Məhkəmə qərarları › İş №2(005)-741/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-741/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-741/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh «Cavabdeh” ASC-nin etibarnamə üzrə nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh” ASC-nə qarşı “əqdin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh «Cavabdeh” ASC-nə qarşı “əqdin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin xx xxxx 2020-ci il tarixli MGT2464161A112 saylı müqavilənin və müqavilə üzrə ödəniş cədvəlinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon məhkəmsinin 2(002)-3074/2016 saylı mülki iş üzrə xx xxx 2016-cı il tarixli məhkəmə əmri ilə xx.xx.1945-ci il təvəllüdlü, Bakı şəhərində doğulmuş, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 102-də qeydiyyatda olan İddiaçı Cavabdeh ASC-nin xeyrinə 5372 manat əsas borcu, 1660,35 manat faiz borcu, cəmi 7032,35 manat və 20 manat dövlət rüsumu məbləğində pul tutulması əmr edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəmsinin 2(002)-3074/2016 saylı mülki iş üzrə xx xxx 2016-cı il tarixli məhkəmə əmri qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən tutmanın pensiya haqqına yönəldilməsi və hər ay pensiya haqqından 199,58 manat məbləğində pulun tutularaq Cavabdeh ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin vaxtdan 2020-ci ilin avqust ayınadək hər ay 199,58 manat məbləğində pul pensiyadan tutularaq cavabdehə ödənilmişdir. 2020-ci ilin avqust ayında Cavabdeh ASC-nin əməkdaşları iddiaçıya zəng edərək bildirmişlər ki, guya bir neçə aydır onların hesabına ödənişlər edilməmişdir və buna görə də iddiaçının banka əlavə borcu yaranmışdır. İddiaçı deyilənə etirazını bldirərək belə olmadığını, hər ay pensiyadan tutulmalar edildiyini bildirmişdir. Bank işçiləri təkid edərək, ödənişin vaxtını uzatmaqla yeni ödəniş cədvəli tərtib edib iddiaçıya təqdim etmiş və bununla da banka olan borcunun həcmi süni surətdə artırılmışdır. Onlar bunu onunla əsaslandırmışlar ki, guya aylıq ödənişlər tam olaraq yerinə yetirilməmiş, yəni bir neçə ay pensiyadan tutulmamışdır və guya bununla bağlı yeni kredit müqaviləsi bağlanmalıdır. Lakin mən onlara bildirmişəm ki, elə bir ay olmamışdır ki, iddiaçı pensiya haqqı məbləğindən tutma həyata keçirilməsin. Bunu sübut etmək üçün iddiaçı “Dost” mərkəzinə müraciət etmiş və aylar üzrə ödənişlərin tam şəkildə pensiyadan tutulduğu müəyyən edilmişdir. Onlar iddiaçıya heç bir müqavilə təqdim etməmiş, yalnız ödəniş cədvəlini vermiş və hər ay 64,06 manat olmaqla 2 il müddətinə bu ödənişləri həyata keçirməyinin vacib olduğunu söyləmişlər. Sonradan ödəniş cədvəlinə nəzər yetirərkən aydın olmuşdur ki, sən demə Cavabdeh ASC ilə xx xxxx 2020-ci il tarixdə MGT2464161A112 saylı müqavilə bağlanmışdır. Həmin müqavilədən iddiaçının xəbərim olmamış, sözügedən müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. Bank işçilərinə müraciət edərək müqaviləni iddiaçıya təqdim etmələrini tələb etsə də, həmin müqavilə iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi yeni tərtib edilmiş ödəniş cədvəlinə əməl olunarsa iddiaçı əlavə olaraq xeyli miqdarda pul ödəməliydi. Bu isə qanunsuz bir tələb olmaqla bərabər, onsuz da ağır olan maddi duruma əlavə zərbədir. Yeni müqavilə və müqavilə üzrə ödəniş cədvəli qanusuz bir sənəddirlər və ona görə də etibarsız hesab edilməlidirlər. İddiaçı Cavabdeh ASC-nin əməkdaşlarına təkidlə müraciət edərək anlaşmanın ləğv edilməsini xahiş etsə də, buna əməl olunmamış, hər ay iddiaçıdan əlavə ödəniş tələb ediliməkdədir. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə, iş üzrə ekspertiza təyin olunaraq obyektiv gerçəkliyin müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkmədən xahiş edərək bildimişdir ki, onun bankla yeni müqavilə bağlamaq niyyəti olmamışdır. Məhkəmə əmri əsasında banka olan borcunu yerinə yetirmişdir. Bankın nümayəndələri dəfələrlə onu borcla bağlı narahat etdikdən sonra banka dəvət etmiş və onu banka gətirib aldadaraq 2020-ci il tarixdə yeni müqavilə bağlamışlar. Halbuki onun belə müqavilə bağlamaq fikri olmamışdır. Bir müddət sonra isə ondan yeni müqavilə üzrə 1198 manat pulu tələb etdikdə bilmişdir ki, bankın nümayəndələri onu aldatmışlar. Məhkəmə iclasında iştirak edən cavabdeh «Cavabdeh” ASC-nin etibarnamə üzrə nümayəndəsi Musayev Rövşən Əlövsət oğlu iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədi iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qaradağ RPİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1945-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev.102 ünvanında qeydiyyatdadır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(002)-3074/2016 saylı məhkəmə əmri ilə xx.xx.1945-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 102-də qeydiyyatda olan İddiaçı Cavabdeh ASC-nin xeyrinə 5372 manat əsas borcu, 1660,35 manat faiz borcu, cəmi 7032,35 manat və 20 manat dövlət rüsumu məbləğində pul tutulmuşdur. xx.xx.2020-ci il tarixli MGTK2464161A112 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinin surətindən görünür ki, İddiaçı illik 25.2% olmaqla 24 ay müddətinə 1198 manat kredit ayrılmışdır. Aylar üzrə ödəniş məbləği 64.06 (altmış dörd manat sıfır altı) qəpik müəyyən edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(002)-3074/2016 saylı məhkəmə əmri ilə məhkəmə tutulmasına görə Cavabdeh ASC-nin təsdiq etdiyi cədvəldən görünür ki, İddiaçı cavabdeh banka 6198 manatdan artıq vəsait ödəmişdir. Xəzinə məxaric orderlərinin surətlərindən görünür ki, iddiaçı banka xx xxxxxx 2020-ci il tarixdə 199.58 (yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat, xx xxxxxxxx 2020-ci il tarixdə 598.74 (beş yüz doxsan səkkiz manat yetmiş dörd qəpik) manat, xx xxxxxxx 2020ci il tarixdə 199.00 (yüz doxsan doqquz) manat, 199.58 (yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat məbləğində ödənişlər etmişdir. xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı ərizə ilə Cavabdeh ASC-yə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təsdiq edərək onun istehlak kredit müqavilələri üzrə “xxxx” ASC-yə ödəməli olduğu 1198 AZN ekvivalentində kredit borcunun (əsas, faiz borcu və cərimə ilə birlikdə) vardır. İddiaçıya təyinatı digər kredit müqaviləsi üzrə borclarının ödənilməsi və şəxsi istehlak olan 1198.00 AZN (bir min yüz doxsan səkkiz manat sıfır qəp.) məbləğində, 24 ay müddətinə nağd pul krediti verilməsini və kredit müqaviləsi (irəlidə “Kredit müaviləsi”) bağlayasanız. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcəyi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli MGTK2464161A112 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən 1198.00 AZN (bir min yüz doxsan səkkiz manat sıfır qəp.) məbləğində kredit verir, Borcalan isə əsas borcu, kreditdən istifadəyə görə hesablanacaq faizləri və digər borcları bu müqavilə ilə müəyyən olunan müddətdə və qaydada kreditora ödəyir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı oğlunun Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3074/2016 №-li, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə 7032,35 (yeddi min otuz iki manat otuz beş qəpik) manat əsas və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Həmin vaxtdan 2020-ci ilin avqust ayınadək hər ay 199,58 manat məbləğində olmaqla pul vəsaiti iddiaçının pensiyasından tutulur. Sonradan cavabdeh tərəfindən yeni ödəniş cədvəli və xx xxxx 2020-ci il tarilxi MGT2464161A112 nömrəli yeni kredit müqaviləsi tərtib edilərək iddiaçının 1198 manat borc götürməsinə dair tərəflər arasında müqavilə imzalanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia təmin olunmalıdır. Göründüyü kimi İddiaçı oğlunun Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3074/2016 №-li, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə 7032,35 (yeddi min otuz iki manat otuz beş qəpik) manat əsas və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Həmin tarixdən 2020-ci ilin avqust ayınadək iddiaçıdan 6556 manatdan artıq məbləğ tutulmuşdur. İddiaçının 500 manatdan da az borcu olduğu halda yenidən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli MGT2464161A112 saylı kredit müqaviləsi ilə 1198 manat məbləğində pul vəsaitinin alınmasına dair müqavilə bağlanmışdır. Tərəflər xx.xx.2020-ci il tarixli MGT2464161A112 saylı kredit müqaviləsi ilə 1198 manat məbləğində pul vəsaitinin əvvəlki borcla əvəzləşdirilməsini və iddiaçıya bu məbləğin real olaraq yenidən verilməməsini mübahisələndirməmişlər. Qeyd edilənlərə əsasən iddiaçının yenidən xx.xx.2020-ci il tarixli MGT2464161A112 saylı kredit müqaviləsi əsasında nağd pul krediti əldə etmədiyi məhkəmə iclasında işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə görə vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Həmin Məcəllənin 347.5-ci maddəsinə görə predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Həmin Məcəllənin 347.7-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. O da qeyd edilməlidir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. İşin hallarından göründüyü kimi iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 347-ci maddəsində nəzərdə tutulan dizpozitiv şərtlər təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işin məhkəmə iclasında tədqiq edilmiş halları iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlarla uyğunluq təşkil etdiyindən müqavilələrin etibarsız hesab edilməsinə məhkəmədə inamlı şərait yaradır. Odur ki, iddiaçı xx.xx.2020-ci il tarixli MGT2464161A112 saylı kredit müqaviləsinin etibarsızlığını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh İddiaçı Hətm oğlu ilə Cavabdeh ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış MGT2464161A112 saylı kredit müqaviləsi və əqdin etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə müqavilə üzrə ödəniş cədvəli də etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından tələbə uyğun mülki işə hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli MGT2464161A112 saylı müqavilə və müqavilə üzrə ödəniş cədvəli etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar