Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-77/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və "xxxx" ASC-nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər:maddi ziyan; ekspert rəyi; sığorta hadisəsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbinin və onun dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 77, M5, 1 saylı mənzil onun mülkiyyətindədir. X5 Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14,01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış təsdiq edir. Həmçinin mülkiyyətində olan mənzil xx.xx.2023-cü il tarixindən 23,07.2024-cü il tarixinədək RAT ********** nömrəli sığorta müqaviləsi ilə ‘Atəşgah Sığorta'' ASC-də sığortalanmışdır. 2023-cü ilin sentyabrın 11-də üst mərtəbədə yaşayan Cavabdeh1 məxsus olan mənzildən onun mənzilinə su axıdılmışdır. Su axıdılmasının nəticəsində mənzilinə xeyli ziyan dəymiş ve mənzildə olan mebel və əşyalar yararsız hala düşmüşdür Su axma faktı “MTK-REAL"MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 61 nömrəli arayışla və çəkilmiş fotoşəkillərlə təsdiq edilir. Su axma faktı sığorta hadisəsi hesab edildiyindən tərəfindən "xxxx" ASC-yə müraciət edilmiş və tələb olunan sənədlər təqdim edilmişdir. Bundan sonra sığorta şirkətinin əməkdaşları tərəfindən mənzilə baxış keçirdi. Daha sonra "Atəşgah Sığorta” ASC-dən iddiaçıya məlumat verildi ki, mənziliə dəymiş zərərin məbləği 500 manat təşkil edir. Həmin məbləğlə razı olmadığı üçün öz etirazını bildirdi və bundan sonra mənzilinə yenidən baxış keçirildi və '‘qiymətləndirmə şirkəti tərəfindən dəymiş zərərin məbləği hesablanaraq sığorta şirkətinə təqdim olunduqdan sonra onunla əlaqə saxlanılacaq” bildirilmişdir. Bu dəfə onunla əlaqə saxlanıldıqda ona məlumat verildi ki, mənzilinə dəymiş zərərin məbləği 2012 manat təşkil edir. Təkrarən "Atəşgah Sığorta” ASC-də olmuş və ona "xxxx" MMC-nin rəyi təqdim olunmuşdur. Həmin ekspert rəyinə diqqət yetirdikdə məlum oldu ki, hesablanmış mal-materialın qiyməti bazar qiymətlərindəın bir neçə dəfə az göstərilmişdir, ümumiyyətlə bu rəydə hansı illərin qiymətlərinə əsaslandığı bəlli deyildir (misal üçün parketin qiyməti 18 manat göstərilməsidir). Təqdim edilmiş ekspert rəyi qeyri-real olduğundan özü Azərbaycanda tanınmış qiymətləndirmə şirkəti olan “Əmlak Ekspert Mərkəzi" MMC-yə müraciət etmişdir. “Əmlak Ekspert Mərkəzi" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ƏEM/S-102-811/23 nömrəli hesabata əsasən mənzilin təmir-bərpasına çəkiləcək xərcin məbləği 9100,90 manat və suaxıdılma nəticəsində yararsız hala düşmüş mebel və əşyaların təmir bərpasına çəkiləcək xərcin məbləği 7200 manat təşkil edir. "xxxx" MMC-nin hesabatını "Atəşgah Sığorta” ASC-yə təqdim etsə də, ona bildirilmişdir ki, narazı qaldığı halda Mərkəzi Banka və məhkəməyə müraciət edə bilər. Hesab edir ki, “məhkəməyə müraciət edə bilərsən" kimi ifadə işlədərək sığorta şirkəti öz vəzifəsini yerinə yetirməkdən imtina edir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “İcbari sığortalar haqqında" və “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığorta şirkətinin vəzifəsidir. Eyni zamanda hesab edir ki, yararsız hala düşmüş mebel və əşyalar sığortalanmadığı üçün dəymiş zərər digər cavabdeh X2 tutulmalıdır. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixində su axma nəticəsində İddiaçı əmlakına dəymiş 16300,90 manat məbləğində ziyanın 9100,90 manatının cavabdeh "xxxx" ASC-dən, 7.200 manatının isə cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi, habelə mülki işin məhkəmədə baxılması üçün dövlət rüsumu qismində ödənilmiş 138,90 manat məbləğində pulun cavabdehlerdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC-nin etirazı və onun dəlilləri Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən iddiaçıya məxsus Cavabdeh2 Sığorta Şirkətinə qarşı iddiası əsassızdır və təmin edilə bilməz. İş materiallarına əsasən, iddiaçıya məxsus mənzil RAT ********** nömrəli sığorta müqaviləsi ilə Cavabdeh2 Sığoeta Şirkətində daşınmaz əmlakın icbari sığortası növü üzrə sığortalanmışdır. İşin təfərrüatlarına əsasən, 11 sentyabr 2023-cü il tarixində binanın 4-cü mərtəbəsində yerləşən iddiaçıya məxsus olan mənzilə, 11-ci mərtəbədə yerləşən Cavabdeh1 mülkiyyətində olan mənzildən su sızmışdır. Hadisə nəticəsində mənzilə və əşyalara ziyan dəymişdir. Hadisədən sonra sığortaçı tərəfindən mənzilə baxış keçirilmişdir ancaq iddiaçı zərər məbləği ilə razılaşmadığı üçün onun razılığına əsasən zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi həyata keçirilmişdir. Müstəqil ekspert zərər məbləğini 2012 manat məbləğində müəyyən etmişdir. İddiaçı müstəqil ekspert rəyi ilə də razılaşmamış “X3” tərəfindən tərtib edilən qüsur aktını təqdim etmişdir. Həmin qüsur aktına əsasən mənzilin təmir-bərpa xərci əsassız artırılmış, 9100,90 manat məbləğində göstərilmişdir. Sığorta şirkətinin müəyyən etdiyi məbləğ, müstəqil ekspert tərəfindən müəyyən edilən məbləğ və iddiaçının özünün müəyyən etdiyi məbləğ arasında əhəmiyyətli rəqəm fərqləri vardır. Belə ki, Əmlak Ekspert Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktında parket, divar kağızları qiymətləri, usta haqları, ümumiyyətlə materiallar və təmir-bərpa xərcləri əsassız artırılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilər. Məhkəmə prosesi iştirakçılarının izahatları Məhkəmə prosesində iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Eyni zamnada cavabdh Cavabdeh2 Sığorta Şirkəti ASC elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq sonuncu məhkəmə ekspertizasının zərər məbləğinin 5410 manat həddində olması barədə rəy ilə razı olduğunu bildirmişdir. Digər Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq sonuncu ekspert rəyi ilə razı olmadığını bildirmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 206,50 m2 sahəsi olan mənzil İddiaçı tam mülkiyyətindədir. “MTK-REAL"MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 61 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 21-də yerləşən 1-ci korpus blok 2A, 6-cı mərtəbədə yerləşən X4 məxsus 12-ci mənzildə ( Yeni qayda ilə: Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 77, M6m.) su xəttində baş verən qəza nəticəsində 11,09.2023-cü il tarixdə həmin binanın 5-ci mərtəbəsində İddiaçı məxsus 9 saylı mənzilə(Yeni qayda ilə: Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 77, M5.m1) küllü miqdarda ziyan dəymişdir. "xxxx" MMC tərəfindən tətib edilmiş xx.xx.2023-cü il tarixli ƏEM/S 102-811/23 saylı hesabatdan görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 5 yeni qaydalarla: Az1007, ünvan 3 ünvanında yerləşən mənzilə suaxıdılma nəticəsində zərər dəymiş əşyaların və mənzilin təmir-bərpasına (işçilik və material xərci daxil olmaqla) çəkiləcək xərcin məbləği xx.xx.2023-cü il tarixinə mənzilin təmir-bərpasına (işçilik və material xərci daxil olmaqla) çəkiləcək xərcin məbləği 9100,90 manat, suaxıdılma nəticəsində yararsız hala düşmüş mebel və əşyaların təmir bərpasına çəkiləcək xərcin məbləği 7200 manat təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinə ünvanlanmış şikayət ərizəsindən görünür ki, iddiaçı qeyd edilən faktlara əsasən ona vurulmuş 9100,90 manat ziyanın ödənilməsi üçün "xxxx" ASC-nə müvafiq göstəriş verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin "xxxx" ASC-nə ünvanladığı xx.xx.2023-cü il tarixli №01\02-471 ATS nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka yuxarı qonşudan su axması nəticəsində dəymiş zərərin həcmi 2012 (iki min on iki) manat müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş AR ƏN MEM tərəfindən keçirilmiş mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının 3-16- 16/2-10/10007-9/10132 saylı, xx.xx.2024-cü il tarixli rəyindən də görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 77 saylı binanın, 5-ci mərtəbəsində yerləşən 1 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5410,0 manat, ekspert baxışına təqdim olunmuş mebellərin təmir və bərpa xərcinin orta bazar qiyməti təxminən 950 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş AR ƏN MEM tərəfindən keçirilmiş təkrar mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının 3-16-16/2-10/5214-9/5452 saylı, xx.xx.2024-cü il tarixli rəyindən də görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 77 saylı binanın, 5-ci mərtəbəsində yerləşən 1 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5410,0 manat, ekspet baxışına təqdim olunmuş mebellərə dəymiş ziyanın aradan qaldırılması (təmir məqsədəuyğun sayılmır, yenisi ilə əvəz edilməsi) ilə bağlı dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4700,00 manat məbləğində müəyyən edilmişdir. Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı Nizami qızına məxsus ünvan 6 ünvanında yerləşən mənzil Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. Şəhadətnamənin №-si RAT**********; qüvvəyə minmə tarixi 2027-07-14; qüvvədən düşəma tarixi 2024-07-14; sığorta məbləği 25000; azadolma məbləği 250 manatdır. Tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: ...935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari Sığortalar haqqında” Qanun: 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri.Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. İşə baxan məhkəmənin mövqeyi Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Əmlak Ekspert Mərkəzi MMC-nin 28 sentyabr 2023cü il tarixli hesabatına əsasən mənzilin təmir tikinti xərcləri üçün 9100,90 manat; mebel və əşyaların təmir-bərpa xərcləri 7200 manat; 22 may 2024-cü il tarixli AR ƏN MEM-in ekspert rəyinə əsasən mənzilin təmir tikinti xərcləri üçün 5410 manat, mebel və əşyaların təmir-bərpa xərclərinə 910 manat; 26 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən mənzilin təmir tikinti xərcləri üçün 5410 manat, mebel və əşyaların təmir-bərpa xərcləri 4700 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin mənzilin təmir tikinti xərcləri hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 AS arasında icbari sığorta müqaviləsi bağlandığından və susızma qismində sığorta hadisəsi baş verdiyindən, iddiaçı mənzilə dəymiş təmir tikinti xərclərini cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı iddia ərizəsində "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına istinad edərək mənzilin təmir-tikinti xərcləri 9100,90 manat məbləğində qiymətləndirsə də, mülki işin materiallarında olan hər iki ekspert rəyi ilə bu məbləğin 5410 manat olduğu müəyyənləşdirilmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən pulun məbləği ilə razılaşmır. Belə ki, mülki iş üzrə icraat zamanı iki dəfə məhkəmə tikinti-texnikivə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyləri ilə mənzilin təmir tikinti xərclərinin iddia ərizəsində tələb edilən məbləğdən əhəmiyyətli dərəcədə az olduğu müəyyən edilmişdir. Ekspert rəyinin sübut kimi qəbul edilməsinə mane olan hər hansı əsas müəyyən edilməmişdir. Odur ki məhkəmə mənzilin təmir – tikinti xərcləri hissəsinin ekspert rəyində qeyd edilən məbləğdə - 5410 manat qəbul edilməsini məqsədəmüvafiq hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Şərh edilənlərə əsasən, məhkəmə iddia tələbi bu hissədə qismən təmin edilmədli və Cavabdeh2 ASC-dən ekspert rəyi ilə müəyyən edilmiş (5410 manat) məbləğdən azadolma məbləği çıxıldıqdan sonra qalan (5410-250=5160) 5160 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin Cavabdeh1 qarşı olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hər iki ekspert rəyində cavabdehə məxsus mənzilə baxış keçirməyin mümkün olmadığı qeyd edilib. Eyni zamanda ekspert həm mülki işin materiallarında olan "xxxx" MTK-nın sədrinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli AKT-a, həm də tədqiq edilən 1 saylı mənzilin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakrterik olduğunu nəzərə alaraq Bakı şəhəri Nərimanov Rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 77 saylı binanın, 5-ci mərtəbəsində yerləşən 1saylı mənziləhəmin mənzilin üst mərtəbəsində yerləşən 1saylı mənzildən su axıdıldığını və nəticədə v’ saylı mənzilin yaşayış otaqları tikililərinə ziyan vurduğunu müəyyən etmişdir.Su axıdılmasının 1 saylı mənzildin su xətlərində yaranmış nasazlıq və ya mənzil sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Mülki işin materiallarında olan iki ekspert rəyində mebelə dəymiş ziyanın məbləğində kifayət qədər fərq mövcuddur. Belə ki, birinci ekspert rəyində bu məbləğ 950 manat, ikinci ekspert rəyində isə 4700 manat məbləğində müəyyənləşdirilmişdir. Cavabdeh1 vəkili və nümayəndəsinin izahatlarından görünür ki, cavabdeh tərəf ilk ekspertizanın rəyi ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş, 26 sentyabr 2024-cü il tarixli ekspertiza rəyindəqeyd edilmişdir ki, ekspert baxışına təqdim edilmiş mebellərə dəymiş ziyanın aradan qaldırılması )təmiri məqsədəuyğun sayılmır, yenisi ilə əvəz edilməsi) ilə bağlı dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi bazar qiyməti 4700 manat müəyyən edilir. Eyni zamanda ekspert rəyində göstərilmişdir ki, ilkin ekspertiza rəyinin nəticəsi ilə kəskin fərq yaranmasına səbəb ekspert baxışına təqdim edilmiş əşyaların miqdarı ilə əlaqədardır. Məhkəmə sonuncu ekspert rəyinin nəticəsi ilə razılaşır və hesab edir ki, ziyan dəymiş mebellərin natamam təqdim edilməsi və təmirinin məqsədəmüvafiq sayılmadığı halda, cavabdehdən təmir xərcinin tutulması ədalətli mövqe hesab edilə bilməz. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus mənzildən su sızması müəyyən edildiyindən, suyun axıdılmasının nəticəsində iddiaçıya dəymiş 4700,00 manat məbləğində ziyanın əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə həmçinin iddianın 138,90 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumundan 84 manatı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutulmalı, rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 5160,0 manat məbləğində pul və Cavabdeh1 4700,00 manat məbləğində pul, həmçinin ödənilmiş dövlət rüsumunun 84 manatlıq hissəsi tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, eksperiza tədqiqatlarının dəyəri 200,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatlarının dəyəri olaraq 200,0 manat məbləğində pul vəsaitinin 80 manatı İddiaçı, 120 manatı isə cavadehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş maddi ziyana görə 4700,00 (dörd min yeddi yüz) manat və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən sığorta müqaviləsi üzrə öhdəliyə görə 5160,0 (beş min yüz altmış) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 84 (səksən dörd) manatı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada İddiaçı xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 200,0 manat məbləğində pul vəsaitinin 80 (yetmiş beş) manatı İddiaçı, 120 (yüz iyirm) manatı isə Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-77/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-77/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver