Məhkəmə qərarları › İş №2(005)-78/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-78/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-78/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı Qarayev Ramil Kamil oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qarayev Ramil Kamil oğlu cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, artıq ödənilmiş 1137,02 (min yüz otuz yeddi manat iki qəpik) manat məbləğində pulun və 32 (otuz iki) manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 25 may 2013-cü il tarixli, CC101263U/13A saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh "xxxx" ASC iddiaçıya 3000 AZN məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müəyyən səbəblərdən iddiaçının borcunu ödəməsində gecikmələr baş vermişdir. Bunun nəticəsində "xxxx" ASC Nizami Rayon Məhkəməsinə müraciət etmiş və Bankın müraciəti əsasında Nizami Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(007)-1043/2017 saylı məhkəmə əmri ilə iddia təmin edilmişdir. İddiaçının həmin məhkəmə əmrindən xəbəri olmamışdır. Sonradan iddiaçı bilmişdir ki, onun əmək haqqından davamlı olaraq tutulmalar baş vermişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul olunmuşdur. Həmin Fərmana əsasən iddiaçıya 6087,11 manat kompensasiya məbləği hesablanmışdır. Mərkəzi Bank tərəfindən verilmiş izahlı sənəddən də görünür ki, "xxxx" ASC ilə iddiaçının bağladığı kredit müqaviləsi ilə əlaqədar kompensasiya verilməsi nəzərdə tutulmuşdur. 01 mart 2019-cu il tarixə "xxxx" ASC-yə olan qalıq borcunun məbləğinin 1016.36 manat olduğu qeyd olunmuşdur. İddiaçının hesabından çıxarışa baxdıqda bir daha sübut olunur ki, iddiaçıdan 06 mart 2019-cu ildən 07 dekabr 2021-ci il tarixə kimi artıq olaraq 2153,38 manat pul tutulmuşdur. İddiaçı bildirir ki, icra məmuruna müraciət etdiyi zaman bu ödənişlərin ondan artıq tutulduğunu icra məmuru da təsdiq edərək bu barədə banka müraciət etməli olduğunu məsləhət gördü. Banka müraciət etdiyi zaman isə Bank tərəfindən cavab məktubu ilə hesablamanın düzgün aparıldığı bildirilmişdir. İddiaçı qeyd edir ki, Bankın ona verdiyi cavab məktubu ilə razılaşmır. Hesabdan çıxarışdan da mübahisəsiz qaydada müəyyən olunur ki, 2019-cu ilin mart ayından etibarən iddiaçıdan 1016,36 manat pulun tutulmalı olduğu təqdirdə artıq olaraq 1137,02 manat pul tutularaq cavabdeh "xxxx" ASC-yə ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Qarayev Ramil Kamil oğlu ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 25 may 2013-cü il tarixli, CC101263U/13A saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Qarayev Ramil Kamil oğluna 3000 AZN məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissə (izahlı)” barədə rəsmi portaldan əldə edilmiş çıxarışdan görünür ki, Qarayev Ramil Kamil oğlunun "xxxx" ASC-yə 01 mart 2019-cu il tarixinə əsas kredit borcu 1540.12 manat, borcun azaldılmasına yönəldilən məbləğ 523.76 manat, qalıq borcunun 1016.36 manat verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Qarayev Ramil Kamil oğluna 6087,11 manat kompensasiya məbləği hesablanmışdır. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli hesabdan çıxarış məlumatlarından məlum olur ki, Qarayev Ramil Kamil oğlu xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasında "xxxx" ASC-yə 2153.38 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MXD-339/22 nömrəli arayışdan görünür ki, Qarayev Ramil Kamil oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, CC101263U saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1737.07 manat ödəniş edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin Qarayev Ramil Kamil oğluna və "xxxx" QSCyə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, borclu Qarayev Ramil Kamil oğlunun əmək haqqından icra vərəqəsi üzrə olan borc bitənədək hər ay 50 % tutulub tələbkarın hesabına köçürülməsi xahiş olunmuş, borclu Qarayev Ramil Kamil oğlunun xx.xx.2020-ci il tarixədək qalan borcunun 1584.82 manat təşkil etdiyi bildirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(007)- 1043/2017 saylı məhkəmə əmrinə əsasən, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda qeydiyyatda olan Qarayev Ramil Kamil oğlundan 1540.12 manat əsas, 993.68 manat faiz borcunun, cəmi 2533.8 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(007)-2344/2017 saylı məhkəmə əmrinə əsasən, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda qeydiyyatda olan Qarayev Ramil Kamil oğlundan "xxxx" ASC-nin xeyrinə 1003.29 manat əsas, 694.06 manat faiz borcunun, cəmi 1697.35 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/563 nömrəli ekspert rəyinə əsasən, 25 may 2013-cü il tarixli, CC101263U/13A saylı kredit müqaviləsində qeyd olunan şərtər nəzərə alınaraq, Qarayev Ramil Kamil oğlunun olan borcu tam ödənildiyi və 310.66 manat məbləğində artıq ödəniş müəyyən olunur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3733 nömrəli ekspert rəyinə əsasən, 25 may 2013-cü il tarixli, CC101263U/13A saylı kredit müqaviləsində qeyd olunan şərtər nəzərə alınaraq, Qarayev Ramil Kamil oğlunun olan borcu tam ödənildiyi və 310.66 manat məbləğində artıq ödəniş müəyyən olunur. Qarayev Ramil Kamil oğlu tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək cəmi 2153.38 manat ödəniş edilmişdir, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Qarayev Ramil Kamil oğlunun 310.66 manat artıq ödənişi müəyyən olunub. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7180 nömrəli ekspert rəyinə əsasən, Bakı Şəhər Nizami rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli məhkəmə əmri ilə təsdiqlənmiş borc məbləği üzrə iddiaçı Qarayev Ramil Kamil oğlu tərəfindən xx.xx.2019-cu il ildən xx.xx.2021-ci il tarixlərində aparılmış ödəmələr 2253,38 AZN məbləğində müəyən edilir. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 13 yanvar 2017ci il tarixli məhkəmə əmri ilə təsdiqlənmiş borc məbləği üzrə iddiaçı Qarayev Ramil Kamil oğlunun ümumilikdə ödəmələri 2340,83 AZN məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 25 may 2013-cü il tarixli, CC101263U/13A saylı kredit müqaviləsi bağlanmış, cavabdeh "xxxx" ASC iddiaçıya 3000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı Qarayev Ramil Kamil oğlu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, "xxxx" ASC borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(007)-1043/2017 saylı məhkəmə əmri ilə Qarayev Ramil Kamil oğlundan 1540.12 manat əsas, 993.68 manat faiz borcunun, cəmi 2533.8 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7180 nömrəli ekspert rəyi ilə həmin məhkəmə əmri ilə təsdiqlənmiş borc məbləği üzrə iddiaçı Qarayev Ramil Kamil oğlunun ümumilikdə ödəmələri 2340,83 manat məbləğində olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı Qarayev Ramil Kamil oğlu "xxxx" ASC-yə olan qalıq borc məbləğinin 1016.36 manat olduğu halda, cavabdeh Banka 2153,38 manat ödəniş etdiyini, artıq ödənilən 1137,02 manat pul məbləğinin cavabdehdən geri alınmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir; 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki iş materiallarında olan rəsmi portaldan əldə edilmiş çıxarışdan müəyyən edilir ki, iddiaçının xx.xx.2019-cu il tarixinə əsas kredit borcu 1540,12 manat, borcun azadolmasına yönəldilən məbləğ 523,16 manat təşkil etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(007)-1043/2017 saylı məhkəmə əmrinə əsasən Qarayev Ramil Kamil oğlundan 1540.12 manat əsas, 993.68 manat faiz borcunun, cəmi 2533.8 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət olunmuşdur. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7180 nömrəli ekspert rəyinə əsasən 13 yanvar 2017-ci il tarixli məhkəmə əmri ilə təsdiqlənmiş borc məbləği üzrə iddiaçı Qarayev Ramil Kamil oğlunun ümumilikdə ödəmələri 2340,83 AZN məbləğində müəyyən edilmişdir. Məhkəmə əmri üzrə tələb olunan borc məbləğinin restrukturizasiya olunmasına dair hər hansı faktiki hal isə müəyyən olunmamışdır. Yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etmişdir. Lakin hazırda iddiaçının mübahisələndirdiyi halla bağlı qeyd olunmalıdır ki, qeyd olunan məhkəmə əmri üzrə yaranmış borcun restrukturizasiyası ilə bağlı təklifin olması müəyyən edilmədiyindən, onun tərəfindən cavabdeh banka 1137,02 manat pulun artıq ödənilməsi də öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Yuxarıda qeyd olunanların kontekstində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia tələbində qeyd olunan 1137,02 manat məbləğində pulun artıq ödənilməsi sübut olunmamışdır. Belə ki, iddia ərizəsinin dəlillərində göstərilən müvafiq borcun Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması da iş materialları ilə müəyyən olunmur. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı Qarayev Ramil Kamil oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa ekspertiza xərci olan 100 manat iddiaçıdan tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qarayev Ramil Kamil oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan iddiaçı Qarayev Ramil Kamil oğlundan tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar