Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-73/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pəncərənin bağlanması və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, X5 küçəsi, ev 4 “A” ünvanında yerləşən, onun istifadəsində olan, həyətyanı sahənin hasarında cavabdeh açılmış pəncərənin bağlanılması və vurulmuş maddi və mənəvi zərərə görə cavabdehdən 10000 (on min) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, kı şəhəri, Nizami rayonu, X5 küçəsi, ev 4 “A” ünvanında yerləşən, onun istifadəsində olan, həyətyanı sahənin hasarında cavabdeh açılmış pəncərənin bağlanılması və mənəvi zərərə görə cavabdehdən 10000 (on min) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1973-cü ildən yuxarıda göstərilən ünvanda yaşayır, həmin vaxtlar qonşusu erməni millətindən yaşlı qadın olmuş, həmin qadın həyətdə bağ salmış və ərindən onların tərəfindən inşa edilmiş hasar divarına bitişik tikili tikməyə icazə verməsini xahiş etmişdir. 90-cı illərin sonunda həmin erməni qadın oradan köçmüş və göstərilən evə cavabdeh ailə ilə köçmüşdür. Cavabdeh öz yaşayış sahəsini artırmaq məqsədilə onların tərəfindən inşa edilmiş hasar divarına bitişik otaq tikmiş və uzun müddət həmin divarda pəncərə açmaq xahişi ilə ərimə müraciət etmişdir. Əvvəllər ərim buna etiraz etmiş, sonda balaca nəfəslik açılmasına razılıq vermişdir. Cavabdeh bir müddət sonra həmin nəfəsliyi böyüdərək pəncərə ölçüsünə çatdırmış və bununla da iddiaçının və ailəsinin ağır günləri başlamışdır. Hazırda yüksək musiqi və danışıq səsləri, qışqırıqlar, mübahisələr və həyətə baxma halları ailənin normal yaşayışını pozur. Xüsusislə şənbə və bazar günləri cavabdehin ailə üzvlərinin səsindən oturmaq olmur. Bu səbəbdən o qonşuya müraciət edərək, pəncərənin bağlanılmasını təklif etmiş, lakin cavabdeh kobud şəkildə onun təklifini rədd edərək onun Pusiyaya getməsini bildirmişdir. Nəticədə iddiaçının qızı kartonla pəncərəni bağlamağa məcbur olmuşdur. Lakin cavabdeh kartonu kəsərək qopartmış və onların ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Bu mübahisələr zamanı cavabdehlər milli məsələni qabardaraq iddiaçının ailəsinə Rusiyaya köçməyi təklif edirlər. Bu səbəbdən iddiaçı cavabdehin həyətyanı sahəsi ilə onun həyətyanı sahəsi arasında olan onların tərəfindən inşa edilmiş hasar divarında cavabdeh tərəfindən qanunsuz olaraq açılmış pəncərənin bağlanılmasını tələb etmək məcburiyyətində qalmışdır. Bütün bu proseslər nəticəsində o dəfələrlə polisə müraciət etmiş, hüquqi yardım üçün müdafiəçi xidmətlərindən istifadə etmək məcburiyyətində olmuşdur ki, bu da onun şərəf və ləyaqətinə xələl gətirmiş, keçirdiyi sarsıntılar nəticəsində səhhətində problemlər yaranmış və onun əlavə vəsaitlər xərcləməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 10000 (on min) manat qiymətləndirir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında bildirmişdir ki, qeyd olunan pəncərənin bağlanması üçün əsas yoxdur. Həmin otaqda pəncərənin olmaması evin havasız qalmasına, işığın düşməməsinə səbəb olur. Göstərilənlərə əsasən, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Uzununa küçəsində istifadəsində olan 0.00842 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 75.5 kv.m yaşayış, - kv.m qeyriyaşayış, 47.2 kv.m köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 2361 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2021-ci il tarixli, 10/5646 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, X5 küçəsi, ev 6 ünvanında Bakı şəhəri, Nizami rayonu, X5 küçəsi, ev 4 “A” ünvanının həyətinə açılmış aluminium materialdan hazırlanmış 0.8 x 0.6 m ölçüdə nəfəslik mövcuddur və həmin nəfəslik cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib olunmuş “Texniki Pasportda öz əksini tapmışdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Tərəflər arasında mübahisə, İddiaçı Cavabdeh həyətyanı sahənin hasarında cavabdeh tərəfindən açılmış pəncərənin bağlanılması iddia etməsi nəticəsində yaranmışdır. İş materiallarından aydın olur ki, İddiaçı Cavabdeh həyətyanı sahəsindən onun həyətinə açılmış pəncərənin onun rahatlığını pozmasını, səs-küy yaratmasını iddia etməkdədir. Sözügedən Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Uzununa küçəsində istifadəsində olan 0.00842 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 75.5 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 47.2 kv.m köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. Məhkəmə, məhkəmə araşdırmasının nəticələrini əsas götürüb, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2021-ci il tarixli, 10/5646 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, Bakı şəhəri, Nizami rayonu, X5 küçəsi, ev 6 ünvanında Bakı şəhəri, Nizami rayonu, X5 küçəsi, ev 4 “A” ünvanının həyətinə açılmış aluminium materialdan hazırlanmış 0.8 x 0.6 m ölçüdə nəfəslik mövcuddur və həmin nəfəslik cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib olunmuş “Texniki Pasportda öz əksini tapmışdır. Bu da öz növbəsində iddianın rədd edilməsini şərtləndirir. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir, 103.1-ci maddəsinə görə isə məhkəmə üçün məcbur olmayan bu rəy Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsinin səbəbləri qətnamədə öz əksini tapmalıdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddia tələbinin «mənəvi zərərin əvəzi kimi 10.000 manat pul vəsaitinin» cavabdehdən tutulması hissəsini əsaslı saymır.Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pəncərənin bağlanması və mənəvi zərərin tutulması” tələbinə dair iddiası rədd edilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pəncərənin bağlanması və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat İddiaçından tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-73/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-73/2022
22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver