Məhkəmə qərarları › İş №2(005)-754/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-754/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-754/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər “Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “kompensasiya məbləğinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər “Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankına” qarşı “kompensasiya məbləğinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, 1431,7 (bir min dörd yüz otuz bir manat 70 qəpik) manat məbləğində kompensasiyanın LPO Cavabdeh1 ASC-dən alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə "'Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanmış və həmin Fərmanla banklara vaxtı keçmiş kredit borcları üzrə restruklurizasiya edilməsi, həmin borcların ödənüməsi üçün güzəştli kreditlərin verilməsi, həmçinin vaxiı keçmiş kredit borcları üzrə faiz və cərimələrin silinməsi tövsiyə edilmişdir. İddiaçı da yuxarıda göstərilən Fərmanın icrası çərçivəsində ABŞ dollarının Azərbaycan manatına münasibətdə bahalaşması nəticəsində dəymiş ziyana görə kompensasiya almalı olan şəxslərin tərkibindədir. Lakin iddiaçı tərəfindən iddiaçıya ödəniləcək kompensasiya məbləği yoxlanarkən müəyyən olunmuşdur ki, iddiaçı ödənilməli olan kompensasiyanın məbləği əslində olan məbləğdən xeyli aşağı göstərilmişdir. Belə ki, həmin məlumat bazasında iddiaçı ödənilməli olan kompensasiyanın məbləği cəmi 214,44 manat (95,82+117,61) göstərilmişdir. Halbuki, əslində iddiaçı ödənilməli olan kompensasiya məbləği bundan xeyli artıq, təxminən 1431,7 manat təşkil etməlidir. Belə ki, hal hazırda ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçının arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli nağd pul krediti müqaviləsinə əsasən iddiaçıya, 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikasında birinci devalvasiya baş vermiş və Azərbaycan manatı ABŞ dollarına münasibətdə dəyərini itirərək, məzənnə 1 USD - 1,05 AZN olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3087/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən, həmin kredit müqaviləsi üzrə sonuncu ödəniş 1388 ABŞ dolları məbləğində iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, ABŞ dolları bahalaşdıqdan sonra iddiaçı, hal hazırda ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 3800 ABŞ dolları məbləğində kredit ödənişi etmişdir. Beləliklə, ödədiyi kredit borcuna görə iddiaçıya ümumilikdə 1431,7 (bir min dörd yüz otuz bir) manat 70 qəpik kompensasiya hesablanmalıdır. İddiaçı barədə MKR-də olan məlumatlar da yoxlanıldıqda, iddiaçı tərəfindən aparılan bütün ödənişlər açıq-aşkar görünür və yuxanda qeyd edilən hallar öz təsdiqini tapır. İddiaçı, kompensasiya məbləğinin düzgün hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmiş, lakin Mərkəzi Bankın xx xxxx 2020-ci il tarixli, 26- 10294-2020 nömrəli məktubu ilə iddiaçıya bildirdilər ki, məbləği müəyyən etmək mümkün olmadığı üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan «Cavabdeh1” ASCnin etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “kompensasiya məbləğinin ödənilməsi tələbinə dair” hissədə mülki işin icraataına Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-754/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə xitam verildiyindən, iddia tələbinin Ləğv prosesində olan «Cavabdeh1” ASC-nə qarşı hissədə hüquqi qiymət verilməsini məqbul hesab edir. Belə ki, iş materiallarında olan; xx.xx.2020-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2019-cu il tarixli problemli kreditlərin kompensasiyası haqqında məlumatlardan görünür ki, İddiaçı 533.67 (beş yüz otuz üç manat altmış yeddi qəpik) manat kompensassiya hesablanmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli 26-10294-2020 nömrəli iddiaçıya ünvanlanan məktubun surətində qeyd edilir ki, “fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissənin ödənilməsi mexaniziminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” qaydasına əsasən, devalivasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensassiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Təqdim olunmuş materiallar və məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlər üzrə güzəşt məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Bununla əlaqədar sorğu edilən kredit üzrə güzəşt məbləğinin məhkəmə qərarı ilə müəyyən edilməsinə zərurət yarandığı qeyd edilmişdir. Ləğv prosesində olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixdə **********921 nömrəli məktubun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir, verilmiş kreditin təminatı olaraq X3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Verilmiş kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetrimədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə xx.xx.2015-ci il tarixdə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-3087/2016 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X1 iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 1345.96 ABŞ dolları əsas, 28.74 ABŞ dolları faiz, 14 ABŞ dolları cərimə, cəmi 1388.70 ABŞ dolları və 30.00 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bank tərəfindən İddiaçı məzənnədə güzəşt edilməmiş, qətnamə üzrə İddiaçı tərəfindən ödəniş gününə Mərkəzi Bankın məzənnəsinə müvafiq olaraq 1388.70 ABŞ dolları və 30,00 manat dövlət rüsumu məbləğində ödəniş edilmiş, borc öhdəliyi tam yerinə yetirildiyi və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən, xarici valyutada olan əsas kredit borclarının devalivasiya ilə bağlı manatla artmış hissəsinin qiymətləndirilməsi Əmənatələrin Sığortalanması Fondunun səlahiyyəti xaricində olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə X2 xx xxxx 2019-cu il tarixli ”Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Göründüyü kimi müvafiq Fərmanla ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə X4 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində aydın olur ki, mövcud vəziyyətdə pul məbləğinin ödənilməsi və pul məbləğin həcminin müəyyənləşdirilməsi kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Bununla belə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının onunla 1431,7 (bir min dörd yüz otuz bir) manat 70 qəpik məbləğində kompensassiyanın Ləğv prosesində olan “xxxx” ASC-dən alınaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddia Ləğv prosesində olan “xxxx” ASC-nə qarşı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı “kompensasiya məbləğinin ödənilməsi tələbinə dair” iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar