Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-768/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 aprel 2015-ci il tarixli, İ5-D-2-0-180-15 saylı kredit müqaviləsi üzrə 25650 ABŞ dolları əsas borc, 34136,25 ABŞ dolları faiz borcu, 2768,27 ABŞ dolları cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 7556,06 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə 70110,58 ABŞ dolları borcun, 03 mart 2015-ci il tarixli, 15-D-1-0-158-15 saylı kredit müqaviləsi üzrə 45000 ABŞ dolları əsas borc, 55020 ABŞ dolları faiz borcu, 5347,50 ABŞ dolları cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 13487,50 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, cəmi 118855 ABŞ dolları borcun və ödənilmiş 612 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 aprel 2015-ci il tarixli, İ5-D-2- 0-180-İ5 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 17,5 faizlə 21 ay müddətinə 25650 ABŞ dolları məbləğində kredit, 03 mart 2015-ci il tarixli, 15-D-1-0-158-15 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 16 faizlə 21 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il dekabrın 01-dək Cavabdeh banka 10 aprel 2015-ci il tarixli, 15-D-2-0-180-15 saylı kredit müqaviləsi üzrə 25650 ABŞ dolları əsas borc, 34136,25 ABŞ dolları faiz borcu, 27682,67 ABŞ dolları cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 7556,06 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, cəmi 95024,98 ABŞ dolları borcu vardır. Cavabdeh 10 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 27682,67 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10 % miqdarında olmaqla, yəni 2768,27 ABŞ dolları məbləğində tələb olunur. 2022-ci il dekabrın 01-dək X3 banka 03 mart 2015-ci il tarixli, 15-D-1-0-158-15 saylı kredit müqaviləsi üzrə 45000 ABŞ dolları əsas borc, 55020 ABŞ dolları faiz borcu, 53475 ABŞ dolları cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016 ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 13487,50 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, cəmi 166982,5 ABŞ dolları borcu vardır. Cavabdeh 03 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 53475 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10% miqdarında olmaqla, yəni 5347,50 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borclarını ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, hazırki müqavilənin təminatı olan girov müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmələrdə iş olmuş, iddianın təmin edilməsi barədə qətnaməni qüvvədə saxlayan kassasiya instansiyası məhkəməsinin qərarı 2022-ci ildə qəbul edilmişdir. Hazırda cavabdehin borcu mövcud olduğundan və ödənilmədiyindən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-1-0- 158-15 saylı kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən borc verən "xxxx" İKB ASC borc alan Cavabdeh 21 ay müddətinə, illik 16% hesablanmaqla 45000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; -"xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-2-0- 180-15 saylı kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən borc verən "xxxx" İKB ASC borc alan Cavabdeh 21 ay müddətinə, illik 17.5 % hesablanmaqla 25650 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2022-ci il tarixli, KBD/3042 saylı maliyyə arayışına görə Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 16%-lə 21 ay müddətinə 45000 USD məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixinə Cavabdeh ümumi borcu 166982,5 USD təşkil edir. Əsas borc 45000 ABŞ dolları, faiz borcu 55020 ABŞ dolları, cərimə borcu 53475 ABŞ dolları, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 13487,5 ABŞ dolları; - xx.xx.2022-ci il tarixli, KBD/3043 saylı maliyyə arayışına görə Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 17,5%-lə 21 ay müddətinə 25650 USD məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixinə Cavabdeh ümumi borcu 95024,98 USD təşkil edir. Əsas borc 25650 ABŞ dolları, faiz borcu 34136,25 ABŞ dolları, cərimə borcu 27682,67 ABŞ dolları, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 7556,06 ABŞ dolları; - xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 45000 ABŞ dolları pul verilmişdir; - xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 25650 ABŞ dolları pul verilmişdir; - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli, 15-D-1-0-158-15 saylı və xx.xx.2015ci il tarixli, 15-D-2-0-180-15 saylı kredit müqavilələrinə əsasən Cavabdeh borcunun olması və onun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - xx.xx.2015-xx.xx.2023-cü i tarixləri üçün hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh hesabına kreditin verilməsi təyinatı ilə 45000 ABŞ dolları və 25650 AB dolları məbləğində pul köçürülmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4382 saylı rəyinə əsasən, xx.xx.2015-ci il tarixli, 15-D-2-0-180-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 25650 ABŞ dolları, faiz borcu üzrə 7.855,31 ABŞ dolları (illik 17,5%-lə), əldən çıxmış fayda borcu 7.556,06 ABŞ dolları (illik 5%-lə) olmaqla, ümumilikdə 41.061,38 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 15-D-1-0-158-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022ci il tarixə banka olan borcu əsas borc üzrə 45000 ABŞ dolları, faiz borcu üzrə 11860 ABŞ dolları (illik 16 %-lə), əldən çıxmış fayda borcu 13487,5 ABŞ dolları (illik 5%-lə) olmaqla, ümumilikdə 70.347,50 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ekspertiza xərci 200 manat təşkil edir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 612 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərində tərəflər kredit müqaviləsi bağlamış, müqavilələrə əsasən bank “borclu” Cavabdeh müvafiq olaraq 45000 ABŞ dolları və 25650 ABŞ dolları məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqavilələri girovla təmin edilmiş olsalar da, sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə girov müqavilələri etibarsız hesab olunmuşdur. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək 03 mart 2015-ci il tarixli müqavilə üzrə yaranmış əsas borca görə 45000 ABŞ dolları, faiz borcuna görə 55020 ABŞ dolları, cərimə borcuna görə 5347,50 ABŞ dolları, müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 13487,50 ABŞ dolları olmaqla, cəmi 118855 ABŞ dolları, xx.xx.2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 25650 ABŞ dolları, faiz borcuna görə 34136,25 ABŞ dolları, cərimə borcuna görə 2768,27 ABŞ dolları, müqavilənin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 7556,06 ABŞ dolları olmaqla, cəmi 70110,58 ABŞ dolları pulun, ümumilikdə 118855 ABŞ dolları pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə (mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyaya) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və bank tərəfindən cavabdehə hər biri 21 ay müddətinə olmaqla, illik 16 və 17.5 faiz olmaqla 45000 və 25650 ABŞ dolları məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqavilələri, maliyyə arayışları, hesabdan çıxarış, kassa məxaric orderləri ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqavilələri üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Əsas və faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə xx.xx.2015-ci il tarixli müqavilə üzrə əsas borc 45000 ABŞ dolları, faiz borcu 11860 ABŞ dolları (illik 16 faizlə), əldən çıxmış fayda 13487,5 ABŞ Dolları (illik 5 faizlə), xx.xx.2015-ci il tarixli müqavilə üzrə əsas borc 25650 ABŞ dolları, faiz borcu 7855,31 ABŞ dolları (illik 17.5 faizlə), əldən çıxmış fayda 7556,06 ABŞ dolları (illik 5 faizlə) müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borca görə iddia ərizəsində tələb edilən məbləğdə, yəni xx.xx.2015-ci il tarixli müqavilə üzrə 45000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 25650 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul cavabdehdən tutulmalıdır. Faiz borcu ilə əlaqədar isə məhkəmə hesab edir ki, faiz borcuna görə ekspert rəyində göstərilən məbləğ, yəni xx.xx.2015-ci il tarixli müqavilə üzrə 11860 ABŞ dolları, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 7855,31 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul cavabdehdən tutulmalıdır. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcuna görə cavabdehdən xx.xx.2015-ci il tarixli müqavilə üzrə 13487,5 ABŞ Dolları, xx.xx.2015-ci il tarixli müqavilə 7556,06 ABŞ Dolları pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, eksert rəyi ilə iddia ərizəsində göstərilən məbləğlər eynidir. Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2015-ci il tarixli müqavilə üzrə 500 ABŞ dolları, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 300 ABŞ dolları məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 mart 2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 45000 ABŞ dolları, faiz borcuna görə 11860 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları olmaqla, cəmi 70847,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 25650 ABŞ dolları, faiz borcuna görə 7855,31 ABŞ dolları, cərimə borcuna görə 300 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları olmaqla, cəmi 41361,37 ABŞ dolları, ümumilikdə 112208,87 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 612 manat pulun 363 manatı tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 120 manatı Cavabdeh, 80 manatı İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 mart 2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 45000 ABŞ dolları, faiz borcuna görə 11860 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları olmaqla, cəmi 70847,5 ABŞ dolları (yetmiş min səkkiz yüz qırx yeddi dollar, əlli sent), 10 aprel 2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 25650 ABŞ dolları, faiz borcuna görə 7855,31 ABŞ dolları, cərimə borcuna görə 300 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları olmaqla, cəmi 41361,37 (qırx bir min üç yüz altmış bir dollar, otuz yeddi sent) ABŞ dolları, ümumilikdə 112208,87 (yüz on iki min iki yüz səkkiz dollar, səksən yeddi sent) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 612 manat pulun 363 (üç yüz altmış üç) manatı tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 120 (yüz iyirmi) manatı Cavabdeh, 80 (səksən) manatı İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-768/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-768/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver