Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-749/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.000 ABŞ dolları məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyası Moskva şəhərində meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olur. Cavabdeh 2021-ci ilin əvvəllərindən tanıyır və normal münasibətləri olmuşdur. Həmin ildə Cavabdeh ona zəng vuraraq Rusiya Federasiyasına pomidor məhsulu göndərdiyini, lakin sata bilmədiyini demiş və təklif etmişdir ki, onun pomidor məhsullarını orada satmaqda köməklik göstərsin. İddiaçı da onun pomidor məhsullarını satarkən məhsulun keyfiyyətinin yaxşı olduğunu və bazarda da satışından yaxşı mənfəət əldə edə biləcəyini düşünmüşdür. Bu səbəblə cavabdehə təxminən 15.000-20.000 ABŞ dolları dəyərində pomidor məhsulunun pulunu ödəyib ondan alıb daha sonra həmin məhsulları satmışdır. 2021-ci ilin noyabr ayında cavabdeh ona zəng vuraraq onda daha yaxşı pomidor məhsullarının olduğunu və onların satışından yaxşı gəlir ələ edəcəyini bildirmişdir. Cavabdeh məhsulların keyfiyyətinə özü zəmanət vermiş və məhsulların keyfiyyətində problem olarsa və ya yararsız hala düşərsə, özü bütün zərəri ödəyəcəyini qeyd etmişdir. İddiaçı cavabdehdən əvvəllər yaxşı keyfiyyətli mallar aldığı üçün ona inanıb təklifinə razılıq vermişdir və 28.600 ABŞ dolları dəyərində pomidor məhsulu sifariş vermişdir. Cavabdeh malın pulunu əvvəlcədən ondan tələb etmiş, iddiaçı da yeznəsi Famil Abdullayevlə cavabdeh Nizami Kərimzadəyə çatdırması üçün 20.000 ABŞ dolları göndərmişdir. Famil xx.xx.2021-ci il tarixdə cavabdehlə Xəzər rayonu, Zirə kəndində görüşüb ona 20.000 ABŞ dollarını vermişdir. Geri qalan 8.600 ABŞ dolları pulu isə bir neçə gün sonra dostu Namiq Məmmədovla cavabdehə çatdırması üçün göndərmişdir. xx.xx.2021-ci il tarixdə Namiq Nərimanov rayon ərazisində cavabdehlə görüşmüş və göndərdiyi pulu ona vermişdir. xx.xx.2021-ci il tarixdə cavabdehin göndərdiyi bir fura pomidor məhsulu Rusiya Federasiyasının Moskva şəhərinə çatmışdır. Məhsul gədikdən sonra görmüşdür ki, pomidor məhsulunun çoxu, yəni təxminən 70 faizi xarab olmuş və yararsız vəziyyətə düşmüşdür. Mən həmin məhsulların fotoşəklini və videosunu çəkib cavabdehə göndərmiş və ona bildirmişdir ki, həmin məhsul yararsız vəziyyətdə olduğundan heç cür satmaq mümkün deyildir və əgər satışa çıxarsa yüksək miqdarda zərər görə bilər. O, isə iddiaçıya demişdir ki, “nə qədər sata bilirsən sat, geri qalan ziyanını isə özü ödəyəcəkdir”. İddiaçı bütün pulunun Nizamidə olduğu üçün məcbur qalıb onunla razılaşmışdır. Daha sonra malları satmış və bütün gömrük və logistika xərclərini ödədikdən sonra 25.000 ABŞ dolları dəyərində maddi ziyana məruz qalmışdır. Cavabdehlə əlaqə saxlayıb 25.000 ABŞ dolları dəyərində ziyan etdiyini və xərclərini qarşılamasını, göndərdiyi puldan 25.000 ABŞ dollarını qaytarmasını tələb etmişdir. Cavabdeh ona həmin pulu bir neçə gün ərzində qaytaracağını söyləmişdir. Lakin o, verdiyi vədə əməl etməyərək uzun bir müddət keçməsinə baxmayaraq, hələ də borcunu ödəmir, hər dəfə əlaqə saxlayanda müxtəlif bəhanələrlə iddiaçıya dəymiş zərəri ödəməkdən könüllü surətdə boyun qaçırırdı. Bununla əlaqədar olaraq iddiaçı Nərimanov RPİ-nə müraciət edib cavabdehin onun etibarımdan sui-istifadə etməsi və aldadaraq əmlakını əvəzsiz olaraq ələ keçirməsi barədə şikayət etmişdir. Nərimanov RPİ İŞ-nin müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla cavabdehlə aralarında olan pul mübahisəsi mülki xarakterli oluğundan cinayət işi rədd edilmişdir. Qərarda onunla cavabdehin ona verdiyi pul müqabilində sifariş etdiyi pomidor məhsulunu Rusiya Federasiyasına göndərməsi, lakin pomidor tırı idarə edən sürücünün soyuducunu lazımi dərəcədə tənzimləməməsi, yanacağa qənaət etmək üçün soyuducunu hərdən söndürməsi, eləcə də məhsulu bazara müəyyən edilmiş vaxtda çatdıra bilməməsi səbəbindən pomidor mallarının xarab olaraq yararsız vəziyyətə düşməsi, bu səbəblə ona maddi ziyanın dəyməsi qeyd edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, alqı-satqı onunla cavabdeh arasında olmuşdur. Bu onun məhkəməyə təqdim etdiyi səs yazılarında da öz əksini tapır. Hakan adlı şəxs cavabdehin şəriki olmuşdur. "xxxx" şirkəti barədə isə onun ümumiyyətlə məlumatı olmamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələri təsdiq etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh və nümayəndəsi və vəkili X4 əvvəlki məhkəmə iclaslarında məhkəmədə iştirak edərək, iddiaya etiraz mövqeyində olmuşlar. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, o, pomidor alqı-satqısı ilə məşğul olmuşdur. İddiaçı ilə əvvəllər problemsiz pomidor alqı-satqısına dair münasibətlər olmuşdur. İddiaçı yenidən keyfiyyətli pomidor almaq üçün ona müraciət etmiş və o da hazırkı alqı-satqını yenidən təşkil etmişdir. Lakin iddiaçının göndərdiyi şəxs vasitəsilə pul vəsaiti ona ödənilməmişdir. İddiaçı tərəfindən təqdim edilən səs-yazılarında olan səslər onunla iddiaçı arasında olmuşdur. Lakin o, həmin səs yazılarında iddiaçıya olan borcunu nəzərdə tutmamışdır. Cavabdeh alqı-satqını təşkil etsə də, faktiki olaraq alqı-satqı iddiaçı ilə Hakan adlı şəxs arasında baş tutmuşdur. O, həmin alqı-satqıda yalnız vasitəçi kimi iştirak etmişdir. Həmçinin də Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə çıxışlarından sonra EMİS-ə mülahizələrini yükləmişdir. Həmin mülahizədə qeyd edilmişdir ki, İddiaçı iddia tələbində qeyd etdiyi hallarla işin faktiki halları arasında olan ziddiyyətləri geniş müzakirə etməyə ehtiyac yoxdur. İddiaçının özü məhkəmə prosesində cavabdehin məhz tərəflər arasında baş tutmuş və məbləği 23 000 ABŞ dolları təşkil edən bir FURA pomidorun Azərbaycandan Rusiya Federasiyasına daşınması, malların hər iki dövlətin gömrük buraxılış məntəqəsindən keçirilməsində müqavilə tərəfi olaraq fərdi şəkildə Nizami Kərimzadənin hansı bir mülki məsuliyyətinin olmadığı, qeyd edilən malın alqı-satqısı ilə bağlı iki sahibkarlıq subyektinin bununla bağlı əsaslı və hüquqi müqaviləsinin bağlandığını, malların gömrük məntəqələrində bəyanı zamanı keçirilən malın loqostika əməliyyatları ilə Satıcı şirkətin məsul olduğu və məhz bunun üçün 23 000 ABŞ dolları vəsaitin iddiaçının müəyyən etdiyi şəxsin satıcının kassasina mədaxil edildiyinə dair hüquq müəyyənedici sənədlərin olduğu müəyyən olundu. Belə olan halda iddiaçının özünün belə bu iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olmadığı,olduğu təqdirdə isə vermiş olduğu iddia tələbinə Nizaminin deyil, satıcı şirkətin cavab verməli olduğu da tərəfindən məhkəməyə təqdim edildi. Belə olan halda hesab edir ki, iddiaçının Alıcı və Satıcı olan iki ayrı ayrı şirkətlərin mövcudluğu halında ona dəyən ziyanın məhz onların deyil, Nizaminin ödəməli olduğuna dair iddiasının cavabdehə münasibətdə heç bir hüquqi əsası yoxdur. İddiaçı iddia tələbinin əsası kimi yalnız ona görə vəsaiti Nizamidən tələb edir ki, tərəflər Nizaminin vasitəsilə tanış olmuşlar. Halbuki, Mülki hüquq münasibətlərində tərəf olaraq Nizaminin adıçəkilən alqı-satqı müqaviləsi üzrə hər hansı zaminlik, qarantiya və ya əlavə öhdəliyinin olduğuna dair heç bir sənəd, sübut yoxdur. Yalnız iddiaçının ehtimallarla dolu fərziyyələridir ki, hesab edir bu hallara yalnız qanunvericiliyin müddəaları çərçivəsində baxılmalıdır. Hesab etsə belə ki, iddiaçıya bu alqı-satqı ilə bağlı dəyə biləcək hər hansı ziyanla bağlı Nizami nəsə öhdəlik götürübdür, onda yenə bu öhdəliyi özündə təsbit edən normalar baxımından mülki qanunvericilik normaları əsas götürülməlidir. Göründüyü kimi borcun etirafı barədə mücərrəd müqavilə borclunun borcun yaranması üçün əsas olmuş başlıca əqddən ayrılmış şəkildə, həmin əqdin məqsədindən asılı olmayaraq (mücərrəd şəkildə) borcun etiraf edilməsinə dair bağladığı əqddir. Həmin müqavilə əsasında borclunun müqavilədə etiraf edilmiş borcu ödəmək barədə mücərrəd öhdəliyi (yaranma əsasından ayrılmış) yaranır. Bu halda isə iddiaçının Nizamiyə qarşı Polis orqanlarına vermiş olduğu və rədd edildiyi şikayət ərizəsində belə Nizami tərəflər arasında müstəqil surətdə bağlanılan və qarşlıqlı hüquq və vəzifələr daşıyan müqavilədən irəli gələn hər hansı bir öhdəliyin onun tərəfindən icra ediləcəyi ilə bağlı heç bir öhdəlik götürmədiyini qeyd etmişdir. Belə olan halda iddianın Cavabdeh aid hissədə təmin edilməsinə heç bir qanuni və əsaslı halların olmadığını məhkəmənin diqqətinə çatdırır və iddianın əsassız olmasına görə rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan həmçinin görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, əvvəllər meyvə-tərəvəz məhsullarının Rusiya Federasiyasında satışı ilə məşğul olurdu. İddiaçı 2021-ci ilin əvvəllərindən tanıyır. Mübariz də Rusiya Federasiyasının Moskva şəhərində meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olur. 2021-ci ilin əvvəllərində Mübariz ona zəng vurub bildirmişdir ki, hazırda əlində satmaq üçün malı yoxdur, əgər varsa ona pomidor məhsulu göndərsin. Özü də Mübarizə bildirmişdir ki, bir nəfər dostunun orada təxminən 10-11 fura pomidor məhsulu var, onunla görüş mala baxdıqdan sonra razılaşsa götürüb satar. Belə olub dostu Bəşirin əlaqə nömrəsini Mübarizə vermiş, sonradan bilmişdir ki, X3 əlaqə saxlayıb onunla görüşüblər, Mübariz Bəşirin əlində olan pomidor məhsuluna baxıb bəyənib və ondan həmin məhsulları alıb satmaqla yaxşı qazanc əldə etmişdir. Bundan sonra 2021-ci ilin noyabr ayında Mübariz yenə də, ona zəng vurub bildirmişdir ki, əgər keçən dəfəki kimi yaxşı pomidor məhsulu varsa ona göndərsin. Özü də Mübarizə bildirmişdir ki, bir nəfər Türk vətəndaşı olan Hakan adlı tanışı var. Onlar Zirə qəsəbəsində “Novos Agro” şirkətininin istixanasından yaxşı pomidor məhsulları ala bilirlər, onunla danışsın gedib istixanada məhsulların videosunu çəkib atar, əgər bəyənsə alıb göndərər. Mübariz də etiraz etməmişdir. Ona görə də, “Novos Agro” şirkətininin istixanasından daima mal alan Hakanla görüşüb danışmışdır ki, bir nəfər Rusiyada olan Mübariz adlı tanışı pomidor məhsulu istəyir, əgər “Novos Agro” şirkətininin istixanasında varsa gedib baxıb alsınlar. Belə olub Hakan, özü və Hakanın işçisi Cəfər birlikdə “Novos Agro” şirkətininin Zirə qəsəbəsində olan istixanasına gedib baxmışlar. İstixanada olan pomidor məhsulları yaxşı vəziyyətdə görünürdü, videosunu çəkib Mübarizə göndərmiş, Mübariz də baxıb bəyənmiş və bir fura həmin pomidor məhsulundan istəmişdir. Hakan isə “Novos Agro” şirkətininin satış meneceri Arazla danışıb bir fura təxminən 18 tona yaxın həmin pomidor məhsulunu 28.600 ABŞ dollarına razılaşmışdır. Özü də bu barədə Mübarizə demiş, sonuncu bildirmişdir ki, pulu bir neçə günə göndərəcəkdir. Bir neçə gün sonra Mübariz bir nəfər tanımadığı şəxsə 20.000 ABŞ dolları pul göndərmiş, həmin şəxs Hakanın işçisi Cəfərlə birlikdə “Novos Agro” şirkətinin Zirə qəsəbəsində yerləşən ofisinə gedib 20.000 ABŞ dolları ödəniş etmişdir. Daha sonra isə Mübariz geri qalan 8.600 ABŞ dolları pulu dostu Namiqə göndərmiş, sonuncu da pulu Nərimanov rayon ərazisində Gənclik metrostansiyasının yaxınlığında görüşüb ona vermiş, özü isə həmin günü Zirə qəsəbəsində Hakanla görüşüb 8.600 ABŞ dolları pulu “Novos Agro” şirkətinə ödəməsi üçün Hakana vermişdir. Hakan da öz növbəsində həmin pulu qeyd olunan şirkətin Zirə qəsəbəsindəki ofisində şirkətə ödəniş etmişdir. Bundan sonra bir fura pomidor məhsulu Mübarizə, yəni Rusiyaya göndərilmiş, fura çıxmazdan əvvəl Mübarizin təyin etdiyi tanımadığı nümayəndəsi və Cəfər furada məhsula baxıb yoxlamışlar. Bir neçə gün keçdikdən sonra Mübariz ona zəng vurub bildirmişdir ki, məhsul çatıbdır, açıb baxıblar, təxminən 70 faizi xarab olmuş vəziyyətdədir. Eyni zamanda Mübariz ona xarab vəziyyətdə olan məhsulun videosunu göndərmişdir. Lakin, konkret həmin məhsulun neçə faizinin xarab olmasını video ilə təyin etmək mümkün deyildi. Bu barədə Hakana demiş, Hakan isə ona və Mübarizin özü ilə danışıb bildirmişdir ki, uzun yoldur, məhsul xarab ola biləcək məhsuldur, müəyyən səbəblərdən bir hissəsi xarab ola bilər. Məhsuldan nə qədər sata bilərsə satsın, sonra nə qədər ziyanlıq olarsa daha sonrakı sifarişlərində həmin ziyanı aradan qaldırarlar. Bir müddət sonra Mübariz bildirmişdir ki, məhsulu satıbdır, təxminən 25.000 ABŞ dolları dəyərində ziyanlıq olub. Sonradan Mübariz həmin istixananın məhsulundan istəmədi. Başqa yerlərdən pomidor məhsulu tapıb ona göndərə bilmədikləri üçün aralarında bu cür narazılıq yaranmışdır. İş materiallarında olan bir ədəd üzərində Corsair D.K yazısı olan flash kartda olan səs yazıları məhkəmə iclasında dinlənilmiş və həmin səs yazılarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olmasını etiraf edən cavabdeh özünə məxsus səs yazılarında bildirmişdir ki, Mübariz, bəli ziyanlıq etmişəm, lakin qazancı olan kimi ona olan borcunu yavaş-yavaş ödəyəcəkdir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, tərəflər arasında əvvəllər də pomidor alqı-satqısına dair münasibətlər olmuşdur. İddiaçı Cavabdeh pomidor məhsulu almış və buna görə cavabdehə 28.600 ABŞ dolları pul vəsaiti ödəmişdir. Qeyd edilən hallar tərəflərin Nərimanov rayon polis idarəsində iddiaçının cavabdehdən şikayəti əsasında toplanmış materialda da öz əksini tapmışdır. Araşdırma zamanı cavabdeh verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında pomidor alqı-satqısı olmuş, sonuncu dəfə iddiaçı pomidor almaq üçün 28.600 manat pul göndərmiş, lakin göndərilmiş pomidor məhsulu xarab olduğu üçün iddiaçı həmin malı sata bilməmiş 25.00 ABŞ dolları ona ziyan dəymişdir. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, maldan nə qədər sata bilsə satsın, ziyanlıq nə qədər olarsa, sonrakı sifarişlərdə ziyanı aradan qaldırarlar. Lakin başqa yerlərdən pomidor məhsulu tapıb ona göndərə bilmədikləri üçün aralarında hazırki mübahisə yaranmışdır. Hazırda iddiaçı ona dəymiş ziyanın aradan qaldırılmasını, cavabdehdən 25.000 ABŞ dolları pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.10-cu maddəsinə əsasən, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyən 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçının maddi ziyan qismində tələb etdiyi zərər öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində əmələ gələn zərər olmuşdur. Belə olan halda cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın 25000 ABŞ dolları təşkil etməsi və cavabdehin məhkəmədə ziyanın bundan az və ya daha çox olması barədə etiraz bildirmədiyi nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçıya 25000 ABŞ məbləğində maddi zərər dəymişdir. Göründüyü kimi, hazırda tərəflər arasında olan şifahi razılaşmanın lazımınca icra edilməməsi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh özü araşdırma aparılan zaman polisdə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ilə aralarında mal alğı-satqısı olmuşdur. Lakin məhkəmədə onu mübahisələndirir ki, iddiaçı ilə onun arasında hər hansı alğ-satqı münasibətləri olmamış, həmin münasibətlər pomidor məhsulunun satışı ilə məşğul olan üçüncü şəxs və Hakan adlı şəxs arasında olmuş, müvafiq olaraq da iddiaçıya xarab məhsul onun tərəfindən göndərilməmiş, bu səbəbdən də iddiaçıya satıcı şirkət tərəfindən maddi zərər vurulduğunu bildirmişdir. Lakin işin faktiki hallarından müəyyən olunmuşdur ki, iddiaçı məhz cavabdehlə razılıq əldə etmiş və malı da ondan sifariş etmişdir. Cavabdehin isə sifariş verilən malı başqa şəxsdən alması onun dəymiş zərərin əvəzinin ödənilməsindən azad etmir. Həmin zərəri isə həm verdiyi ifadəsində, həm də iddiaçı ilə olan danışıqlarını əks etdirən səs yazılarında aradan qaldıracağını bildirmiş, bundan əlavə çox böyük maddi ziyana düşdüyünü, bacardıqca iddiaçıya dəymiş ziyanı da aradan qaldıracağı vədini vermişdir. Bu baxımdan məhkəməyə təqdim edilən audio (səs) yazılarına münasibətdə ilk növbədə qeyd edilməlidir ki, MPM-in 10.10.-ci maddəsinə görə şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Hazırkı işdə iddiaçı tərəfindən təqdim edilmiş audio (səs) yazıları şəxsi məlumatları əks etdirmədiyindən məhkəmə onların açıq məhkəmə iclasında tədqiq edilməsini mümkün hesab etmişdir. Bu baxımdan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarına münasibətdə məhkəmə bildirir ki, həmin səs yazılarında cavabdehin “mən böyük ziyanlıq etmişəm, uşaqlar sağ olsun köməklik ediblər əkin əkmişəm, orada mənim 50 faiz payım var, oradan nə qazanc çıxacaqsa, sənin pulun veriləcək”, “Mübariz, sağlıq olsun hələ təzə başlamışıq, özün bilirsən də...məndə pul yox idi, dostlarımız pul qoyubdur, yavaş-yavaş satış olsun, xərclərimiz götürüldükdən sonra ortalıqda pul olsun verəcəyik sənə”, “mənim vəziyyətimi bilirsən, mən pulu ancaq birtəhər düzəldib verə bilərəm, oradan satış olacaq mənə düşən qazancdan yavaş-yavaş verəcəm”, “pul olacaq veriləcək, başqa söhbət ola bilməz”. Belə olan təqdirdə iddiaçıya məhz cavabdehin əməlləri nəticəsində maddi zərərin dəyməsinin müəyyən edilməsi məqsədi baxımından istinad edilən səs yazıları sübut qismində əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdehin iddiaçı ilə olan səs yazıları, o cümlədən polis orqanlarında verdiyi izahatları ilə iddia tələbinin dəlilləri öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 217,5 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25.000 (iyirmi beş min) ABŞ dolları maddi ziyana görə pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 217,50 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-749/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-749/2025
18.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver