Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-713/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda və pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat məbləğində pulun, əldən çıxmış fayda kimi 300 manat və ödədiyi dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, o ərizədə göstərdiyi ünvanda qeydiyyatda olsa da Salyan şəhərində yaşayır. 2024-cü ilin iyul ayının ortalarında lalafo saytında elanlara baxarkən bir nəfərin yəni cavabdeh tərəfndən DDJ 800, rekodboks versiyalı aparatın satıldığını görmüşdür. 14 iyul 2024-cü ildə həmin elanda olan cavabdehə məxsus ********** mobil nömrəylə əlaqə saxlayıb 16 iyul 2024-cü ildə onunla görüşmüşdür. Elə həmin gün 1200 manat dəyərində DDJ 800 dj aparatını, 100 dəyərində dj aparatının kabellərini, daha sonra 5 gün sonra ondan 500 manat dəyərində olan nootbook alıb. Bildirir ki, cavabdeh ona həmin avadanlıqların saz vəziyyətdə olduğunu, nə problemi çıxsa buna cavabdeh olduğunu bildirdi. O daha sonra cavabdehdən həmin avadanlıqları alıb yaşadığı Salyan rayonuna aparmışdır. Həmin avadanlıqları tanımadığı ustaya göstərmiş bə hər iki avadanlığın nasaz olduğunu öyrənmişdir. Bunu da dərhal cavabdehin mobil telefon nömrəsinə yığaraq bildirdmişdir ki, satdığın avadanlıqlar nasazdır. O cavabdehdən ona ödədiyi 1800 manat pulu tələb edir. Bildirir ki, cavabdehdən pulunu ala bilmir. Bundan əlavə həmin pulu öz şəxsi məsələləri üçün xərcləmək, eləcə də həmin pulu hər hansı bir işə qoyub gəlir əldə etmə imkanından məhrum olduğundan 300 manat da ziyana düşmüşdür. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunun qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. İddiaçı bildirir ki, cavabdeh onun hər iki nömrəsini bloka atmışdır. Məcbur olun cavabdeh barəsində Nərimanov rayon Polis İdarəsinə şikayət etdib. X2 izahatı alınmış cavabdeh ona avadanlıqları satdığını etiraf etmişdir. Polis Şöbəsindən iddiaçıya məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İddiaçı bildirir ki, bu səbəbdən məcbur olub, məhkəmədə cavabdehə qarşı iddia qaldırıb. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə ilə müraciət edərək, Cavabdeh 1800 manat məbləğində pulun, əldən çıxmış fayda kimi 900 manat və 300 manat yol xərci olmaqla, cəmi 3000 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasınıl xahiş etdi. Həmçinin bildirdi ki, DJ aparatı kompütersiz işləmədiyi üçün cavabdehdən kompüter alıb, ondan sonra hər 2 avandanlığın nasaz olduğu ona məlum olmuşdur. Hazırda hər 2 avadanlıq işləmir. Mübahisəli avadanlıqları ustaya təqdim etməzdən əvvəl də cavabdehlə əlaqə saxladığı zaman o, məhsulların problemsiz olduğunu iddia etmişdir. Həmçinin əvvəlki məhkəmə iclasında iddiaçı bildirmişdir ki, təqdim etdiyim səs yazıları cihaza baxış keçirən ustanın səs yazılarıdır, o da sosial şəbəkə vasitəsilə göndərdiyi səs yazılarında cihazlarda problem olduğunu, həmçinin dj cihazına əvvəlcədən maye dağıdıldığını təsdiq edir. Cihazları almamışdan əvvəl həmin gün 15 dəqiqə ərzində yoxlamışdılar. İddia tələbini yol xərci və əldən çıxmış fayda hissəsində artırmışdır. Belə ki, 6 aydır ki, heç bir fəaliyyətlə məşğul ola bilmir. Həmçinin, hazırda yenidən 2-ci dəfə aldığı avandanlıq üçün kredit ödəyir. Məhkəmənin əvvəlki iclasında cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Atasının səhhəti ilə əlaqədar əməliyyat olunduğu üçün pul vəsaitinə olan ehtiyacı səbəbindən mübahisəli cihazları iddiaçıya satmış və satış zamanı iddiaçını evinə dəvət edərək, mübahisəli məhsulların bütün detallarını ona izah etmişdir. Mübahisəli dj cihazını 1 ildir ki, istifadə edib. İddiaçıya həmin cihazı 2-ci əl məhsul kimi satmışdır və satdığı zaman məhsul istifadəyə yararlı saz vəziyyətdə idi. Bildirir ki, kompüteri də iddiaçıya özü satmışdır. Aralarında hər hansı təhvil-təslim aktı tərtib olunmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın başqa vaxta keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR DİN Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - AR DİN Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis şöbəsində Cavabdeh tərəfindən verilən izahatdan görünür ki, İddiaçı qeyd olunan aparatı satarkən heç bir nasazlıq mövcud olmayıb. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh 10 gün müddətində 1800 manat pulun və 300 manat əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir. Əks halda aidiyyəti orqana şikayət edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçı Lalafo.az pulsuz elanlar saytında DDJ 800, rekodboks versiyalı aparatın satıldığını görmüşdür. 14 iyul 2024-cü ildə həmin elanda olan cavabdehə məxsus ********** mobil nömrə ilə əlaqə saxlamış və 16 iyul 2024-cü ildə onunla görüşmüşdür. Həmin tarixdə 1200 manat dəyərində DDJ 800 dj aparatını, 100 dəyərində dj aparatının kabellərini, 5 gün sonra isə 500 manat dəyərində olan notbuku almışdır. Hazırda İddiaçı əldə etdiyi malların qüsurlu olduğunu iddia edərək ödədiyi 1800 manat pulun, 900 manat əldən çıxmış faydanın və məhkəməyə gəlib-getmək üçün çəkilən 300 manat yol xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçıya satdığı malların lazımi keyfiyyətdə olduğunu, sonradan hər hansı qüsurun yarandığı halında isə iddiaçının öz hərəkətlərinin nəticəsi olmasını düşünür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə əvvəlcə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə dair iddianın qanuni əsaslarını yoxlamalıdır. Məlum olduğu kimi, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Göründüyü kimi, iddiaçı tərəflər arasında olan şifahi müqavilə öhdəliklərinə istinad edərək hazırkı tələbi irəli sürmüşdür. Məhkəmə onu da qeyd edir ki, iddianın əsaslandığı şərtlər, eləcə də tərəflərin arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri məhz onlar arasında bağlanmış əqdin şifahi alğı-satqı olmasına dəlalət edir. Belə ki, alğı-satqı müqaviləsinə görə “satıcı” əşyanı “alıcı”nın mülkiyyətinə verməyi, “alıcı” isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin mübahisələndirilən faktiki hallarına əsasən, iddiaçı cavabdeh tərəfindən satılan malların qüsurlu olmasından narazılıq edərək, həmin malların keyfiyyətsiz olduğunu, satılmış DJ aparatını və digər avadanlıqlarını nasaz olduğu səbəbindən işlədə bilmədiyini bildirir və buna görə də ödədiyi pul vəsaitinin ona geri qaytarılmasını və əldən çıxmış faydanı tələb edir. İddiaçı tərəfindən sözügedən aparatların şəkilləri və mütəxəssisə məxsus olduğu qeyd edilən səs yazıları məhkəməyə təqdim edilərək, həmin sübutlara istinad edilməklə, satılmış malların saz vəziyyətdə olmadığı bildirilir. Halbuki, iddiaçının satılan malların keyfiyyətsiz olmasını təsdiq edən hər hansı mötəbər sübutu mövcud deyil. Belə ki, iddiaçı cavabdehin aralarında olan şifahi alqı-satqı müqaviləsi üzrə vəzifələrini lazımı qaydada və keyfiyyətdə icra etməməsini bildirsə də bu barədə mötəbər sübutlarını təqdim edə bilməmiş, işin faktiki hallarında isə iddiaçı tərəfindən müqavilə üzrə vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаydаsını müəyyən еdir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin ona qüsurlu mal satması halını sübut edə bilməmişdir. Belə ki, iddiaçı izahatında etiraf etmişdir ki, qeyd edilən avadanlıqları əldə edərkən 15 dəqiqə ərzində yoxlamışdır. Digər tərəfdən mütəxəssisin (usta) səs yazısına istinad edərək cihazın üzərinə maye dağıdıldığını bildirir. Hansı ki səs yazısı təqdim olunan ustanın kimliyi, şəxsiyyəti o cümlədən müvafiq sahədə lazımi qaydada biliklərə malik olması məhkəmədə təsdiqlənməmiş, habelə iddiaçı tərəfindən buna dair təsdiqedici, əsaslı dəlillər təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı bu avadanlıqları əldə edən zaman onların işlək olduğunu yoxlamış, daha sonra əldə etmişdir. Hazırki işdən göründüyü kimi, iddiaçının iddiası öz təsdiqini tapmadığından, nəticə etibarilə də iddia tələbi əldən çıxmış fayda və yol xərcinin ödənilməsinin tələb edilməsi hissəsində də əsassızdır. Belə olan halda məhkəmə İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda və pul” tələbini qanuni və əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda və pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-713/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-713/2025
28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver