Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-714/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8” MMC cəlb edilməklə) dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulmuş 5000 manat məbləğində maddi ziyanın və 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 93 saylı mənzilə həmin binanın 99 saylı mənzilin mülkiyyətçisi Cavabdeh tərəfindən su axıdılmışdır. Cavabdeh mülkiyyətçisi olduğu mənzildə mənzilə məxsus isitmə sistemlərini sökərkən orada su yolunu açıb-bağlamaq üçün qurğunu bağlamağı unutmuşdur. Nəticə etibarilə ünvan 1 ünvanında yerləşən 93 saylı mənzil bütünlükdə su içərisində qalmış, mənzilə aid bütün ev və məişət əşyaları mebellər tamamilə sıradan çıxmışdır. xx.xx.2023-cü il tarixdə rəsmi müraciəti əsasında xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu 154 saylı Mənzil Kommunal və Texniki Xidmət Sahəsinin mühəndisi, sahə nəzarətçisi və santexnik çilingəri hadisə yerinə gələrək orada baxış keçirdikdən sonra, xx.xx.2023-cü il tarixdə rəsmi olaraq akt tərtib etmişlər. Həmin aktdan da açıq aşkar görünür ki, yaşadığı mənzilə su axıdılmış, nəticə etibarilə mənzildə bütün otaqların divar kağızları, tavan, döşəmə, stol, stul, xalça, palaz, divan, işıq sistemi, ümumilikdə bütün mənzil cavabdeh tərəfindən isladılaraq ona ciddi şəkildə maddi ziyan dəymişdir. Sözügedən əşyalar tamamilə yararsız hala düşdüyündən həmin əşyaların satılması yaxud bərpa olması mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mənzili artıq tikinti şirkəti tərəfindən söküldüyündən, mənzilə dəymiş ziyanla bağlı heç bir tələbi yoxdur. Lakin mənzildə olan əşyalara dəymiş ziyanı tələb edir. Onun mənzilində olan stol-stul, divan, xalça-palaz və mətbəx mebelinə ziyan dəymişdir. Həmin əşyalardan stol-stul, divan və 2 ədəd palazı yeni evinə aparmışdır. Mətbəx mebeli və digər 2 ədəd palaz isə yararsız hala düşdüyündən onları atmışdır. Sonda iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, yaşadığı mənzili “X8” MMC ilə müqaviləyə əsasən şirkətin fəhlələri ilə boşaldaraq, mənzili şirkətə vermiş və başqa mənzildə kirayədə yaşamışdır. Təhvil verdiyi mənzildə yaşamadığı zamanda, noyabr ayının 15-də mənzilləri yoxlamadan, həmin binanın Tariel adlı ocaqçısı istilik sistemini işə salmış və yaşayış olmadığı üçün su təzyiqi altında 1-ci mərtəbəni su basmışdır. Həmin tarixin günorta saatlarında ona zəng edilərək məlumat verilmiş, o, əvvəlcə, evin açarını göndərmiş, sonra isə özü ora getmişdir. O, ocaqçı Tarielin səhlənkarlığı ucbatından 500 manat ziyana düşmüş, yəni ziyan çəkmiş sakinə kirayə dəyəri 500 manat olan mənzil kirayələmişdir. Lakin iddiaçı bununla qane olmamış və müxtəlif nömrələrdən ona zəng vuraraq pul tələb etmiş, hədə-qorxu gəlmişdir. Ən sonda ondan 1500 manat məbləğində pul tələb etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu qeyd edərək bildirdi ki, Cavabdeh ilə tikinti şirkəti arasında təhvil-təslim aktı xx.xx.2023-cü il tarixdə tərtib olunsa da, faktiki olaraq cavabdeh mənzili xx.xx.2023-cü il tarixdə boşaldaraq tərk etmişdir. Cavabdehin mənzilindən suyun axıdılması Tariel adlı ocaqçının səhlənkarlığı uçbatından baş vermişdir. Sonda iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, tərəflərin qonşusudur. İddiaçı birinci mərtəbədə, cavabdeh üçüncü mərtəbədə, o isə beşinci mərtəbədə yaşamışdır. Cavabdeh sentyabr ayının birində öz mənzilində usta işlətmiş, təmir alətlərini ondan istəmiş və sentyabr ayının ikisi isə mənzildən köçmüşdür. Cavabdeh müəllim oluğundan və sentyabr ayının on beşində dərslər başladığından, həmin tarixədək köçmək istədiyini bildirmişdir. Hadisənin baş verməsindən xəbəri olmuş, iddiaçının mənzilinə daxil olan zaman xalçaların, yerdə paltarların və ümumiyyətlə döşəmənin su basdığını görmüşdür. İddiaçı evdən köçən zaman onun evdən stullar, qutular, divan, kreslo daşımasını görmüşdür. Lakin mətəbəxə daxil olmadığı üçün mətbəx mebelinin olub-olmadığını görməmişdir. Özü isə dekabr ayının səkkizində sonuncu olaraq mənzilindən köçmüşdür. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, tərəflərin qonşusudur və dördüncü mərtəbədə yaşayır. Adətən bloka su verilən zaman sakinlərə bu barədə bildiriş verilir. Sentyabr ayını ikisində cavabdeh evdən köçən zaman bundan xəbərdar olmuş və onunla sağollaşmışdır. Beləliklə, o, həm cavabdehin köçdüyünü, həm də əşyalarını daşıdığını görmüşdür. O, mənzilindən cavabdehdən əvvəl köçsə də, lakin mənzilində bəzi əşyaları qaldığı üçün daim mənzilinə gəlib getmişdir. İddiaçının evinə suyun axıdılmasında Tariel adlı ocaqçının günahkar olduğunu qeyd etdi. Su axıdılan zaman iddiaçının evini görməmişdir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayonu, xx.xx.2023-cü il tarixdə, 154 saylı MKİS tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, 154 saylı MKİS-nin komissiya üzvləri tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 93 saylı mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən də İddiaçı yaşadığı mənzilə su axıdılmışdır. Nəticədə mənzildə bütün otaqların divar kağızları, tavan, döşəmə, stol, stul, xalça, palaz, divan, işıq sistemi, ümumilikdə bütün mənzil isladılaraq, mülkiyyətçiyə ciddi şəkildə maddi ziyan vurulmuşdur; “Qəzalı vəziyyətdə olan bina mülkiyyətçisinin mənzilinin icraçı şirkətə təhvil verlməsinə dair” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən 99 saylı mənzil xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə təhvil verilmişdir; “Yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair” təhvil-təslim aktına xx.xx.2023-cü il tarixli əlavədən görünür ki, ünvan 2 ünvanında yerləşən 93 saylı mənzildəki “soyuducu, paltaryuyan, divan, kreslo, stol, stul, xırdavat 100 ədəd, televizor, qutu 50-55 ədəd” əşyalar daşınma şirkətinə təhvil verilmişdir; Cavabdeh Nərimanov RPN-nin 18-ci Polis Şöbəsində yazdığı ərizənin surətində qeyd edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə olan müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə yaşadığı mənzili həmin MMC-də çalışan fəhlələrin köməkliyi ilə boşaltmış və həmin gündən orada yaşamamışdır. Mənzil boş olaraq qalır. MMC heç bir akt təqdim etməmişdir. Akt bina tam boşaldıqdan sonra imzalanacaqdır. xx.xx.2023-cü il tarixdə Tariel adlı ocaqçı mənzilləri yoxlamadan istilik sistemini işə salmışdır. 2-ci mərtəbədə yaşayış olmadığı üçün, onun mənzilindəki su sistemi təzyiq altında partlamışdır. Bunun nəticəsində 1-ci mərtəbəni su basmışdır. Həmin gün günorta saatlarında ona zəng edilərək, bu bərədə məlumat verilmişdir. Öncə evin açarını göndərmiş və daha sonra özü də ora getmişdir. Ora gəldikdə 1-ci mərtəbənin sakinləri hücuma keçərək, onu vurmaq istəmişlər. Tarielin səhlənkarlığı üçbatından zərər çəkmiş sakinlərə 4 otaqlı tam təmirli və əşyalı mənzilin kirayə dəyərini, yəni 500 manat pulunu ödəmişdir. Lakin qonşular bununla qane olmamış və müxtəlif nömrələrdən zəng vuraraq 1500 manat məbləğində pul tələb etmişlər; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilə cavabdehə məxsus mənzildən su axmış və bunun nəticəsində mənzilə və orada olan bəzi məişət əşyalarına ziyan dəymişdir. Nərimanov rayonu, 154 saylı MKİS-nin komissiya üzvləri tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 93 saylı mənzilə baxış keçirilmiş və nəticədə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu, 154 saylı MKİS tərəfindən rəsmi olaraq akt tərtib edilmişdir. Rəsmi akta əsasən İddiaçı yaşadığı mənzilə su axıdılmış və mənzildə bütün otaqların divar kağızları, tavan, döşəmə, stol, stul, xalça, palaz, divan, işıq sistemi, ümumilikdə bütün mənzil cavabdeh tərəfindən isladılaraq ciddi şəkildə maddi ziyan vurulmuşdur. Hazırda iddiaçı Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulmuş 5000 manat məbləğində maddi ziyanın və 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq mən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzilindən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Lakin şahid ifadələrindən və üçüncü şəxsin nümayəndəsinin izahatından görünür ki, iddiaçının evinə suyun axıdılmasında təqsirli cavabdeh deyil, ocaqçı olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh mənzili faktiki olaraq su axıdılmasından daha öncə tikinti şirkətinə təhvil verilməsi üçün mənzildən çıxmış və həmin mənzildə yaşamamışdır. Bu hal şahid ifadələri ilə də təsdiq olunur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ona dəymiş zərərin nədən ibarət olmasını dəqiq göstərməsə də, məhkəmə araşdırılması zamanı iddiaçı mənzilindəki stol, stul, 4 ədəd xalça-palaz, divan və mətbəx mebelinə zərər dəydiyini bildirərək, həmin zərərin 5000 manat məbləğdə qiymətləndirir. Məhkəmə iclasında iddiaçı stol, stul, divan və 2 ədəd xalça-palazın təmizlik şirkətində təmizlədərək yeni evinə apardığını, lakin mətbəx mebeli və 2 ədəd palazın yararsız halda olduğu üçün atdığını bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki işin başlanmasına əsas olan iddia əsassızdır. Belə ki, İddiaçı cavabdehdən ona dəymiş ziyanı tələb etsə də, lakin o, ona zərər dəyməsini bildirməklə kifayətlənmiş, bununla bağlı hər hansı bir mötəbər sübut təqdim etməmiş və ya belə sübutlar məhkəmə araşdırması zamanı aşkar olunmamışdır. Cavabdeh isə öz növbəsində müvafiq zərərin onun tərəfindən vurulduğunu etiraf etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddiaçı öz izahatında da yuxarıda sadaladığı əşyalardan bir hissəsini, yəni stol, stul, divan və 2 ədəd xalça-palazı yeni evinə apardığını qeyd edir və bununla da sübut olunur ki, həmin əşyalar istifadəyə yararlı olmuşdur. Digər 2 xalça-palaz və mətbəx mebeli ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi aktda xalça-palazın 2 ədəd yox 4 ədəd sayda olması və həmçinin mətbəx mebelinə zərərin dəyməsi qeyd edilməmişdir. Ümumiyyətlə belə bir mətbəx mebelinin mövcud olmasına dair hər hansı birsübut təqdim edilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Zərərin vurulması və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə cavabdehin iddiaçıya zərərin vurulmasına dair etibarlı sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-714/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-714/2024
07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver