Məhkəmə qərarları › İş №2(005)-725/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-725/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-725/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qeyri Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qeyri Bank Kredit X3 Müəssisəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsnıixan oğlundan müştərək qaydada əsas borc üzrə 1106.07 USD əsas, faiz borcu üzrə 0.00 USD, cərimə borcuna görə 0.00 USD olmaqla cəmi 1106.07 (min yüz altı dollar, yeddi sent ) USD məbləğində borcun və 38.72 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2015-ci il tarixli, **********0666 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.20% faiz dərəcəsi olmaqla 15 ay müddətinə 2000 (iki min) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə Əlavə hesabedilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 2000 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 30.07.2015-ci il tarixli, **********0666 saylı kredit müqaviləsi 04.02.2016-ci il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1392.00 USD, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Eyni tarixli **********1***-******* saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 03.12.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 1106.07 USD əsas, faiz borcu üzrə 0.00 USD, cərimə borcuna görə 0.00 USD olmaqla cəmi 1106.07 (min yüz altı dollar, yeddi sent) USD təşkil edir. Məhkəmə iclasında İddiaçı Qeyri Bank Kredit Təşkilatı X1 nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş İddiaçı Qeyri Bank Kredit X3 Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2015-ci il tarixli, № **********0666 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 15 ay müddətinə illik 23.20 % olmaqla 2000 USD məbləğində kredit verilmişdir və zamin Cavabdeh2 ilə bağlanmış 04.02.2016-cı il tarixli, № **********01***-******* nömrəli Zaminlik müqaviləsinə əsasən zamin verilmiş kreditin ödənilməsi üçün məsuliyyəti tam şəkildə öz öhdələrinə götürmüşdür. İş materiallarında olan 30.07.2015-ci il tarixli, № **********0666 nömrəli Kredit Müqaviləsinin Restrukturizasiyasına dair Sazişdən görünür ki, Bir tərəfdən "FİNCA Azerbaijan" X6-öank Kredit Təşkilatı (bundan sonra "Kredit Verən"), X5 şəxsində, və digər tərəfdən TƏRANƏ ŞAHQULU ƏRİZANOVA (bundan sonra "Kredit Alan"), aralarında bağlanmış 30.07.2015 tarixli **********0666 saylı Kredit müqaviləsinin (bundan sonra "Kredit müqaviləsi") aşağıdakı şərtlərlə restrukturizasiya olunması barədə razılığa gəldilər:

1. Kredit müqaviləsi üzrə Kredit Alanın Kredit Verənə qalıq əsas borcu 1392.00 USD. hesablanmış və ödənilməmiş faizlər 0.00 USD, cərimə isə 0.00 USD təşkil edir.2.Tərəflər qalıq borcu olaraq, aşağıdakı məbləği qəbul edirlər: 1392.00 USD. 3. Bu Sazişin 2-ci maddəsində göstərilən məbləğ 18 ay müddətində tamamilə ödəniləcəkdir. 4. Sazişin bağlandığı tarixdən etibarən Sazişin 2-ci maddəsində göstərilən qalıq məbləğinə 23.20 % dərəcəsi ilə faizlər hesablanacaqdır. İş materiallarında olan kreditin ödəniş cədvəlindən görünür ki, Kredit Alan Cavabdeh1 2000 USD məbləği illik 23.20 %-lə 15 ay müddətinə ödəməyi öhdələrinə götürüb. İş materiallarında olan 30.07.2015-ci il tarixli Məxaric Orderindən görünür ki, Cavabdeh1 2000 USD məbləğində kredit vəsaitini imza edərək qəbul etmişdir. İş materiallarında olan İddiaçı Qeyri Bank Kredit X3 Müəssisəsi tərəfindən verilmiş 30.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ödənilməmiş 1106,07 USD əsas, 0 manat faiz, 0 manat cərimə, cəmi 1106,07 USD məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından da göründüyü kimi 04.02.2016-cı il tarixdə İddiaçı Qeyri Bank Kredit X3 Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Lakin iddiaçı 23.12.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, beləliklə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun Cavabdeh1 tutulması hissəsində əsaslıdır və təmin olunmalı, Cavabdeh1 iddiaçının xeyrinə 1106,07 USD kredit borcu tutulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38,72 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (borclu) Cavabdeh1, İddiaçı Qeyri Bank Kredit Təşkilatı X1 xeyrinə 1106,07 USD borc və iddia qaldırılması üçün ödənilmiş 38,72 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 İddiaçı Qeyri Bank Kredit Təşkilatı X1 xeyrinə 1106,07 USD əsas, faiz borcu üzrə 0.00 USD, cərimə borcuna görə 0.00 USD olmaqla cəmi 1106,07 USD məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və iddia qaldırılması üçün ödənilmiş 38,72 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar