Məhkəmə qərarları › İş №2(005)-728/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-728/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-728/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin yarısının, 7300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh vurulmuş zərərə görə 3925 manat pulun və ödənilmiş 93 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində təxminən saat 17:45 radələrində A.M.Şərifzadə küçəsində ona məxsus “KİA sportage” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili park halında olduğu halda, Cavabdeh “BMW” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərək yol qaydalarını kobud şəkildə pozaraq, digər bir şəxsin X2 idarə etdiyi “Mercedes” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq ona məxsus “KİA sportage” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə çırpılmış və onu tam yararsız hala salaraq yol qəzası törətmişdir. Yasamal Rayon DYPŞ-nın xx.xx.2023-cu il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.2, 332.1-ci maddələri ilə və X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Qəza nəticəsində ona məxsus **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yararsız hala salınaraq 18654 manat məbləğində ziyan vurulmuşdur. Zərərin 4050 manatı sığorta tərəfindən ödənilmiş, 14604 manat vurulmuş zərərin əvəzininin qalan məbləğini isə cavabdehlər ödəməkdən imtina edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, avtomobili 21000 manata almışdır. Maşınına on səkkiz min manata yaxın zərər dəymişdir. Maşını vurularkən maşın park halında olmuşdur. İşdən çıxan zaman maşınının vurulduğunu görmüşdür. Yol nəqliyyat hadisəsində bir neçə maşına zərər vurulmuşdur. Yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh və X4 təqsirli bilinmişdir. Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib olunub. Hər iki şəxsin günahı həmin protokollarla sübuta yetirilib. Digər cavabdehə qarşı başqa məhkəmədə iddia qaldırmış, həmin iş hazırda dayandırılaraq ekspertizaya göndərilmişdir. Vurulmuş zərəri ayrı-ayrılıqda hər birindən bərabər hissələrlə tələb edir. 4000 manat sığorta ona ödəniş edib. Sığorta şirkəti tərəfindən zərər 18 min hesablansa da məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə zərər 11900 manat müəyyən edilmişdir. Maşının kredit borclarını ödəməli olduğundan məcbur qalaraq ekspert rəyinə uyğun olaraq iddia tələbinin həcmini azaltmışdır. Digər cavabdehdən də 4000 manat pul tələb edir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “Kia Sportage minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur; - İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* saylı qərarın surətlərindən görünür ki, Cavabdeh AR İXM-nin 327.2-ci (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələrinin tələblərini pozmuş və nəticədə 80 manat məbləğində cərimə edilmişdir; -"xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, 2008-ci il buraxılışlı, **-EG-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” minik markalı nəqliyyat vasitəsinə 18654.2 manat dəyərində zərər vurulmuşdur; - xx.xx.2023-cü il tarixli, **********1 saylı və ********** saylı qəbzlərdən görünür ki, müvafiq olaraq 2142,72 manat və 1907,88 manat olmaqla, toplamda 4050,7 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1293 nömrəli, 13.0.2024-cü il tarixli ekspert rəyindən görünür ki, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 17000 manat olmuş 2008-ci il buraxılışlı, “KİA” markalı, “Sportage” modelli, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 11900,00 (17000-30%) manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə məhkəmə ekspertizası mərkəzinin xx.xx.2015-ci il tarixli, 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2008-ci il buraxılışlı, “KİA” markalı, “Sportage" modelli **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-728/2024 №-li mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 207131 nömrəli xx.xx.2023-cü il tarixli qüsur aktı əsasında hesablanmışdır. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat qalmış hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Ekspertiza xərci 50 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh idarə etdiyi “BMW” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X2 idarə etdiyi “Mercedes” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə İddiaçı məxsus “KİA sportage” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı park halında olan minik avtomobilinə zərər dəymişdir. Zərər dəymiş avtomobillərin sayı çox olduğundan sığortaçı tərəfindən iddiaçıya cəmi 4050 manat pul ödənilmişdir. Hazırda iddiaçı sığorta ödənişi çıxıldıqdan sonra yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi zərərin yarısının cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: törədilmiş əməlin hüquqa zidd olması; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Hazırki iş üzrə iddiaçıya digər iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində zərər dəymişdir. Bu səbəbdən nəqliyyat vasitəsinə zərər vurmuş şəxslər mülkiyyətçi qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Eyni zamanda “İcbari sığortalar haqqında” Qanunun 20.5-ci maddəsinə görə, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İXM-in 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilmişdir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Cavabdeh səbəb olduğu zərərə görə Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyır. Belə ki, hazırki işdə onun məsuliyyətini istisna edən və Mülki Məcəllənin 1108.2-ci maddəsində sadalanan hallar aşkar edilməmişdir. İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1293 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ziyanın məbləği 11900 manat olaraq müəyyən edilmişdir. İcbari sığorta ödənişi kimi cəmi 4050,7 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Odur ki, qeyd edilən məbləğ avtomobilə dəymiş zərərə görə ödənilməli olan 11900 manatdan çıxılmaqla (11900-4050,7) cəmi 7849,3 manat zərər ödənilməlidir. İddiaçı isə hazırda həmin məbləğin yarısını, 3925 manatı hazırki iş üzrə cavadehdən, digər yarısını X1 ayrıca icraat qaydasında tələb edir. Məhkəmə iddiaçının tələbini, vurulmuş zərərin zərər vuran şəxslərdən ayrı-ayrılıqda ödənilməsi xahişini, sığorta ödənişinin məbləğini və ekspert rəyi ilə müəyyən edilən məbləği nəzərə alaraq 3925 manat pulun tutulmasını ağlabatan hesab edir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Kia Sportage” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 3925 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya digər cavabdehin məhkəmə prosesinə cəlb edilməsi təklif edilsə də, iddiaçı bununla razılaşmamış, eləcə də digər məhkəmənin icraatında olan mülki iş üzrə icraat dayandırıldığından (ekspertizaya göndərildiyindən) mülki işlərin birləşdirilməsi mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 3925 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə iddia tələbinə mütənasib olaraq 59 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 3925 (üç min doqquz yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumuna görə iddia tələbinə mütənasib olaraq 59 (əlli doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar