçı ilə cavabdeh "xxxx" ASC-nin idarə Heyyətinin sədri X2 arasında borc müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə iddiaçının cavabdeh "xxxx"ASC-yə dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün 10000,00 (on min) ABŞ dolları, 10430,00 (on min dörd yüz otuz) manat məbləğində borc vermiş və cavabdeh həmin pul vəsaitini sonradan qaytarılmasını öz öhdəsinə götürmüşdür. 03 iyul 2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında yeni borc müqaviləsi bağlanaraq "xxxx" ASC-yə dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün (on min) ABŞ dolları, 10450.00 (on min dörd yüz əlli) manat məbləğində borc vermiş və cavabdeh həmin pul vəsaitini sonradan qaytarılmasını öz öhdəsinə götürmüşdür. 28 iyul 2015-ci il tarixdə yenidən iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanaraq "xxxx" ASC-yə dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün (on beş min) ABŞ dolları, 15735,00 (on beş min yeddi yüz otuz beş) manat məbləğində borc vermiş və cavabdeh həmin pul vəsaitini sonradan qaytarılmasını öz öhdəsinə götürmüşdür. 30 dekabr 2016-cı il tarixdə yenidən iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanaraq "xxxx" ASC-yə dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün 6000,00 (altı min) ABŞ dolları, 8970,00 (səkkiz min doqquz yüz yelmiş) manat məbləğində borc vermiş və cavabdeh həmin pul vəsaitini sonradan qaytarılmasını öz öhdəsinə götürmüşdür. 01 oktyabr 2019-cu il tarixdə cavabdeh "xxxx" ASC-nin İdarə Heyyətinin sədri X2 2015-ci və 2016-cı illərdə İddiaçı "xxxx" ASC-yə xammal və materiallar almaq üçün (dövriyyə vəsaiti olaraq) ayda 3% əlavə ödəməklə (kredit faizi) 41000,00 (qırx bir min) ABŞ dolları borc götürməsinə və bu vəsaiti "xxxx" ASC-nin hesabına nağd pul vəsaiti kimi köçürməsinə dair borc etirafı barədə müqavilə imzalamışdır. Cavabdeh "xxxx"ASC-nin İdarə Heyyətinin sədri X2 borcun etirafı barədə müqavilədə etiraf etmişdir ki, "xxxx" ASC-nin İddiaçı ümumilikdə 70.000,00 (yetmiş min) ABŞ dolları əsas borc üzrə 41000,00 (qırx bir min) ABŞ dolları, faizi borcu üzrə 29000,00 (iyirmi doqquz min) ABŞ dolları təşkil edir və borc vəsaitini iddiaçıya 01.10.2019-cu il tarixinə ödənilməli idi. Cavabdeh ilə aramızda müqavilələr bağlandığda hər müqavilə üzrə kassa mədaxil orderi verilmişdir. Qeyd edim ki, cavabdeh indiyə qədər müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri bugünədək yerinə yetirməyib, məndən aldığı əsas borc 41000,00 (qırx bir min) ABŞ dolları, faiz borcu 29000,00 (iyirmi doqquz min) ABŞ dolları, ümumilikdə 70000,00 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaitini geri qaytarmayıb və müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşlər. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 12.11.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 24.06.2015-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı, dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün Bakı Polad Burazlar ASC-yə 10000,00 (on min dollar) ABŞ dolları (10430,00 AZN) vəsait borc verir və Bakı Polad Burazlar ASC də öz növbəsində həmin pul vəsaitinin sonradan borc verənə geri qaytarılmasını öz öhdəsinə götürür. 03.07.2015-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı, dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün Bakı Polad Burazlar ASC-yə 10000,00 (on min dollar) ABŞ dolları (10450,00 AZN) vəsait borc verir. 28.07.2015-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı, dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün Bakı Polad Burazlar ASC-yə 15000,00 (on beş min dollar) ABŞ dolları (15735,00 AZN) vəsait borc verir. Bakı Polad Burazlar ASC də öz növbəsində həmin pul vəsaitinin sonradan borc verənə geri qaytarılmasını öz öhdəsinə götürür. 30.12.2016-cı il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı, dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi üçün Bakı Polad Burazlar ASC-yə 6000,00 (altı min dollar) ABŞ dolları (8970,00 AZN) vəsait borc verir. Bakı Polad Burazlar ASC də öz növbəsində, həmin pul vəsaitinin sonradan borc verənə geri qaytarılmasını öz öhdəsinə götürür. 01.10.2019-cu il tarixli borcun etirafı barədə müqavilədən görünür ki, "xxxx" ASC-nin İdarə Heytinin sədri X1 və vətəndaş İddiaçı bu müqaviləni bağlayırlar ondan ötəri ki, iddiaçı X1 2015-ci və 2016-cı illərdə İddiaçı "xxxx" ASC-yə xammal və materiallar almaq üçün (dövriyyə vəsaiti alaraq) ayda 3% əlavə ödəməklə (kredit faizi) 41.000,00 (qırx bir min dollar) ABŞ dolları borc götürdüyünü və bu vəsait "xxxx" ASC-nin hesabına nağd pul vəsaiti kimi köçürdüyünü və bu müqavilə ilə iddiaçının "xxxx" ASC-nin idarə heyətinin sədri olaraq etiraf edir ki, (təsdiq edir) "xxxx" ASC-nin İddiaçı borcu 01.10.2019-cu il tarixinə 70.000,00 (yetmiş min dollar) ABŞ dolları (əsas borc 41.000,00 (qırx bir min dollar) ABŞ dolları, faizi 29.000,00 (iyirmi doqquz min dollar) ABŞ dolları təşkil edir və bu vəsait İddiaçı ödəniləcəkdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Araz küçəsi, ev 8-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 01.10.2019-cu il tarixli borcun etirafı barədə müqavilədən görünür ki, cavabdehin "xxxx" ASCnin iddiaçıya 41.000,00 (qırx bir min) ABŞ dolları əsas, 29.000 (iyirmi doqquz min) ABŞ dolları faiz olmaqla, ümumilikdə 70.000,00 (yetmiş min) ABŞ dolları borcun olduğu etiraf edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ixtisaslaşmış kredit təşkilatı olmadığından cavabdehdən verilən borca görə əlavə faiz borcunun tələb etməsi Mülki Məcəllənin 739.2ci maddəsinin tələbləri baxımından əsassızdır. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə "xxxx" ASC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 41.000 (qırx bir min) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar